“Problemli kreditlərimiz 40%-ə çatıb”
Azərbaycanda manatın təkrar devalvasiyası nəticəsində “Viator Mikrokredit Azərbaycan” – bank olmayan kredit təşkilatının (BOKT) vaxtı keçmiş kreditləri 40%-ə çatıb.
Xeberinfo.com: Məlumata görə, bunu jurnalistlərə açıqlamasında BOKT-un İdarə Heyətinin sədri Aynur Əliyeva bildirib.
“Müştərilər bizə soyğunçu deyirlər”
Onun sözlərinə görə, dolların kəskin bahalaşmasından sonra bu valyutada kredit götürmüş müştərilər kütləvi şəkildə ödəniş etməkdən imtina edir: “Müştərilər hələ dollar şokundan ayılmayıb. Gəlirlər, dava-dalaş salırlar, bizə soyğunçu deyirlər. Bəziləri bildirir ki, ümumiyyətlə ödəməyəcəm, bəziləri köhnə məzənnə ilə ödəyəcəyini deyir. Halbuki, onların 30%-nin ödəməyə imkanı var”. A.Əliyeva bildirir ki, dollar kreditləri olan müştərilərə güzəşt ediləcəyi barədə tez-tez yayılan məlumatlar da müştəriləri arxayınlaşdırır və ödəniş etməməyə həvəsləndirir: «Televizorda bəzən 5 min dollara qədər, bəzən 10 min dollara qədər kreditlərin bağışlanacağı və yaxud köhnə məzənnə ilə ödəniləcəyi barədə danışılır, bu da yığımlara təsir edir, kimlərisə arxayınlaşdırır, onlar da ödəniş etmirlər». Bütün bunlar təşkilatın vaxtı keçmiş kreditlərini artırıb: «Onsuz da 1-ci devalvasiyadan sonra vəziyyət pisləşmişdi, problemli kreditlərimiz 35% idi, çətinliklə restruktizasiya edib 25%-ə salmışdıq, yenidən artıb bu dəfə 40% oldu».
“Məzənnənin gün ərzində dəfələrlə dəyişməsi narazılıq yaranır”
Aynur Əliyevanın sözlərinə görə, problemi yaradan təkcə manatın təkrar devalvasiyası yox, həm də «üzən məzənnəyə» keçiddir. Fevraldakı vəziyyətdən fərqli olaraq bu dəfə dolların məzənnəsi “üzən” rejimdə olduğu üçün müştərilərlər BOKT arasında əlavə narazılıq yaradır: “Hər 10 müştəridən 1-i krediti dərhal bağlayır. Çünki sabah məzənnənin neçə olacağı məlum deyil. Elə bu qeyri-müəyyənlik də bizə əlavə problem yaradır».
Gün ərzində dolların məzənnəsinin bir neçə dəfə dəyişməsi də ödənişlərdə narazılıqlara və problemlərə səbəb olur: «Dollar qıtlığı olduğu üçün çoxları ödənişi manatla edir. Amma gündə neçə dəfə məzənnə dəyişir, tez-tez banklarla əlaqə saxlayırıq, gündə 3 dəfə pul dəyişirik və ödənişləri də mövcud məzənnəyə uyğun qəbul edirik. Bu da narazılığa səbəb olur. Birindən tutaq ki, 1,65 məzənnəsi ilə qəbul etdik, o biri ödəniş edəndə kurs dəyişibsə deyinirlər ki, niyə məndən artıq pul alırlar. Özləri də gedib dollar alıb gətirib ödəniş edə bilmirlər».
«Dollar kreditinin vaxtını uzatmaq istəmirlər»
Dolların qiyməti ilə bağlı qeyri-müəyyənlik bu valyutada olan kreditlərin restruktizasiyasına da imkan vermir. Aynur Əliyeva deyir ki, heç kim dollar borcunun vaxtının uzadılmasını istəmir. BOKT rəhbəri vəziyyətdən çıxış yolunu kreditlərin manatla yenidən maliyyələşdirməsində görür, amma bunu da hamıya etmək çətindir: “Daha çox çalışırıq aztəminatlı, maddi vəziyyəti çətin olan müştərilərin kreditini manata çevirək, bunun üçün 150-200 min manat ayırmışıq. Bunu da ancaq 1500 dollara qədər olan kreditlərə edirik. Bunu etmək üçün də növbələr yaranıb».
«Yenidən ixtisarlara başlamışıq»
Mövcud vəziyyət “Viator Mikrokredit Azərbaycan”ı yenidən xərclərini azaltmağa, filiallarını və işçilərini ixtisar etməyə məcbur edib: “Fevralda bizim 160 işçimiz var idi, 1c-i devalvasiyadan sonra 120-yə qədər azaltmışdıq. İndi yenidən ixtisarlar edirik, 5-6 nəfər artıq işdən çıxarılıb, bəzilərinin müqavilələrinin müddətini artırmayacağıq, yəgin ki, ilkin olaraq işçilərin sayını 100-ə endirəcəyik». Təşkilat öz filiallarının sayını da azaldacaq: «İndi 7 filialımız var, amma yəgin ki, onların da sayı azaldılacaq, bəziləri birləşdiriləcək. Məsələn, Ağdaşdakı filialımızın martdan bağlanması nəzərdə tutulub. Elə əvvəlcədən də o filialda ödənişlərlə bağlı vəziyyət yaxşı deyildi, maaşların verilməsində problemlər var idi».