Yenixeber.org: Maliyyə Nazirliyi 2021-ci il üçün dövlət büdcəsinin ilkin parametrlərini açıqlayıb. Layihədə gəlirlərin ümümi həcminin 24 milyard 327 milyon manat məbləğində olması proqnozlaşdırılır. Gəlirlərin 57,3 %-i və ya 13 milyard 950 milyon manatı neft, 42,7 %-i və ya 10 milyard 377 milyon manatı qeyri-neft sektorunun payına düşəcək.
Nazirliyin açıqlamasında bildirilir ki, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 3 ssenari üzrə (neftin qiyməti 35 $, 40 $, 45 $) proqnozlara əsasən 2020-ci ilin sonunda Ümumi Daxili Məhsulun (ÜDM) azalması gözlənilir. Həmin proqnozlara əsasən baza (40 $) ssenaridə 2020-ci ildə ÜDM real ifadədə 3,7 % az olmaqla 70,9 mlrd. manat, o cümlədən qeyri-neft ÜDM isə 2,9 % az olmaqla, 50,4 mlrd. manat həcmində proqnozlaşdırılır. 2021-ci il və ortamüddətli dövrdə iqtisadi artım templərinin nisbətən bərpa edilməsi ilə ölkədə ÜDM-in həcmi 2024-cü ildə 89,5 milyard manata qədər artacaq. Qeyri-neft ÜDM-in növbəti ildə 3,5 % real artımla 53,6 milyard manat təşkil edəcəyi gözlənilir.
Neft sektoru üzrə büdcə gəlirlərinin 87,5 %-i və ya 12 milyard 200 milyon manatını Dövlət Neft Fondundan transfert, 12,5 %-ni vəya 1 milyard 750 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 35 ABŞ dollarına bərabər götürülüb.
Büdcənin xərcləri 25 milyard 847 milyon 500 min manat məbləğində proqnozlaşdırılır ki, bu da 2020-ci ilin büdcəsi ilə müqayisədə 1 milyard 644 milyon 700 min manat azdır. Xərclərin 18 milyard 106 milyon 600 min manat və ya 70,1 faizini cari xərclər, 5 milyard 389 milyon 100 min manat və ya 20,8 %-ni əsaslı xərclər, 2 milyard 351 milyon 800 min manat və ya 9,1 %-ni dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir.
İqtisadçı Qubad İbadoğlu büdcə layihəsini dəyərləndirərkən bildirib ki, ümumi proqnoz vəsaiti 100 manat səviyyəsində qəbul etsək, onun 16 manat 70 qəpiyi iqtisadi fəaliyyətə, 15 manat 30 qəpiyi müdafiə və milli təhlükəsizliyə, 14 manat 60 qəpiyi sosial müdafiə və sosial təminata, 12 manat 40 qəpiyi təhsilə, 12 manat 40 qəpiyi ümumi dövlət xidməti xərclərinə, 8 manatı məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğa, 7 manat 90 qəpiyi səhiyyəyə, 5 manat 20 qəpiyi əsas bölmələrə aid edilməyən xidmətlərə, 3 manat 60 qəpiyi kənd təsərrüfatına, 1 manat 70 qəpiyi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlərə, 1 manat 10 qəpiyi mənzil və kommunal təsərrüfatı, 1 manat 10 qəpiyi də ətraf mühitin mühafizəsinə xərclənəcək.
İqtisadçı qeyd edib ki, 2021-ci ildə dövlət büdcəsinin kəsiri 1 milyard 520 milyon 500 min manat məbləğində proqnozlaşdırılır.
Məhəmməd Talıblı: “İqtisadi artım olacağını proqnozlaşdıran qurumların optimizminə heyran qalmamaq olmur”
İqtisadçı Məhəmməd Talıblı bildirdi ki, gələn ilin büdcə parametrlərindən öncə bir neçə makroiqtisadi göstəricilərin proqnozu haqqında danışmaq lazımdır. Ekspert xatırlatdı ki, ÜDM-in həcmi 3 ssenari üzrə proqnozlaşdırır: neftin 1 barelinin 35 dollar, 40 və 45 dollar olacağı təqdirdə ÜDM-in dəyişmə dinamikası qeyd olunur. Əgər 35 dollar olarsa, iqtisadi artım 3%, 40 dollar civarında olacaqsa, 3,4%, 45 dollar olacağı təqdirdə isə 3,8% proqnozlaşdırılır:
“Maraqlıdır, cari ilin sonuna bu qiymətlər koridoru üzrə dəyişmədə ÜDM-in azalması 2,9 – 4,3% olacaq. COVİD-19-un ikinci dalğasının hələ başlamadığını qeyd edən ekspertlər növbəti il də qlobal resessiya gözləyir. Belə olacağı təqdirdə, ÜDM-in az qala yarısı neft sektorundan formalaşan Azərbaycan iqtisadiyyatında iqtisadi artımın olacağını proqnozlaşdıran qurumların optimizminə heyran qalmamaq olmur”.
