İlham Mirzəyevin ittiham aktı
“Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru Əliyev İsrayıl İsrayıl oğlu Mirzəyev İlham Əlikram oğlunun Azərbaycan Respublıkasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 1419000153 nömrəli cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edərək Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsini rəhbər tutub, hazırkı ittiham aktını tərtib etdim
"Həmin cinayət işi 10 aprel 2014-cü il tarixdə tərəfimdən faktlara görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış və icraatıma qəbul edilərək ibtidai istintaqı aparılıb".
"Xeberinfo.com": Cinayət işi üzrə şübhəli şəxs qismində dindirilmiş Mirzəyev ilham Əlikram oğlu ifadəsində göstərib ki, 10 yanvar 2014-cü il tarixindən etibarən Bakı şəhəri, Nərimanov rayonu, İ Dadaşov küçəsi 57 ünvanında yerləşən özünə məxsus 247 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsində Vergilər Nazirliyi, Səhiyyə Nazirliyi və Sosial Müdafiə Fondunun qeydiyyatından keçərək “İlhaMed” tibb mərkəzini açıb. Tibb mərkəzinin təsisçisi və direktoru özüdür. O, tibb tibb mərkəzində vətəndaşlara psixoloji yardım göstərməklə məşğul olur. Orada yerləşən digər otaqlarda isə ali təhsilli mütəxəssislər tərəfindən psixoloq, massajist, fizioterapiya və ultrasəs müayinəsi təşkil olunur. Qəbul zamanı vətəndaşlara pullu xidmət göstərilir. Həmin xidmətlərin qiyməti respublikada bu sahədə mövcud qiymətlərə uyğun ümumi qaydalar əsasında müəyyən edilib. Qəbula gələn vətəndaşlar qəbul şöbəsində qeydiyyatdan keçərək əvvəlcədən göstəriləcək xidmətlərə görə ödənişlərini xəzinədara ödəyərək mütəxəssislərin qəbuluna buraxılırlar. Barəsində şikayət etmiş A. (ad şərtidir –red) təxminən bir həftə əvvəl iki dəfə onun qəbulunda olub, A.-ya onun tərəfindən psixoloji yardım göstərilib və hər dəfə 50 AZN xidmət haqqı ödənib. Sonrakı günlərdə A. 2-3 dəfə tibb mərkəzinə gələrək onun qəbulunda olub, həmin ərəfədə dəfələrlə işi olduğunu bildirib və tələsdiyi üçün heç bir ödəniş etmədən çıxıb gedib və deyib ki, göstərdiyi psixoloji yardıma görə ödənişin hamısını birdəfəlik ödəyəcək. Əvvəlki dəfələrdə A stresslə bağlı müraciət edib və ağlayaraq 4 aydır ki, anasını itirdiyini, göz yaşları içində boğula-boğula özünə qəsd etmək istədiyini, həyatının mənasız olduğunu deyib, o isə, saatlarla A. ilə məşğul olaraq intihar etməməsini, Allaha sığınıb səbr etməsini məsləhət görüb və ona psixoloji yardım edib. Sonra isə onun yanına gələrək deyib ki, “Mən sakitləşdim və bununla barışdım, amma məni sevən oğlan mənə qarşı laqeyddir, tamamilə məndən soyuyub. Əgər o mənimlə heç olmazsa, bir az mehriban olarsa, mən hər şeyi unudaram”.
