"“Muğanbank”ın reytinqləri bir neçə pillə endirilə bilər" -“Standard & Poor`s”
“Muğanbank” zərərliliyini qoruyacaq
Yenixeber.org: “Muğanbank” ASC-nin ötən ili 12 mln. manatlıq zərərlə başa vurmasından sonra bankın kapitallaşması ciddi təzyiqlə üzləşib. Bu barədə “Standard & Poor`s” (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
Agentliyin proqnozuna əsasən, bankın kapitallaşması yaxın 2 il ərzində ciddi təzyiq altında qalacaq: “Bundan başqa, bank 2017-ci ili də zərərlə başa vuracaq”.
Bununla yanaşı, S&P səhmdarların banka verdiyi dəstəyi müsbət qiymətləndirir. Belə ki, səhmdarlar ötən il bankın nizamnamə kapitalını 25 mln. manat artırıb.
“Muğanbank”da problemli kreditlərin payı 20%-ə çatacaq
2016-cı ildə “Muğanbank” ASC-nin aktivlərinin keyfiyyəti pisləşib, problemli kreditlərin ümumi portfeldəki payı 15%-ə yüksəlib, portfelin 10%-i isə restrukturizasiya olunmuş kreditlərin payına düşüb.
Agentliyin analitikləri hesab edir ki, 2017-2018-ci illərdə bankda problemli kreditlərin artım tempi azalacaq. Buna baxmayaraq, S&P-nin proqnozlarına əsasən, 2017-ci ilin sonuna problemli kreditlərin ümumi portfeldəki payı 20%-ə çatacaq, restrukturizasiya olunmuş kreditlərin portfeldəki payı isə 10-12% təşkil edəcək.
“Muğanbank”ın reytinqləri bir neçə pillə endirilə bilər
“Standard & Poor`s” (S&P) beynəlxalq reytinq agentliyi “Muğanbank” ASC-nin reytinqlərini bir və ya bir neçə pillə endirə bilər. Bu barədə agentliyin yaydığı məlumatda deyilir.
“Gələcəkdə bankın likvidliyinin pozulması davam edərsə və nəticədə defolt ehtimalı artarsa, biz bankın reytinqlərini bir və ya bir neçə pillə endirə bilərik. Bununla yanaşı, kapitallaşma göstəricilərinin zəifləməsi də neqativ reytinq hərəkətinə səbəb ola bilər”, – deyə məlumatda vurğulanıb.
Bununla yanaşı, S&P bildirir ki, likvidlik göstəricilərinin yaxşılaşması reytinq üzrə proqnozun müsbət olmasına, hətta reytinqin artırılmasına səbəb ola bilər.
Xatırladaq ki, bu gün S&P “Muğanbank”ın kredit reytinqini “B-/B” səviyyəsindən “ССС+/С” səviyyəsinədək endirib. Reytinq üzrə proqnoz neqativdir.
“Reytinqin endirilməsi özündə bankın kreditləşmə qabiliyyətini ehtiva edir”, – deyə agentliyin açıqlamasında deyilir.
Agentliyin analitikləri qeyd edir ki, Azərbaycanda hökm sürən əlverişsiz əməliyyat mühiti “Muğanbank”ın likvidliyinə və kapitallaşmasına da neqativ təsir edib.
S&P bildirir ki, 2016-cı ildə bank güclü depozit axını ilə üzləşib. Belə ki, manatın məzənnəsinin korreksiyasını da nəzərə alsaq, bankın depozit portfeli 30% azalıb. “Nəticədə bankın likvidliyi təzyiqlə üzləşib. Yüksək likvidliyə malik aktivlərin həcmi isə təxminən 77% azalaraq 14,5 mln. manata çatıb. Onu da qeyd edək ki, 2017-ci ildə depozit axını səngiyib. Lakin bankın likvidlik ehtiyatı hazırda minimal həddədir ki, bu da riskləri artırır”, – deyə məlumatda vurğulanıb.