“Çay evlərində yüksək faizli plastik kart paylayan banklar müflisləşməli idi”
Bu gün Bakıda "Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər" mövzusunda bank forumu işə başlayıb.
Xeberinfo.com: Məlumata görə, bu haqda fikir bildirən iqtisadçı Vüqar Bayramov deyib ki, Foruma müstəqil iqtisadçıların da dəvət edilməsi müsbət haldır. Lakin məruzəçilərin yalnız dövlət və maliyyə-bank sektorunu təmsil etməsi diqqəti çəkir:
“Halbuki, müstəqil məruzə, bankirlərə iqtisadçıların kənar qiymətləndirməsi ilə problemlərini müzakirə imkanı yarada bilərdi. Hazırda bank sektorunun daxili qiymətləndirmə ilə yanaşı və bəlkə də daha çox kənar dəyərləndirmələrə ehtiyacı var. Çünki bu sektorun problemləri kənardan daha yaxşı görünür.
Bank sektoru iqtisadiyyatın mühərrikidir və bu sistemin sağlamlaşdırılmasına ehtiyac var. Forumda bank sektoruna təsir baxımdan ən çox qeyd edilən məsələ təbii ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsi və milli valyutanın devalvasiyası oldu”.
Manat devalvasiyası uğramasaydı və ya neftin qiyməti aşağı düşməsəydi bank sektorunda mövcud problemlər olmayacaqdımı?
V.Bayramov birmənalı şəkildə deyib ki, neft bumu dövründə bank menecmentində buraxılan səhvlər və “yüksək faizlə daha çox gəlir əldə etmək istəyi” hətta neftin qiyməti aşağı düşməsəydi belə, bu sektorda ciddi problemlər yaradacaqdı:
“Neftin qiymətinin yüksək olduğu dövrlərdə bu siqnallar və mesajlar var idi. Sadəcə, Mərkəzi Bank öz işini bu siqnallar üzərində qurmadı. Neftin qiymətinin yüksək olduğu dövrdə də problemli kreditlərin və aktivlərin həcmi, demək olar, hər il əvvəlki ilə nisbətən artırırdı. Kredit götürənlər pramida prinsipi ilə borclarını bağlayıb daha böyük borclanmaya gedirdilər.
Bu ciddi və görünən siqnallar idi. 2012-ci idə yazdığım kimi, “ödəmə qabiliyyətini yoxlamadan çay evlərində yüksək faizli plastik kartlar paylayan banklar” gec-tez müflisləşmə təhlükəsi ilə üz-üzə qalacaqlar və təəssüf ki, qaldılar.
İndi isə bankların sağlamlaşdırılması üçün problemli aktivlərlə (toxic assets) yeni proqramın qəbul edilməsindən və onların yenidən strukturzasiyasını aparılması vacibdir. Bütövlükdə, banklar iqtisadi çətinliklərdən qurtulmaq istəyirlərsə, menecemetlərini təkmilləşdirməlidirlər, şəffaf və hesabatlı olmalıdırlar və ən əsası müştəri və hətta ilə kredit borcunu qayatara bilməyənlərlə hədə deyil, təşviqedici dildə danışmağa öyrəşməlidirlər”.