“Qara qızıl”ın ucuzlaşması dünya və ölkəmiz üçün hansı nəticələr doğuracaq?
Yenixeber.org: Yerli və xarici ekspertlər neftin qiymətində azalma gözləyirlər. Donald Tramp administrasiyasının aqressiv ticarət siyasəti belə perspektivlərə gətirib çıxara bilər ki, bu da büdcəsində neftin bir barelinin qiymətinin 70 dollar olması əsasında qurulan hasilatçı ölkəmiz üçün ümumiyyətlə arzuolunmazdır.
Analitiklər hesab edirlər ki, Vaşinqtonun irimiqyaslı tarif məhdudiyyətlərinin tətbiqi qlobal ticarətə, qlobal ÜDM artımına və neftə olan tələbata mənfi təsir göstərəcək. Hər halda, heç kim belə tədbirlərin dünya ticarətində vəziyyətin yaxşılaşmasına və iqtisadi artıma töhfə verəcəyini gözləmir. Xüsusən də “J.P.Morgan” investisiya bankının hesablamalarına görə, bütün ölkələrdən ABŞ-a idxala tariflərin ilkin olaraq vəd edilən 10 faiz artırılması qlobal ÜDM-in artım tempinin 0,4 faiz azalmasına səbəb ola bilər.
Eyni zamanda, enerji resurslarının əsas istehlakçısı olan Çin iqtisadiyyatı ciddi tənəzzüllə üzləşəcək. Nəticədə yanacağa, xüsusən də logistika sektorunda geniş istifadə olunan dizelə tələbatın azalması riski var. Bu arada, dünya birjalarında qiymətlər ümumi eniş tendensiyası kontekstində müəyyən artım nümayiş etdirir.
İran neftinin daşınması və Çində emalı ilə bağlı olan on üç şirkət və səkkiz gəmiyə bir neçə gün əvvəl tətbiq edilən məhdudiyyətlərdən sonra Londonun “ICE Futures” birjasında martın 21-i səhər saatlarına “Brent” markalı neftin may fyuçerslərinin qiyməti bir barel üçün 72,16 dollar təşkil edib ki, bu da əvvəlki ticarət həcmindən 0,16 faiz çoxdur. Bir gün əvvəl bu kontraktlar 1,22 dollar (1,72 faiz) artaraq 72 dollar/barel olub.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda WTI markalı neftin may fyuçersləri bu vaxta qədər 0,19 dollar (0,28 faiz) bahalaşaraq, bir barelə görə 68,26 dollar təşkil edib. Əvvəlki sessiyanın sonunda onlar 1,16 dollar (1,73 faiz) bahalaşaraq 68,07 dollar/barelə bərabər olub. Bugünlərdə başa çatan aprel müqavilələri 68,26 dollara yüksəlib.
Ekspertlər qeyd edirlər ki, ABŞ “qara qızıl”ın əsas istehsalçısı Səudiyyə Ərəbistanı və neft kartelinə öz təsirindən istifadə edərək qiymətlərin azaldılmasına nail olmaq niyyətindədir. İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Donald Trampın qlobal ticarət müharibəsi perspektivi və nəticədə yanacaq sərfiyyatının azalmasını vəd edən aqressiv ticarət siyasəti barelin qiymətinin aşağı düşməsinə səbəb olacaq: “OPEC+ ölkələrinin hasilatı artırmaq qərarı qiymətlərin azalmasına səbəb olur. Neft alyansı ölkələri hasilatın azaldılması üçün könüllü kvotaları ləğv edərək, hasilatı artırmağa başlayacaq ki, bu da tədricən bazara əlavə 2,2 milyon barel neft çıxaracaq. Belə bir gələcək neftin ixracından çox asılı olan Azərbaycan iqtisadiyyatı üçün arzuolunmazdır”.
“Neftin qiyməti cari qiymət baxımından deyil, beynəlxalq birjalardakı orta kotirovkalar baxımından nəzərə alınmalıdır. Bu ilin iki ayında bir barel 80 dollara yaxın idisə, martda bu səviyyə 72-73 dollara düşüb. Bundan əlavə, apreldə orta qiymətin dövlət büdcəsində müəyyən edilmiş 70 dollardan aşağı olacağını gözləyirəm. Cari maliyyə ilinin birinci yarısını neftin orta qiyməti ilə kəsim səviyyəsinə yaxın başa vursaq belə, ilin ikinci yarısında qiymətlər bu səviyyədən aşağı düşə, sonda isə bir barelin orta qiyməti 60-65 dollar civarında ola bilər”, - deyə mütəxəssis bildirib.
Onun sözlərinə görə, neftin qiymətinin bir dollar ucuzlaşması valyuta gəlirlərini gündə 500 min dollar azaldır: “Və əgər orta illik qiymət 65 dollar səviyyəsindədirsə, ökə gündə 2,5 milyon dollar, ayda 75 milyon dollar, ildə 900 milyon dollar itirəcək. Üstəlik, belə mənzərə hasilat şirkətlərinin gəlir və mənfəətini azaldır - bu da, bu mənbədən büdcəyə daha az valyuta gələcəyi deməkdir”.
İqtisadçılar öz arqumentlərini Trampın bir barel üçün 50 dollar istəməsi ilə bağlı əvvəlki açıqlamaları ilə əsaslandırırlar. İqtisadçı ekspert Pərviz Heydərov hesab edir ki, bir barelin maya dəyərinin belə əhəmiyyətli ucuzlaşması barədə danışmaq hələ tezdir.
“Lakin indi kotirovkalar 70 dollardan bir qədər yuxarıdır, yəni ötən ilin dekabrından bəri ən aşağı səviyyəyə çatıb. Bu vəziyyət daha da geriləmənin qaçılmazlığından xəbər verir və dövlət büdcəsi ilə bağlı narahatlıqlar yaradır”, - deyə o vurğulayıb.
Bütövlükdə, neft bazarı Yaxın Şərqdə geniş münaqişə ehtimalı ilə bağlı qiymətləri hələ müəyyənləşdirmir, baxmayaraq ki, qiymətlər bir gün əvvəl növbəti eskalasiya və ən əsası Çin iqtisadiyyatı üçün əlavə maliyyə stimulu xəbərləri ilə artıb.(AYNA)