Rublun devalvasiyası manatı da "vuracaq"
Samir Əliyev: «Rus rublu devalvasiyaya uğrasa Azərbaycan hökuməti də məcbur olub manatı ucuzlaşdıracaq»
Xeberinfo.com: Rusiyada texnologiyaların rəqabət qabiliyyətliliyinin azalması fonunda devalvasiya şoku ilə bağlı riskləri arta bilər. Bu açıqlamanı Rusiya prezidentinin müşaviri Sergey Qlazyev verib.
S.Qlazyev hesab edir ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi və neft qiymətlərinin azalması dövründə iqtisadi artımı təmin edəcək daxili mənbələr axtarıb tapmaq lazımdır. Bu mənbələr xarici bazarlarda enerji daşıyıcılarının qiymətinin dəyişməsindən asılı olmamalıdır. Qeyd edək ki, prezidentin müşaviri Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) monetar siyasətinin sərt tənqidçisi kimi tanınır. O, Bankın sabit məzənnə siyasəti yürütməsini və faizləri rentabelli səviyyəyə endirməsi zəruriliyini vurğulayır.
S.Qlazyev cari konyunkturada Rusiyanın büdcəni ixtisara salınmasını deyil, əksinə, artırılmasını zəruri sayır. O, Rusiya Bankı tərəfindən yaradılan “yeni reallıqda” istehsalın məhv olunduğunu, qazanan tərəfin isə spekulyantlar olduğunu qeyd edib.
Xatırladaq ki, hazırda Rusiyada dolların məzənnəsi 62,5 RUB/USD təşkil edir. Məzənnənin maksimal səviyyəsi isə 2016-cı il yanvarın 21-də (86,0 RUB/USD) qeydə alınıb. (report)
Rusiyada baş verənlər Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? Bir qayda olaraq Rusiyada baş verən iqtisadi proseslər Azərbaycanda təkrarlanır.
İqtisadçı Samir Əliyev bildirdi ki, Rusiya iqtisadiyyatında baş verənlər Azərbaycan iqtisadiyyatına birbaşa olmasa da, dolayı yol ilə təsir edir. Əgər Rusiyada devalvasiya olacaqsa, bunun səbəblərindən biri də neft amili ilə bağlı ola bilər. S.Əliyevin sözlərinə görə, əgər ölkənin neft gəlirləri azalıbsa, milli valyutada dəyişiklik olmalıdır: «Ona görə əgər neftin qiyməti milli valyutalara təsir edirsə, manat da təzyiq altında qala bilər. Rusiya bizim əsas iqtisadi tərəfdaşlarımızdan biridir. Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi əsas ölkə məhz Rusiyadır. Rus rublunun ucuzlaşması bizim ixracımıza problem yaradır. Nəticədə Azərbaycanın ixracı da məhdudlaşır. Ayrı-ayrı ölkələrdə mili valyutanı hansı hallarda ucuzlaşdırırlar. Əsas ticarət tərəfdaşları valyutası ucuzlaşanda bu addım atılır. Azərbaycanın da əsas ticarət tərfdaşı Türkiyə, Rusiya və Avropa Birliyidir. Rus rublu devalvasiyaya uğrasa Azərbaycan hökuməti də məcbur olub manatı ucuzlaşdıracaq. Bu baxımdan rublun devalvasiyası Azərbaycana birbaşa olmasa da dolayısı ilə təsir edəcək və bu da manatın ucuzlaşmasına səbəb olan amillərdən biri olacaq».