Zərərlə işləyən banklar və problemli kreditlər
Ölkədə fəaliyyət göstərən 31 bankdan 12-si bu ilin yanvar-sentyabr aylarını zərərlə başa vurub. Zərərin ən yüksək həddi "Access Bank"da (48,298 milyon manat), ən aşağı həddi isə Pakistan Milli Bankının Bakı filialında (106 min manat) qeydə alınıb. Qeyd edək ki, bank sektorunun sağlamlaşdırılması prosesi çərçivəsində daha bir neçə bankın bağlanacağı istisna edilmir
Yenixeber.org: İqtisadçı-ekspert Vüqar Bayramov açıqlamasında bildirdi ki, belə bankların sağlamlaşdırılması və konsolidasiya prosesinin dəstəklənməsi mütləqdir.
Onun sözlərinə görə, artıq öz funksiyalarını tam və ya qismən yerinə yetirə bilməyən bankların sayı artır: "Bütövlükdə 8 bankın sağlamlaşdırılmasına ehtiyac var".
V.Bayramovun fikrincə, problemli kreditlər və aktivlər dövlət tərəfindən alınaraq sağlamlaşdırılmalıdır: "Belə ki, qlobal maliyyə böhranından sonra, 2008-ci ildə ABŞ-da İqtisadiyyatın Stabilləşməsi üzrə Fövqalədə Akt və buna uyğun olaraq da Problemli Aktivlərin Sağlamlaşdırılması Proqramı (TARP) qəbul edildi. 426 milyard dolların xərcləndiyi bu proqramda əsas məqsəd problemi aktivlərin satın alınması və sağlamlaşdırılması oldu. Təbii ki, proqramın aktivlərin qiymətləndirilməsi, onların səhmləşdirilməsi kimi inzibati problemləri olsa da, bütövlükdə sözügedən təşəbbüs uğurlu oldu. Bu baxımdan, Azərbaycanda da Problemli Kreditlərin Sağlamlaşdırılması Proqramının (PKSP) qəbul edilməsi vacibdir. Bu proqram çərçivəsində kreditlərin re-strukturuzasiyasının aparılması, onların dövlət tərəfindən satın alınaraq səhmləşdirilməsi və bazara çıxarılması, o cümlədən yeni güzəşt mexanizmlərinin müəyyələşdirilməsi mümkündür".
Qeyd edək ki, bu il noyabrın 1-nə banklarda vaxtı keçmiş kreditlərin həcmi 1 889,6 mln. manat təşkil edib. Bu, oktyabrın 1-i ilə müqayisədə 32,5 mln. manat və yaxud 1,75% çoxdur. Onu da nəzərə çatdıraq ki, ilin əvvəlindən bank kreditlərinin həcmi 26,6 % azalıb. Hesabat dövründə, yəni oktyabrda azalma 253 milyon manat və ya 2,1 % olub. Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 15,55% təşkil edib.