“Əvvəlki və gələcəkdə göstərəcəyim xidmət də daxil olmaqla, 3 min Avro verəcəksən”
Beləcə, 09 aprel 2014-cü il tarixində A. yanına gələrək bildirib ki, yaxın münasibətdə olduğu Ç. adlı şəxslə münasibətlərinin bərpa olunmasına, barışmasına köməklik etsin. O, A.-ya deyib ki, “özünün və Ç-nin şəkillərini mənə gətir. Əvvəlki və gələcəkdə göstərəcəyim xidmət də daxil olmaqla 3 min Avro verərsən, sənə köməklik edərəm”. A. onunla razılaşıb, həmin tarixdə günortadan sonrakı saatlarda A. iş ortağına gələrək özünün və Ç.-nin iki ədəd ayrıca fotoşəkillərini və 1600 Avro pulu ona verib. Pullar 500, 100 və 50-lik avro pullardan ibarət olub. A. qalan 1400 avro pulu sabahkı gün gətirəcəyini bildirib. O, A.-dan özünün və Ç. adlı şəxsin fotoşəkillərini götürsə də, fotoşəkillərlə bağlı heç bir addım atmayacaqdı, fotoşəkillərin heç bir məqsədlə istifadə etməyəcəkdi. 10 aprel 2014-cü il tarixində, saat 15:30 radələrində A. iş otağına gəlib və 14 ədəd 100-lük avro olmaqla cəmi 1400 avro pulu ona verib. O, A.-ya bildirib ki, hər şey yaxşı olacaq, köməklik edəcək. A. iş otağından çıxdıqdan sonra otağa mülki geyimli şəxslər daxil olub, vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, əllərində qərar olduğunu deyiblər. Onlar hal şahidlərinin iştirakı ilə iş otağına baxış keçiriblər. Polis əməkdaşları ondan A.-nı tanıyıb-tanımadığını soruşublar. O, polis əməkdaşlarına bir qədər əvvəl A.-dan 1400 avro aldığını deyərək otağında əyləşdiyi siyirtmə şkafın yuxarıdan ikinci gözündən həmin 14 ədəd yüzlük Avro pulları polis əməkdaşlarına təqdim edib və pulları kağız zərfə qoyub qablaşdırıblar. Sonda bu barədə protokol tərtib olunub, protokol ucadan oxunub, o və və digər iştirakıçalar protokolu imzalayıblar. Sonradan o, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub və sərbəst yazdığı izahatında A.-dan 300 Avro aldığını qeyd edib və könüllü surətdə bir gün əvvəl A.-dan aldığı 1600 avro pulu və iki ədəd rəngli fotoşəkli polis əməkdaşlarına təqdim edib.
İnzibati sınaq zamanı zərərçəkmiş şəxs A. və şübhəli şəxs Mirzəyev İlham Əlikram oğlu arasında üzləşdirmə keçirilib, üzləşdirmə A. əvvəlki ifadəsində göstərdiklərini İlham Mirzəyevin üzünə qarşı bir daha səsləndirib, sonuncu isə öz növbəsində zərərçəkmiş şəxs A.-nın üzləşdirmə zamanı hadisənin baş vermə şəraiti və mexanizmi ilə bağlı verdiyi ifadəsini təsdiq edib.
Cinayət üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Mirzəyev İlham Əlikram oğlu ifadəsində həmçinin göstərib ki, 1986-cı ildə Əli-Bayramlı şəhərinin Sənaye Texnikumun mülki tikintilər fakültəsini texniki inşaatçı üzrə, 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr aktyoru fakültəsini bitirib. Sonradan dəqiq xatırlamadığı vaxtda 1 il müddətində Azərbaycan Müəllimlər İnstitutunun ixtisasdəyişmə kursunu bitirib və psixoloq ixtisasına yiyələnib. 2004-cü ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, elmi işçi, hazırda həmin institutda aparıcı elmi işçi vəzifəsində çalışır. Bununla yanaşı, müqavilə əsasında “Space” telekanalında aparıcı işləyir. Əvvəllər “Space” telekanalında “Tale yolları” verilişinin müəllifi və aparıcısı olub, hazırda isə həmin telekanalda “Etiraf” və “Etbar edin” verilişinin təsisçisi və aparıcısıdır.
2004-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Sosial-Psixoloji şöbəsində psixologiya sahəsində elmi fəaliyyətə başlayıb, 2006-cı ildə “Posttravmatik streslərin sosial-psixoloji təhlili” adlı dissertasiya işini müdafiə edərək psixologiya üzrə fəlsəfə doktoru elmi adına yiyələnib. Bu günədək psixologiya sahəsində 8 monoqrafiyanın, 70 elmi məqalənin müəllifidir. Təxminən 5 il əvvəl “Tanrı” Elmi İsterhsalat Firmasını təsis edib. Firnmanın hüququ ünvanını özünün yaşayış qeydiyyatında olduğu ünvan, yəni Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, ev 51-dəki mənzildir. 30 oktyabr 2009-cu il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsisçi və direktor olduğu “Tanrı” Elmi İstehsalat Firmasına Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 ünvanında tibb fəaliyyətinin həyata keçirilməisnə icazə verilməsi haqında 026003 nömrəli lisenziya verilib. 10 yanvar 2014-cü il tarixində o, özünə məxsus Bakı şəhəri Nərimanov rayonu İbrapimpaşa Dadaşov küçəsi 57 ünvanında yerləşən 247 kv metr sahəsi olan qeyri-yaşayış sahəsində təsisçi və direktoru olduğu “Tanrı” Elmi-İstehsalat Firması nəzdində “İlhaMed” tibb mərkəzini açıb və həmin vaxtdan etibarən tibb firması fəaliyyət göstərib. Belə ki, tibb mərkəzininin direktoru özüdür, mərkəzin baş həkimi İbrahimova Gülər Arif qızıdır. “İlhaMed” tibb mərkəzində uşaq psixoloqu, surdoloq, kəkələmə mütəxəssisi, böyüklər üçün psixoloq, nevropotoloq, psixoterapevt, ultrasəs müayinə həkimi, fizioterapevt və massaj xidmətləri fəaliyyət göstərib. “İlhaMed” tibb mərkəzində vətəndaşlara ödənişli xidmət göstərilir və tibbi xidmət üçün ödənilən məbləğlər razılaşma yolu ilə konkret qiymətlər müəyyən olunub.
