Banklar təhlükə qarşısında
Azərbaycanın bank sektoru yeni bir təhlükə ilə üz-üzə qala bilər – beynəlxalq maliyyə qurumları ölkə banklarındakı vəsaitlərini geri çəkə bilərlər.
"Xeberinfo.com": Məlumata görə, bank sektorundakı bu narahatlıq 2015-ci ilin üçüncü rübünda beynəlxalq maliyə qurumlarınan ölkə banklarından birindən 61 milyon manata yaxın vəsaiti geri çəkməsindən sonra başlayıb. Bank həmin vəsaitlərin qaytarılmasını müqavilə müddətinin bitməsi ilə izah etsə də, iqtisadiyyat dairələrində bunu, ümumiyyətlə, Azərbaycanın da daxil olduğu inkişaf etməkdə olan ölkələrin bank sektorunu gözləyən çətinliklə izah edirlər.
Beynəlxalq Maliyyə İnstitunun (IIF) bu yaxınlarda dərc etdirdiyi hesabatda deyilir ki, 1988-ci ildən bu yana ilk dəfə olaraq, inkişaf etməkdə olan ölkələrdə kapitalın netto-axını mənfi olacaq. Özü də, vəziyyətin pisləşməsi iki tərəfdən müşahidə edilir: xarici sərmayəçiləri yatırımları azaldırlar, rezidentlər isə xaricə daha çox pul çıxarırlar.
İnstitut indiki böhranın inkişaf etməkdə olan ölkələrin daxili problemlərindən qaynaqlandığını bildirir: Bu ölkələrdə iqtisadi artım templəri ardıcıl olaraq düşür. Həmçinin, ölkələr Çindəki vəziyyəti və Pekinin apardığı siyasəti narahatlıqla izləyirlər. IIF-in proqnozuna görə, inkişaf etməkdə olan ölkələri bu il 1 trilyon dollara yaxın vəsait tərk edəcək və mənfi saldo 540 milyard dollar təşkil edəcək. Keçən il isə kiçik də olsa 32 milyard dollarlıq müsbət saldo müşahidə edilmişdi.
“Standard & Poor’s” agentliyi isə öz hesabatında inkişaf etməkdə olan ölkələr arasında 4 ölkənin banklarının xarici valyutalarda hecləşdirilməmiş, yəni sığorta edilməmiş aktivləri və öhdəlikləri üzündən ciddi risklər daşıdığını bildirir. Həmin 4 ölkənin sırasında Azərbaycanın, Qazaxıstanın, Ukrayna və Nigeriyanın adları yer alır.
Böyük ehtimalla, IIF və “Standard & Poor’s” kimi qurumların müvafiq hesabatları məhz beynəlxalq qurumların öz vəsaitlərini Azərbaycan banklarından çəkməsinə səbəb olub. Durum bir neçə ay öncə Çində başlanan prosesə bənzəyir. Bu ölkənin müəssisələri beynəlxalq təşkilatlardan 16 trilyon dollara yaxın vəsait alıblar, ölkənin illik ümumi daxili məhsulu (ÜDM) isə cəmi 10 trilyon dollardır. ÜDM-in 160 faizinə bərabər olan xarici borclanma Çin iqtisadiyyatı üçün həddindən təhlükəli perspektivlər vəd edir (ABŞ-da bu göstərici 80%-dən yüksək deyil). Buna görə də, beynəlxalq təşkilatlar vəsaitlərini Çindən çıxarmağa başlayıblar. Bu mənzərə analoji proseslərin kiçik miqyasda da olsa, Azərbaycan banklarında da başlaya biləcəyini ehtimal etməyə imkan verir.
ANS PRESS