Doqquz bankın müflis elan olunmasına az qalıb
Artıq bir sıra banklar müflisləşmə həddindədirlər.
"xeberinfo.com": Vaxtı keçmiş kreditlərin həcminin aydan-aya artması ölkədəki bank sektorunun vəziyyətini pisləşdirir. «Bank of Azerbaijan»nın da son illər ətrafında yaranan problemlərin kökündə də məhz borclanmanın artması durur. Azərbaycan Mərkəzi Bankının ilin I rübünə dair məlumatına görə, qaytarılmayan kreditlərin həcmi 831,6 milyon manata qədər yüksəlib. Müqayisə üçün bildirək ki, ötən il qaytarılmayan kreditlərin həcmi 792,8 milyon manat olub. Realıqda bu rəqəmin 1,3 milyard manatdan aşağı olmadığı deyilir.
Mərkəzi Bankın statistikasına nəzər yetirsək, ötən il aylar arasında problemli kreditlər üzrə artım 4-5 milyon manat olmuşdusa, bu ilin bir ayın içində təqribən 15 milyon manata çatıb. Deməli, hazırda zərərlə işləyən bankların sayı artır. Bu isə sözügedən sektorda təhlükəli vəziyyət yarada bilər. Belə ki, müflisləşə biləcək maliyyə təşkilatların sayının artması, sığortalanmayan əmanətlərin batması təhlükəsi var.
Hazırda Mərkəzi Bankın qoyduğu şərtlərə əsasən, kommersiya banklarına yatırılan əmanətlərin hər bir müştəri üzrə maksimum 30 min manatı sığortalanır. Onların da yalnız 10 faizdən aşağı gəlirlə yatırılanları kompensasiya edilir. Hazırda ümumilikdə, banklarda sığortalanmayan əmanətlərin həcmi 35 faiz civarındadır.
İqtisadçı-ekspert Samir Əliyev bildirib ki, hazırda 43 bankın 9-cu zərərlə işləyir: «Bu o demək ki, onlar öz xərclərini ödəyə bilmirlər. Əgər bank zərərlə işləyirsə, deməli gəliri azdır. Belə olan halda əmanətlər üzrə götürdüyü öhdəliyi yerinə yetirməkdə çətinlik çəkə bilər, yəni müflisləşməyə doğru gedirlər. Onlar ya birləşməli, ya da müflisləşdiyini elan etməlidir. 9 bank ili zərərlə başa vurduqlarına görə, onlar üçün təhlükə var».
Ekspert vurğuladı ki, Mərkəzi Bank həmin maliyyə təşkilatlarının 5-nin ləğv edilməsi ilə bağlı danışıqlar aparır: «Bundan əlavə, bu ilin sonuna qədər Mərkəzi Bankın məcmu kapitalını yerinə yetirmək üçün qoyulan tələb yerinə yetirilməlidir. Bildiyiniz kimi, banklara məcmu kapitalını minimum 50 milyon manata çatdırılması tapşırılıb. Hazırda bu tələbi yerinə yetirməkdə çətinlik çəkən maliyyə təşkilatları mövcuddur. 43 bankın cəmi 25-i bu tələbə cavab verir. Əgər ilin sonunda Mərkəzi Bank müddəti uzatmasa, onların bağlanmasının şahidi olacağıq. Bu zaman qoyulan əmanətlərə təhlükə yarana bilər. Məncə, bu məsələdə əmanətçilərin özləri daha diqqətli olmalıdır».