“İlham Mirzəyev psixoloq olaraq müraciət etmiş vətəndaşları tibb mərkəzindəki özünün əyləşdiyi otaqda qəbul edib, onlara psixoloji yardım göstərilib”
Psixoloq olaraq onun qəbuluna gələn böyüklər üçün 50 manat, uşaqlar isə 25-30 manat ödəniş alınıb. O, özü şəxsən “İlhaMed” tibb mərkəzində psixoloji yardım üçün müraciət etmiş pasientlərdən göstərdiyi psixoloji yardım xidmətinə görə əlbəəl pul alıb, pasient onun qəbuluna gələnə kimi artıq tibb mərkəzində qeydiyyat şöbəsində qeydiyyatdan keçib, birdəfəlik qəbul üçün nəzərdə tutulmuş 25-30 manat pulu ödəyərək qəbz alır və yalnız bundan qəbzlə birlikdə onun qəbuluna gəlir. O, qəbzi göstərdikdən sonra pasientləri direktor otağında qəbul edib. Psixoloq olaraq o, müraciət etmiş vətəndaşları tibb mərkəzindəki özünün əyləşdiyi otaqda qəbul edərək onlara psixoloji yardım göstərib. Göstərdiyi psixoloji yardımın mahiyyəti ondan ibarət olub ki, vətəndaş ona müraciət etdikdə, psixoloq olaraq onu ilk növbədə dinləyib, onu narahat edən problemin nədən ibarət olduğunu araşdırıb. Təxminən 8-9 gün əvvəl dəqiq xatırlamadığı tarixdə günortadan sonrakı saatlarda “İlhaMed” tibb klinikasında əvvəllər tanımadığı, adını sonradan bildiyi A. pasient kimi gəlib və ona müraciət edib. A. hamı kimi qəbula gələrkən 4 ay əvvəl anasının xərçəngdən dünyasını dəyişdiyini və anasının vəfatı ilə barışa bilmədiyini danışmış, göz yaşları içərisində boğula-boğula özünü öldürmək istədiyini bildirmişdir.
O, psixoloq olaraq A.-ya təsəlli vermiş, ondan ailəsi barədə sorğu-sual etmiş, ona izah etmişdir ki, anasının vəfatı ilə barışmalıdır. Allaha sığınmaq lazımdır, anası ağır xəstə olub, uzun müddət yataqda yatsa idi, o, buna dözə bilməzdi. O, həmin pasientə özünəqapanma, depressiya və intihara meyillilik diaqnozu müəyyən etmiş və onun üçün 30 günlük psixoloji seans keçməsini məsləhət görmüşdür. Hətta A.-nı tibb mərkəzində fəaliyyət göstərən şüa-diaqnostika aparatına göndərmişdir ki, orada beyni aparata salınsın. Şüa-diaqnostika aparatına baxan həkim Mətanət xanım bildirmişdir ki, A.-nın beynində heç bir problem yoxdur və beləcə, onun qoymuş olduğu diaqnoz düzgün çıxmışdır. Sabahı gün, günortadan sonrakı saatlarda A. növbəti dəfə “İlhaMed” tibb mərkəzinə gələrək, bu dəfə də 50 manat birdəfəlik qəbul üçün ödəniş haqqını ödədikdən sonra onun qəbulunda olmuş, o A. ilə şifahi söhbət aparıb ona psixoloji yardım göstərmişdir.
