Oliqarxların Beynəlxalq Banka borcu silinib - ŞOK İDDİA
Natiq Cəfərli: “Məmur-oliqarxlara, onların yaxınlarına verilən kreditlər bağışlanıb”
Xeberinfo.com: Beynəlxalq Bankın borcları ötürülür. Ekspertlər bunu silinmə kimi dəyərləndirirlər və bunu bankın özəlləşdirilməyə hazırlanması ilə izah edirlər. Səbəblər isə çoxdur. Bankın cari ilin I yarısına aid konsolidasiya edilmiş audit hesabatında bildirilir ki, 2016-cı ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC-yə ötürülməsinin birinci mərhələsi uğurla başa çatıb. Audit “Deloitte” şirkəti tərəfindən aparılıb. Məlumatda bildirilir ki, birinci mərhələ çərçivəsində bankın balansından çıxarılan problemli aktivlərin həcmi 9 milyard 930 milyon manat həcmindədir.
Qeyd edilib ki, I mərhələdə bankın balansından çıxarılan problemli aktivlərin mütləq əksəriyyəti xarici valyutada olanlardır. “Hazırda ikinci mərhələnin aparılması müzakirə olunur. Bu prosesin 2016-cı ilin II yarısı- 2017-ci ilin I yarısında tamamlanması planlaşdırılır” deyə, sənəddə qeyd edilib.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı bildirib ki, hökumət Beynəlxalq Bankı “təmizləyir” ki, sonra sata, özəlləşdirə bilsin: “Bankın geri qayıtmayan problemlı kreditlərini ”Aqrokredit" adlı bir quruma ötürür, açıq desək, pulları orada basdırır, kreditləri silir, borcları ləğv edir. “Aqrokredit”ə ötürülən kreditlər batdı, bir daha o pullar dirilməyəcək. Tək bir ildə bankdan 10 milyard kredit silinib, yəni məmur-oliqarxlara, onların yaxınlarına zənglə, tapşırıqla, bəzən “şapka” ilə verilən kreditlər onlara bağışlanıb, pullar yeyilib, üstündən də su içilib. 10 milyard manat beləcə “buxarlanıb”".
Ekspert Rövşən Ağayevin fikrincə, Beynəlxalq Bankın problemi aktivlərinin maksimum 6 milyard manat olduğu deyilsə də, indi məlumat verilir ki, 2016-cı il ərzində 10 milyard manata yaxın toksik aktiv “Aqrarkredit”ə ötürülüb: “Bunun da əksəriyyəti xarici valyutada olan aktivlərdir. İl ərzində valyuta bazarını silkələyən, manatı xarici valyutalar qarşısında çökməyə məcbur edən əsas səbəblərdən birini burda axtarmaq lazımdır. Mərkəzi Bankın çap maşını ”zəmanətli hökumət borcu" formasında Beynəlxalq Bankda illər ərzində korrupsiyanın əritdiyi vəsaitlərin yerini manatla doldurur, həmin manat isə dollara çevrilib banka dollarla depozit qoyan, borc verən subyektlərə qayıdır. Hələ ən pisi də bununla bitmir: sən demə, 10 milyard manatlıq əməliyyat hələ sağlamlaşdırmanın 1-ci mərhələsiymiş, 2 mərhələ gələn il başlayır. Bu mərhələdə nə qədər problemli aktiv Mərkəzi Bankın çap maşınını hərəkətə gətirəcək, onu dilə gətirmirlər. Bu gedişlə axırda məlum olacaq ki, Beynəlxalq Bankda ən azı 10 milyard dollar “sehrli mədə”nin qurbanı olub". Azərbaycan miqyasda ölkə üçün bu, “əsrin korrupsiyası”dır. Ətrafımızda olan heç bir ölkənin bank sektorunda bu cür genişmiqyaslı korrupsiya cinayəti baş verməyib".
Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, “Aqrarkredit”ə ötürülən pullar qayıtmayacaq: “Deyilənə görə, Beynəlxalq Bank 10 milyard manata yaxın problemli kreditlərini ”Aqrarkredit"ə ötürüb ki, sonuncu qaytarsın. Böyük ehtimalla, bu vəsaitlərin əksəriyyəti qayıtmayacaq. Yalnız ona görə yox ki, borclu oliqarxların pulu yoxdur. Həmçinin ona görə ki, “Aqrarkredit” 20-ci əsrin ortalarında ilişib qalmış arxaik bir qurumdur. “Aqrarkredit” özü nədir ki, ölkənin əsas problemlərindən biri olan Beynəlxalq Bankın kreditlərini qaytarsın?"
Onun sözlərinə görə, 2000-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycan Səhmdar Kommersiya Aqrar-Sənaye, Səhmdar İnvestisiya və Əmanət bankları ləğv edilib. Onların bazasında indiki “Kapital Bank” və bu “Aqrarkredit” yaradılmışdı. Bu zaman “Kapital Bank” ləğv edilən 3 bankın “sağlam aktiv və öhdəliklərinin birləşməsi hesabına”, “Aqrarkredit” isə “problemli borclarının və öhdəliklərinin” bazasında yaradılmışdı. “Kapital Bank”a 3 bankın sağlam əmlakı, “Aqrarkredit”ə isə zir-zibil çatmışdı. Bu mənada “Aqrarkredit” zibillikdən yaranmış qurumdur. Nazirlər Kabinetinin sözügedən qərarı çox savadsız tərtib olunmuşdu. Ləğv edilən 3 bankın səhmdarları “Kapital Bank”da və “Aqrarkredit”də öz paylarını tələb edirdilər.
Həmin səhmdarlar sırasında hətta SOCAR-ın da qurumu var idi və həmin qurum şikayət edərək Konstitusiya Məhkəməsinədək çatmışdı. Lakin Konstitusiya Məhkəməsi bu hüquqi dərəbəyliyə 14 dekabr 2006-cı il tarixli növbəti qanunsuz qərarı ilə yekun vurmuşdu. Həmin qərarda Beynəlxalq Bankın Hüquq Departamentinin nümayəndəsinin də cəfəng və gülməli, qərara haqq qazandıran rəyi var.
Düz 10 ildən sonra isə Beynəlxalq Bankın özü də zir-zibilini yaranmasına haqq qazandırdığı “Aqrarkredit”in üzərinə atır. Beynəlxalq Bankın problemli kreditlərindən əlinizi üzün. Azərbaycanda iri kreditlərə görə cəzalandırmırlar".(Musavat.com)