Prezident istiqrazlarla bağlı fərman imzaladı
Prezident İlham Əliyev “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
"Xeberinfo.com": Məlumata görə, fərmanda qeyd olunur ki, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri” təsdiq edilsin.
Nazirlər Kabinetinə bu fərmanla təsdiq olunmuş “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”nə uyğun olaraq “Aqrarkredit” QSC tərəfindən emissiya edilən istiqrazlara dövlət zəmanətinin verilməsini təmin etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Maliyyə Nazirliyinə isə bu fərmanda göstərilən istiqrazların mərhələli şəkildə həyata keçirilən emissiyasının və qiymətli kağızlar bazarında yerləşdirilməsinin nəticələri, həmçinin “Azərbaycan Beynəlxalq Bankı” ASC-nın maliyyə durumunun sağlamlaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlər, eləcə də bank tərəfindən verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması və problemli aktivlərin idarə edilməsi vəziyyəti barədə Azərbaycan Prezidentinə mütəmadi məlumat vermək tapşırılıb.
Qeyd edək ki, dövlət başçısının 15 iyul tarixli fərmanı ilə Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankına on beş gün müddətində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivləri müəyyən etmələri və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra - “Aqrarkredit” QSC) idarəetməsinə verilməsi üçün tədbirlər görmələri tapşırılıb.
Bu fərmanda nəzərdə tutulmuş aktivlərin “Aqrarkredit” QSC tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının “Aqrarkredit” QSC tərəfindən emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi hesabına təmin edilir; “Aqrarkredit” QSC tərəfindən emissiya ediləcək istiqrazların tələb olunan həcmi və müddətləri “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aktivlərin alınması tədbirləri ilə uzlaşdırılır və buna müvafiq dövlət zəmanətinin həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limitinin məbləğində nəzərə alınır.