Növbəti günlərdə də, 2-3 dəfə A. “İlhaMed” tibb mərkəzinə gələrək qəbulunda olmuş, həmin vaxt onu otağında qəbul edib psixoloji yardım göstərmişdir. Bu dəfəki gəlişləri zamanı isə A. qəbul şöbəsində qəbul üçün 50 manat ödəniş etməmiş və bildirmişdir ki, tələsir, ödənişlərin hamısını birdəfəlik ödəyəcəkdir. O, buna etiraz etməmmiş və beləcə, növbəti 2-3 gündə A.-nı qəbul etmiş, ona psixoloji yardım göstərmişdir.
“Növbəti dəfə, 10 aprel 2014-cü il tarixdə günortadan sonra, təxminən saat 15-16 radələrində A. “İlhaMed” tibb mərkəzinə onun otağına gəlmiş, otaqda A. özünün və sevdiyi şəxsin ayrı-ayrılıqda iki ədəd rəngli fotolarını, bir də 14 ədəd 100-lük avro pul əskinazlarından ibarət 1400 Avro pulu ona vermişdir”
Növbəti gəlişlərinin birində A. özü haqqında danışarkən bildirmişdir ki, onun bir nəfər kişi tanışı vardır, həmin şəxs ailəlidir, həmin şəxs ona həmişə maddi yardım göstərmişdir, hətta anasının müalicəsi üçün də ona yardım göstərmişdir, lakin son vaxtlar münasibətləri soyumuşdur, əgər həmin şəxs yenidən onunla yaxın münasibətdə olsa, özünü yaxşı hiss edər. O, A.-dan bu şəxsin kim olduğunu, həmin şəxs evlidirsə, nəyə görə onunla münasibətdə olduğunu soruşmuş və A.-ya demişdir ki, “həmin şəxsin şəklini gətir, bir baxım görüm kimdir”. Növbəti dəfə, 10 aprel 2014-cü il tarixdə günortadan sonra, təxminən saat 15-16 radələrində A. “İlhaMed” tibb mərkəzinə onun otağına gəlmiş, otaqda A. özünün və sevdiyi şəxsin ayrı-ayrılıqda iki ədəd rəngli fotolarını, bir də 14 ədəd 100-lük avro pul əskinazlarından ibarət 1400 Avro pulu ona verib bildirmişdir ki, “bu pullar 30 günlük seansın puludur, hamısını birlikdə verirəm, məndə milli pul olmadığı üçün pulu Avro ilə verirəm”. O, ödənişi manatla etməsini söyləmiş, lakin A. bildirmişdir ki, tələsir, onda milli pul olmadığı üçün Avro ilə verir. O, həmin 14 ədəd 100-lük avro pulu A.-dan götürüb oturduğu stolun sağ tərəfindəki şkafın yuxarıdan ikinci siyirtməsinə qoymuş, düşünmüşdür ki, həmin 1400 Avro pulu sonradan Azərbaycan manatına çevirər və tibb mərkəzinin kassasına mədaxil edər. A. tələsdiyini söylədiyi üçün həmin gün ona psixoloji yardım göstərməmiş, A. pulu və iki ədəd rəngli fotoşəkilləri ona verdikdən sonra çıxıb getmişdir. A. otaqdan çıxdıqdan ani vaxt sonra otağına mülki geyimli şəxslər gəlmişlər. Həmin şəxslər özlərini təqdim edərək, Azərbaycan Respublikası Baş Mütşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını, A.-nın barəsində etmiş olduğu şikayəti ilə bağlı gəldiklərini söyləmişlər. A. da sonradan polis əməkdaşalrı ilə birlikdə qayıdıb otağa gəlmişdir. Polis əməkdaşalrı ondan A.-dan pul alıb-almadığını soruşduqda, o, həqiqətən bir qədər əvvəl A.-dan 1400 avro aldığını etiraf etmiş və otağındakı oturduğu stolun sağ tərəfindəki şkafın yuxarıdan ikinci siyirtməsindən 14 ədəd 100-lük avro pul əsginazlarını götürüb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları müvafiq protokol tərtib etməklə təqdim etdiyi 14 ədəd 100-lük Avro pulları kağız zərfdə qablaşdırıb götürmüşlər. Bu barədə protokol tərtib edilmiş, protokol oxunmuş, məzmunu ilə tanış olduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər.
