DOLLAR KREDİTLƏRİ İLƏ BAĞLI «HÜQUQİ BOMBA» – Fərqi banklar ödəməlidir!
Azərbaycanda dollar kreditləri ilə bağlı banklarla müştərilər arasındakı mübahisədə yenilik gözlənilir.
Xeberinfo.com: Bu barədə fins.az-a «Demark» hüquq şirkətindən bildirilib. Qeyd edək ki, adı çəkilən şirkət banklarla bağlı məhkəmə mübahisələrində iştirak edir. Şirkətdən bildirilib ki, ölkə qanunveriiliyində aşkar edilmiş yeni nüanslar dollar müştərilərinə imkan verir ki, onlar devalvasiya nəticəsində yaranan məzənnə fərqini və düşdükləri zərəri banklardan alsınlar.
Söhbət «İstehlakçıların hüquqlarınının müdafiəsi haqqında» qanundan və Mülki Məcəllənin tələbərindən gedir. Şirkətdə iddia edirlər ki, müştərilər bu tələblərdən istifadə edərək dolların bahalaşması nəticəsində üzləşdikləri zərərin banklar tərəfindən kompensasiya edilməsinə nail ola bilərlər.
Belə ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunda (3-cü maddə) deyilir ki, istehlakçıların mal və xidmətlərin miqdarı, çeşidi və və çeşidi barədə düzgün məlumat almaq hüququ var. «Demark»da bildirirlər ki, banklar üçün «bomba» bu maddədə gizlədilib. Belə ki, banklar dollar krediti verdikdə onun xüsusiyyətləri, o cümlədən dolların məzənnəsinin dəyişə biləcəyi, və nəticədə aylıq ödənişin həcminin manat ifadəsində böyüyəcəyi barədə müştərilərə əvvəlcədən bildirməli idilər: «Məsələn, bank müştəriyə dollar krediti təklif edir, amma bu kreditin kreditinin xüsusiyyətini izah etmir. Yəni bildirmir ki, demir ki, dollar Azərbaycan Respublikasının milli valyutası olmadığına görə, xarici valyuta olduğuna görə, onun manata nəzərən məzənnəsi artıb-azala bilər və buna görə də ödənişin məbləği arta bilər».
Şirkətdə bildirirlər ki, bank əməkdaşları bu məlumatı verdikdən sonra müştəridən krediti istəyib-istəmədiyini soruşmalı, yalnız bundan sonra kredit ayırmlı idilər. Bu baş vermədiyinə görə, müştərilər dollar bahalaşmasına görə üzləşdikləri zərəri banklardan tələb edə bilərlər. Çünki qanunun 13-cü maddəsinin 4-cü bəndində yazılıb ki, Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ var.
Oxşar məsələ Mülki Məcəllədə də əksini tapıb. Məcəllənin 1128.1 maddəsində bildirilir ki, mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər.
Başqa sözlə, adı çəkilən maddədən belə çıxır ki, hətta bu məsələdə (yəni dolların məzənnəsinin yüksəlməsində) bankın təqsiri olmasa da, əgər bank müştəriə malın xüsusiyyətləri bağlı yanlış və ya yarımçıq informasiya veribsə, o halda həmin zərəri ödəməlidir. Zərər dedikdə isə məzənnə fərqi nəticəsində müştərintin artan maliyyə yükü başa düşülür.
Şirkətdən bildirilir ki, banklarla bu risklər barədə müştərilərə nəinki məlumat verməyiblər, üstəlik, əksər müqavilələrin üstündə aylıq ödənişin məbləği adi qələmlə manatla yızılıb. Başqa sözlə, müştəri bu krediti götürəndə aylıq ödənişin və borcunun dəyişməyəcəyinə əmin olub. Nəticədə böyük məbləğdə zərərə düşüb.
Şirkətin ekspertlər qruppu hesab edir ki, bu maddələr vətəndaşa əsas verir ki, həm dollarla bağlanan kredit müqaviləsini ləğv etsin, həm də məzənnə fərqi nəticəsində artan borcu azaltsın və onu dəyən zərəri ləğv etsin.
Şirkətdən bildirilir ki, indiyədək dollar kreditləri ilə bağlı məhkəmələrdə bu maddələrdən istifadə edilməyib: «Sadəcə indiyədək belə iddia olmadığına görə, bu lazım gəlməyib. Amma indi bununla bağlı işimiz var və bu maddələri tətbiq etmək niyətindəyik»-deyə bildirilib.
Digər tərəfdən şirkət hesab edir ki, bundan sonra bağlanan kredit müqavilələrində dollar kreditinin riskləri barədə ayrıca bölmə yaradılmalıdır. Bu bölmədə dolların artıb-azalması imkanı və nəticədə kreditin məbləğinin dəyişməsi riski aydın göstərilməlidir ki, vətəndaş kredit götürərkən bütün risklərdən xəbərdar olsun:«Yəni vətəndaşların hamısı maliyyə eksperti deyil, onlar müxtəlif məsələlərdən – dünya bazarından, FED-in siyasətindən və digər məsələlərdən xəbəri yoxdur. Onlara riskləri sadə şəkildə izah etmək lazımdır, banklar isə bunu etmirlər”.
Bununla yanaşı, ekspertlər bildirir ki, hazırki maddələrin tətbiqi və məhkəmə mübahisələrində ondan istifadə edilməsi Konstitusiya Məhkəməsinin məlum qərarı ilə ziddiyyət təşkil etmir. Qeyd edək ki, Konstitusiya Məhkəməsinin qərarına görə, dollar kreditləri yeni məzənnə ilə ödənməlidir: «Buna qarşı çıxan yoxdur, sadəcə vətəndaşlar adı çəkilən maddələrə əsaslanaraq bankın düzgün olmayaraq verdiyi məlumat nəticəsində ğununla bağlı üzləşdiyim zərəri tələb edir».