M.Talıblının sözlərinə görə, digər tərəfdən, ÜDM-in sektoral payı da maraq doğrur:
“Növbəti ilin büdcə layihəsində ortamüddətli dövrdə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 72,2 faizə, neft sektorunun payının isə 27,8 faizə bərabər olacağı proqnozlaşdırılır. Digər makroiqtisadi göstərici hesab olunan istehlak malları indeksi ilə bağlı proqnozlar da real ölçülərə uyğun gəlmir. Bu ilin sonuna qədər illik inflyasiya səviyyəsinin 3,1 faiz, növbəti ildə 3,0 faiz, sonrakı üç ildə 2,7-2,8 faiz ətrafında olacağı proqnozlaşdırılıb. Pul-kredit və valyuta siyasəti ilə bağlı hökumətin siyasətində ciddi dəyişikliklər baş verməyəcək. Makroiqtisadi sabitliyin təmin olunması və dollarlaşma meylləri nəzərə alınaraq növbəti ildə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb”.
İqtisadçı qeyd etdi ki, koronovirusla bağlı ikinci dalğanın daha sərt olacağı haqda açıqlamalardan sonra qlobal səviyyədə ÜDM-in ikirəqəmli kiçiləcəyinə dair proqnozlar var. “Qlobal kontektsdə sərt dalğalanmalar barədə proqnozlardan sonra Azərbaycanda makroiqtisadi göstəricilərin sabit qalacağına inanmaq sadəcə, mümkün deyil. Çünki dünyada iqtisadiyyat maşını işləmirsə və mühərrikinə tələb olunan benzin sərf olunmursa, neftə tələbin düşəcəyi qaçılmazdır. İxracatının hər 10 dollarından 9 dollarını neft və neft məhsullarının satışından qazanan ölkənin birbaşa və dolayı təsirlərə məruz qalmaması imkansızdır”, – deyə M. Talıblı vurğuladı.
Vüqar Bayramov: “Gələn il də neft sekotrundan gələn vəsaitlər büdcədə dominant olacaq”
Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, gələn il pandemiyanın təsirləri və ona qarşı mübarizənin əsas xarici faktor olaraq qalacağı gözlənilir:
“Elə bu məqsədlə büdcədən 600 milyon manatın ayrılması nəzərdə tutulur. Bu baxımdan, 2021-ci ilin büdcəsində həm makroiqtisadi göstəricilər, həm nəzərdə tutulan gəlirlər və xərclərin icrası birbaşa pandemiyanın miqyasından asılı olacaq. Çünki pandemiya bir sıra strateji bazarlara, o cümlədən neft bazarındakı volatilliyə təsir göstərir”.
İqtisadçı büdcə layihəsində bir barel neftin qiymətinin 35 dollar olaraq nəzərdə tutulmasını normal qarşılayır: “Düşünürəm ki, konservativ qiymətdir, çünki beynəlxalq maliyyə qurumları da pandemiyanın davam edəcəyi təqdirdə, neftin qiymətinin 35-40 dollar intervalında dəyişəcəyini proqnozlaşdırırlar”.
Deputat hesab edir ki, pandemiya dövründə nikbin və bədbin ssenarilərə də baxmaq lazımdır. Çünki neftin qiymətinin pessimist proqnozlarda 35, nikbin yanaşmalarda isə daha yüksək olması gözlənilir:
“2021-ci ilin büdcə layihəsində pozitiv məqamlardan biri də odur ki, ilk dəfə sosial xərclər ümumi xərclərin 42 faizindən çoxunu təşkil edəcək. Neft Fondundan büdcəyə birbaşa ayırmalar 12,2 milyard manat olacaq. Beləliklə, Fondun transfertləri ilə bərabər, enerji sektorundan büdcəyə daxilolmalar ümumi həcmin 85 faizini formalaşdıracaq. Qeyri-neft sektorundan daxil olan gəlirlərdə cüzi – 0,7 faiz artım gözlənilir. Büdcə gəlirlərinin 42 faizi qeyri-neft sektorunun payına düşür. Gələn il də neft sektorundan gələn vəsaitlər büdcədə dominant olacaq”.
V.Bayramov xatırlatdı ki, Maliyyə Nazirliyi Ümumi Daxili Məhsulda 2 faiz artm proqnozlaşdırır:
“Əgər gələn ilin birinci yarısında qlobal və yerli svəiyyədə pandemiya lokalaşdırılarsa, büdcə gəlirlərində artımlar mümkündür. Beləliklə, pandemiya 2021-ci ildə fiskal siyasətimizə yenə də təsir edəcək və gəlirlər xarici faktor olan pandemiyadan asılı olacaq”.
Xatırladaq ki, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 124 000,0 min, xərcləri isə 27 492 200,0 min manat təsdiq edilib. Büdcədə neftin bir bareli 55 dollardan götürülmüşdü, sonradan azaldıldı. Əvvəlki büdcədə gəlirlər 24 milyard 134,5 milyon, xərclər isə 26 milyard 894,7 milyon manat təsdiq edilmişdi. Hökumət büdcəyə dəyişklikləri koronavirus pandemiyası ilə bağlı xərclərin artması və neftin ucuzlaşması ilə izah edib. Dəyişiklik nəticəsində Neft Fondundan transfertin həcimi 850 milyon manat ardıb.(pressklub)
Turqut