Cinayət işi üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Əlimərdanov Kərim Heydər oğlu ifadəsində göstərmişdir ki, 10 aprel 2014-cü il tarixdə A. adlı vətəndaş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “İlhaMed” tibb mərkəzində psixoloq işləyən İlham Mirzəyevin qəbulunda olarkən, İlham Mirzəyevin ona xoşuna gələn oğlanla münasibətlərində şirinlik yaradacağına, onları bir-birilərinə qovuşduracağına, nəticədə, evlənəcəklərinə söz verdiyini və bu işin həlli üçün ondan 3000 Avro pul istədiyini, 09 aprel 2014-cü il tarixdə bu məqsədlə həmin tibb mərkəzinə gedərək İlham Mirzəyevə 1600 avro pul və iki ədəd fotoşəkillərini verdiyini, İlham Mirzəyevin 3000 Avro pulu sabahı gün, yəni 10 aprel 2014-cü il tarixdə çatdırılmasını söylədiyini, lakin sonradan İlham Mirzəyevin onu yalandan aldadaraq pulunu ələ keçirməsini başa düşdüyünü bildirmiş və İlham Mirzəyev barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin tarixdə o, vətəndaş A.-nın müraciətinə əsasən məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı raprotla BMCMİ-nin rəisinə məruzə etmiş və rəhbərlik tərəfindən əməliyyatın keçirilməsinə dair qərar qəbul etmişdir.
“İlhaMed” tibb mərkəzinin direktoru İlham Mirzəyevin cinayət əməlinin ifşa edilməsi məqsədi ilə ərizəçi A. tərəifndən ona verilməsi üçün hal şahidlərinin iştirakı ilə A.-nın şəxsi vəsaitindən olan 14 ədəd 100-lük avro pul əsginazları seriya və nömrələri yazılmaqla və kserosurətləri çıxardaraq A.-ya verilmişdir. Ərizəçi A.-ya əməliyyat-axtarış tədbirinin planına uyğun necə hərəkət edəcəyi izah olunmuş, bundan sonra, həmin gün, yəni 10 aprel 2014-cü il tarixdə saat 15:30-da əməliyyat qrupunun üzvləri, dəvət olunmuş hal şahidləri və ərizəçi A. ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 ünvanında fəaliyyət göstərən “İlhaMed” tibb mərkəzinin qarşısına gəlmişlər. Əməliyyat planına uyğun olaraq A. “İlhaMed” tibb mərkəzinə daxil olub girişlə üzbəüz yerləşən mərkəzin direktoru İlham Mirzəyevin otağına keçmişlər. Ərizəçi A.-nın deməsinə görə, İlham Mirzəyev ondan qalan 1400 avro pulu həmin gün çatdırılmasını istəmişdir. Təxminən 8-10 dəqiqə sonra A. tibb mərkəzinin direktoru İlham Mİrzəyevin otağından bayıra çıxmış və kənardan dayanıb müşahidə aparan əməliyyat qrupunun üzvlərinə artıq əvvəlcədən seriya və nömrələri yazılmaqla əməliyyat tədbirində istifadə edilməsi məqsədilə ona təqdim olunmuş pulları İlham Mirzəyevə verməsi şərti işarə ilə xəbər vermişdir.
“Əməliyyatçılar otağa daxil olduqda tibb mərkəzinin direktoru İlham Mirzəyev içəridə tək olub”
Bundan sonra əməliyyat qrupunun üzvləri dəvət olunmuş hal şahidləri ilə ərizçi A.-nın iştirakı ilə “İlhaMed” tibb mərkəzindəki əsas girişlə üzbəüz yerləşən mərkəzin direktoru İlham Mirzəyevin iş otağına daxil olmuşlar. Otağın giriş qapısının kənarında “Direktor İ.Mirzəyev” yazılı lövhə vurulmuşdur. Otağa daxil olduqda tibb mərkəzinin direktoru İlham Mirzəyev içəridə tək olmuşdur. Əməliyyat qrupunun üzvləri xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və İlham Mirzəyevi əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişlər.
