Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qorunan əmanətlərdə risk: Fondun vəsaiti cəmi 2,2 faizə bəs edir

Əmanətlərin Sığortalanması Fondu 2015-ci ilin 9 ayının yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb.

Xeberinfo.com:   Fondun rəsmi saytına istinadən xəbər verir ki, fiziki şəxs status daşıyan əmanətçilərin hazırda banklardakı əmanətləri 7 milyard 336 milyon manata ekvivalentidir. Bu məbləğin 5 milyard 44 milyon manatı Fond tərəfindən sığortalanan əmanətlərdir.

Fond bildirir ki, ilin 9 ayında əhalinin qorunan əmanətlərinin həcmi 2 milyard manat artıb, qorunmayan əmanətlər isə 1 milyard 344 milyon manat azalıb. Bu isə o deməkdir ki, ilin əvvəllərindən etibarən ölkənin bank sektorunda müşahidə edilən böhran əlamətləri, habelə manatın devalvasiyası əhalini banklardakı əmanətlərinin taleyi ilə bağlı narahatlığını artırıb.

Əmanətçilərin bir qismi qorunmayan əmanətlərini daha aşağı faizli, ancaq qorunan əmanətlər şəklində yenidən yerləşdirib.

Fondun məlumatına əsasən üzv banklar hazırda 7 milyon 304 min 127 əmanətçiyə xidmət göstərir ki, onların 91 faizi qorunan əmanətçilərdir. Qorunan əmanətçilərin əmanətlərinin 96,6 faizinin əmanəti 30 min manata qədərdir və 100 faiz sığortalanıb. Qorunan əmanətlərin 71 faizi ABŞ dollarının, 25 faizi manatın, 4 faizi avronun payına düşür.

Lakin Fondun sığorta ehtiyatları sığortaladığı əmanətlərin məbləği ilə müqayisədə olduqca cüzidir. Belə ki, hazırda Fondun sığorta ehtiyatları 109,4 milyon manat təşkil edir. Bu isə ümumi qorunan əmanətlərin cəmi 2,2 faizini təşkil edir.

Beləliklə, Əmanətlərin Sığortalanması Fondu qoruduğu əmanətlər üzrə sığorta ödənişləri etməli olsaydı sərəncamındakı vəsait qorunan əmanətlərin cüzi hissəsini qaytarmağa bəs edərdi.

Bəs o zaman Fond qalan vəsaiti haradan tapacaq? Əgər iri banklardan bir-ikisi müflis olsa, əmanətçilər pullarını kimdən alacaq?

Virtualaz.org saytı araşdırıb ki, “Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən Dövlət və Mərkəzi Bank Fondun öhdəlikləri üzrə heç bir məsuliyyət daşımır. Fond isə öz növbəsində dövlətin və Mərkəzi Bankın öhdəlikləri üzrə məsuliyyət daşımır. Başqa sözlə, əmanətçilər əmanətlərin Fondun qismində dövlət tərəfindən qorunduğunu düşünürlərsə bunda yanılırlar.

Əgər Fondun vəsaitləri sığortalanmış əmanətləri qaytarmağa bəs etməsə, əmanətçilər pullarını dövlətdən, yaxud Mərkəzi Bankdan tələb edə bilməzlər.

Lakin qanunda fondun əmanətləri qaytarmaq üçün vəsaiti çatmadıqda necə hərəkət edə biləcəyi göstərilir. Qanunun 4.1.7-ci maddəsinə əsasən Fondun öhdəliklərini yerinə yetirmək üçün vəsait çatışmadıqda maliyyə bazarlarından, Mərkəzi Bankdan və Azərbaycan hökumətindən borc vəsaiti cəlb edə bilər. Təbii ki, əgər Fonda borc vəsait ayırmağa razılıq verilərsə...

Bəs fondun ehtiyatlarının indiki kimi aşağı olmasının səbəbləri nədir?

Qanuna əsasən Fondun sığorta ehtiyatları iştirakçı bankların üzvlük haqlarından, onların təqvim haqlarından, onların ödədikləri əlavə haqlardan formalaşır. Bundan əlavə Fond buraxdığı uzunmüddətli borc öhdəlikləri hesabına vəsait cəlb edə, banklardan dəbbə pulu ala, qrant və qanunvericilikdə qadağan olunmamış digər maliyyə vəsaitləri götürə bilər.

Fondun vəsaitlərinin qorunan əmanətlərlə müqayisədə cüzi olmasının səbəbi isə belə görünür ki, əmanətlərin sığortalanması haqqında qanunun qəbulundan sonra qorunan əmanətlərin həcminin kəskin artması, Fonda yığılan vəsaitlərin artım tempinin əmanətlərin artım tempi ilə müqayisədə çox aşağı olmasıdır. Bu isə əhalinin əmanətləri üçün riskli vəziyyətin hökm sürdüyünü göstərir.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam