"Penitensiar xidmət və prokurorluğun zorladığı Lamiyə.."
Milli Şuranın sədri Cəmil Həsənli cəzaçəkmə müəssisələrində baş verən son bir neçə çox ciddi narahatlıq doğuran hadisəyə münasibət bildirib.
"Xeberinfo.com": Məlumata görə, o, facebook səhifəsində son günlər mediada ən çox müzakirə olunan məsələlərdən biri, Lamiyə Quliyevanın həbsxanada uşaq doğması məsələsinə də toxunub: “Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində nələr baş verir? Yayılan məlumatlardan heyrətlənməmək mümkünsüzdür. 14 saylı cəzaçəkmə yerində döyülərək öldürülmüş Elşad Babayevin qırx mərasimi çıxmamış 17 saylı müəssisədə cəzasını çəkən İsrayıl Ağayev özünü asdı.
Elşad Babayevin döyülərək öldürülməsinə etiraz etmiş məhbusların üzərinə gecə ikən ordu yeridildi. Yüzlərlə məhbus sözün tam mənasında vəhşicəsinə şil-küt edildi. Uzun müddət şikəst edilmiş insanlara yaxınları ilə görüşmək imkanı verilmədi. Hadisə ictimaiyyətdən gizlin saxlandı. Penitensiar Xidmətin mətbuat xidmətinin və prokurorluğun açıqlamaları hadisəyə aydınlıq gətirilməsini zəruri edən çoxlu suallar doğururdu. Azərbaycan vətəndaşı döyülərək öldürülmüş, Xitmət əməkdaşlarının özbaşnalığı nəticəsində gənc bir məhbus həyatını itirmiş, çinayət baş vermişdir.
İki gün əvvəl Rusiya Müdafiə Nazirliyi Osventsim ölüm düşərgəsinin fəaliyyəti haqqında 1945-ci ildə Sovet orqanları tərəfindən ələ keçirilmiş sənədləri açıqladı. Aydın olan budur ki, döyülən, öldürülən, üzərində eksperiment aparılan insanlar haqqında aktlar, sənədləşmələr aparılıb. Məhbuslara əzab verən, onların üzərində zorakılıq əməllərini həyata keçirən ölüm düşərgəsinin məsul şəxslərinin adları, vəzifələri, məhbuslar üzərinə buraxılan hansı itin xaltasının kimin əlində olması belə bu sənədlərdə əks olunub. Dünyanın düz vaxtında, XXI əsrin ikinci onilliyində 31 yaşlı məhbus döyülərək ödürülür, üzərində işgəncə izləri olan cəsədin fotoları yayılır, Penitensiar Xidmət isə məsələyə aydınlıq gətirmək əvəzinə döyülmə hadisəsini böyük əzmkarlıqla inkar edir. Məsələ ilə bağlı prokurorluq orqanlarının açıqlaması baş vermiş cinayət hadisəsi haqqında nağılvarı, mücərrəd söz yığınından başqa bir şey deyildir.
Məhbus qadın Lamiyə Qiliyeva ilə bağlı baş verənlərə isə cinayət aləmindən bəhs edən detektivlərdə belə təsadüf edilə bilməz. Bu hadisə Azərbaycan Penitensiar Xidmətin, Məhkəmə sisteminin və Prokurorluq orqanlarının hansı fəlakətin, onların ümidinə qalan ölkə vətəndaşının hansı faciənin içində olduğunu bütün çılpaqlığı ilə ortaya qoydu. Mənim düşüncəmə görə Lamiyənin başına gətirilən bu müsibətlərə görə, yalnız bu orqanlar deyil, bütün cəmiyyət günahkardır. Hadisə ölkənin hüquq sisteminin hansı çirkabın, əslində isə hansı cinayətin içində olduğunu göstərdi. 15 yaşlı qız uşağı törətdiyi əmələ görə 10 il cəzaya məhkum edilib və günbəgün cəzasını çəkib, azadlığa buraxılacağı günü səbrsizliklə gözləyir. Lakin mübhəm azadlıq təbəssümü dodaqlarında donur. Azadlıq sevinci ona nəsib olmur. Penitensiar Xidmət əməkdaşları cəzaçəkmə müəssisəsinin içində ona qarşı cinayət tərkibli yeni iddia irəli sürür və nədənsə Lamiyə məhz cəzasını çəkib qurtaran vaxt cəsarətlənib müəssisə rəisi ilə mübahisə edir, daxili qaydaları pozur. İş o qədər qurama olur ki, hətta Xətai rayon məhkəməsi cinayət tərkibi olmadığından işə xitam verir. Ən azından öz peşə borcunu vicdanla yerinə yetirmiş və cəmiyyətimizdə az təsadüf edilən belə hakimə təşəkkür etmək lazımdır. Bəs sonra nə baş verir? Prokurorluq orqanları məhkəmənin qərarına protest verib onun araşdırırlmasını keçirir Apelyasiya məhkəməsinə. Apelyasiya məhkəməsi isə rəislə mübahisə etdiyinə görə Azərbaycan respublikası adından Lamiyəyə nə az, nə çox 5 il 6 ay əlavə cəza hökmü çıxarır. Rəislə mübahisə və daxili intizam qaydalarını pozmaq adı altında bu kimsəsiz qıza 5 il 6 ay əlavə cəza verilir. Hətta belə şeylər olubsa da, həmin günahların bu qədər cəzası ola bilməz. Digər tərəfdən aşağı instansiya məhkəməsinin bəraət verdiyi bir işə necə ola bilər ki, yuxarı instansiya məhkəməsi belə hökm çıxarsın. Prokurorluğun protestini kim imzalayıb, hansı Apelyasiya məhkəməsinin hansı “ədalətli” hakimi bu hökmü çıxarıb? Bütün bunlara aydınlıq gətirilməli, Lamiyənin azadlığa çıxmasının qarşısını alan cinayətkar dəstə müəyyən edilməlidir. Şübhəsiz ki, bu iş kənardan idarə olunub. Lamiyənin faciəsi ilə bağlı rüsvayçılıq onda deyil ki, azadlığa ümidini itirmiş bir qadın dünyaya atası bəlli olmayan uşaq gətirib. Rüsvayçılıq ondadır ki, ölkənin bütün hüquq sistemi harın bir məmurun əlində oyuncağa çevrilib. İndi Penitensiar Xidmətin rəhbərliyi gündə açıqlama verib bu məsum körpənin atasını axtarır. Əslində, hüquqi baxımdan bu körpənin atası bəllidir. Onu, quraşdırdıqları saxta cinayət işi ilə Penitensiar Xidmətin, prokurorluq orqanlarının, Apelyasiya məhkəməsinin birgə zorladığı Lamiyə dünyaya gətirmişdir”.
Qafqazinfo.az