Sonra tibb mərkəzinin direktoru İlham Mirzəyevə vətəndaş A.-nın onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı şikayət ərizəsi əsasında əməliyyat tədbirinin keçirilməsi barədə məlumat verilmiş və ondan A.-nın ona müraciət edib-etmədiyini, bu vətəndaşlardan hansısa məbləğdə pul alıb-almadığını şifahi soruşmuş və ona təklif etmişlər ki, əgər A. ona hansısa məbləğdə pul vəsaiti vermişdirsə, həmin pulları təqdim etsin. İlham Mirzəyev əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış olub təkliflərini dinlədikdən sonra bildirmişdir ki, bəli, həqiqətən də, A.-nı tanıyır, bu xanım əvvəllər 2-3 dəfə “İlhaMed” tibb mərkəzinə gəlmişdir və A. şəxsən onun özünə psixoloji yardım üçün müraciət etmişdir. İlham Mirzəyev bildirmişdir ki, əvvəlki dəfələrdə A. onun qəbulunda olarkən göstərdiyi psixoloji yardıma görə hər dəfə direktoru olduğu tibb mərkəzinə 50 manat pul ödəmiş, həmin gün də, növbəti dəfə A. onun qəbuluna gəlmiş və bir qədər əvvəl iş otağında A. gələcəkdə göstərəcəyi psixoloji yardım xidmətinə görə ona 1400 avro pul vermişdir. Təkliflərinə əsasən İlham Mirzəey iş otağında əyləşdiyi stolun sağ tərəfindəki dördgözlü siyirtmə şkafın yuxarıdan ikinci gözünü açaraq oradan 14 ədəd 100-lük avro pul əsginazlarından ibarət cəmi 1400 avro məbləğində pulları təqdim etmiş və bildirmişdir ki, bu pullar bir qədər əvvəl A.-nın ona vernmiş olduğu pullardır. İlham Mirzəyevin iş otağında təqdim etdiyi 14 ədəd 100-lük avro pul əsginazlarına baxış keçirən sənədləşmə aparılmaqla A.-ya təqdim olunmuş şəxsi vəsaitindən olan 14 ədəd 100-lük avro pul əsginazlarının seriya və nömrələri ilə eyniyyət təşkil etdiyi müəyyən edilmişdir. İlham Mirzəyevin təqdim etdiyi 14 ədəd 100-lük avro pul əsginazları onun özünün dəvət olunmuş hal şahidlərinin və ərizəçi A.-nın iştirakları ilə kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənməklə götürülmüş, əməliyyat tədbiri zamanı fotoçəkilişi aparılmışdır. Sonra ounun tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokol tərtib olunmuşdur. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir şikayət, təklif daxil olmamış və sonda bütün iştirakçılar, o cümlədən İlham Mirzəyevin özü protokolun doğruluğunu imzalarla təsdiq etmişlər.
“Hadisə yerinin mühafizəsinin təmin edilməsi üçün tibb mərkəzinin direktoru İlham Mirzəyevin iş otağının qapısı kilidlə bağlanıb və möhürlənib”
Əməliyyat-axtarış tədbirinin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi başa çatdıqdan sonra araşdırma zərurəti ilə bağlı cinayətin izlərinin, subut mənbəyi ola biləcək digər maddi obyektlərin və iş üçün əhəmiyyətli digər halların müəyyən edilməsi məqsədilə hadisə yerinin mühafizəsinin təmin edilməsi üçün tibb mərkəzinin direktoru İlham Mirzəyevin iş otağının qapısı kilidlə bağlanmış və möhürlənmişdir. Sonra İlham Mirzəyev araşdırma zərurəti ilə əlaqədar izahat verməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gələn İlham Mirzəyev öz xətti ilə sərbəst şəkildə yazdığı izahatında göstərmişdir ki, həqiqətən də bir gün əvvəl A. ona 1600 avro pul və özünün və yaxın münasibətdə olduğu şəxsin fotoşəkillərini vermişdir. İlham Mirzəyev iki ədəd fotoşəkilləri və 1600 avro pulları təqdim edə biləcəyini izahatda göstərmişdir.
Bundan sonra hal şahidlərinin iştirakı ilə İlham Mirzəyev 2 ədəd 500-lük, 4 ədəd 100-lük və 5 ədəd 50-lik avro pul əsginazlarından ibarət cəmi 1600 avro pulları və ərizəçi A.-nın və bir nəfər kişi cinsinə mənsub şəxsin iki ədəd rəngli fotoşəkillərini təqdim edərək bildirmişdir ki, həmin pulları və iki ədəd rəngli fotoşəkilləri A. bir gün əvvəl, yəni 09 aprel 2014-cü il tarixdə sevdiyi oğlanla şirin münasibətlərini düzəltməsi üçün ona vermişdir. Sonda İham Mirzəyevin təqdim etdiyi 1600 avro pullar və iki ədəd rəngli fotoşəkillər tərəfindən ayrı-ayrı kağız zərflərdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, heç bir şikayət, təklif daxil olmamış və iştirakçılar protokolun doğruluğunu imzalarla təsdiq etmişlər.
Cinayət işi üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Camalov Rövşən Məhərrəm oğlu və Səfərov Emil Nizami oğlu, şahid K.H.Əlimərdanov da eyni məzmunlu ifadə vermişlər.