“GENERALA 300 MİN DOLLAR GÖNDƏRDİM” –"MTN İŞİ"
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Xeberinfo.com: Musavat.com xəbər verir ki, sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan MTN zabitinin məhkəməsi hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilib.
Prosesdə zərərçəkmiş şəxs qismində tanınan iş adamı Namil Rzayevin epizodu araşdırılıb.
Namil Rzayevin 2008-ci ildə “Texnikabank”ın Bakı filialında pulu batan iş adamlarından biridir. Bildirək ki, həmin vaxt bankın vəzifəli şəxsləri barəsində o vaxt Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində cinayət işi başlanmışdı.
Həmin vaxt istintaqa nəzarəti MTN-nin Baş İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyev və həmin idarənin 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərov həyata keçirib. İstintaq zamanı bir çox iş adamları MTN-ə çağırılıb, onlara hədə-qorxu gəlinərək banklardakı əmənətlərindən əl çəkmlərini istəyblər.
500 min dollarlıq tələb…
Bankda pulu batan Namil Rzayev MTN-ə çağırılıb və ondan 500 min dollar tələb edilib. Əks halda isə həbs ediləcəyi deyilib.
Məhkəmədə şahid qismində iş adamının sürücüsü Bədrəddin Sultanov ifadə verib. O deyib ki, Namil Rzayevin MTN generalı Mövlan Şıxəliyevə 200 min dollar verməsinə şahidlik edib: “2008-ci ildə “Nizami” kinoteatrının yaxınlığında Namil müəllimin ofisində idim. Həmin vaxt Namil Rzayev torbada pul götürdü. Arxasınca gəlməyimi istədi. Namil müəllim 28 May küçəsi, 6 ünvanında yerləşən bir binanın blokuna girdi. Orada orta yaşlı bir kişi ilə görüşdü və pulu ona verdi. Namil müəllim həmin şəxsin MTN işçisi Mövlan olduğunu və ona 200 min dollar verdiyini dedi. Mən Mövlanı əvvəllər də görmüşəm. O, Namil müəllimin ofisinə tez-tez gəlirdi”.
Bədrəddin Sultanov ifadəsinin davamında bildirib ki, Namil Rzayevə MTN-dən növbəti dəfə zəng gəlib. Müdirinin bu zəngdən sonar narahat olmağa başladığını deyən şahid bildirib ki, həmin vaxt isə zəng edən MTN zabiti Vüsal Ələkbərov olub.
“Evini satıb 300 min dolları topladı”
Sürücü deyib ki, bu dəfə Vüsal Ələkbərov müdirindən 300 min dollar tələb edib. Bu epizod üzrə olduqca maraqlı bir hadisə də baş verib.
Belə ki, MTN zabitlərinin öz aralarında dollara “göy-göyərti” deməsi iş adamını çaşdırıb.
İş adamının sürücüsü ifadəsində bu məsələyə toxunub və əlavə edib: “Namil müəllim həbs olunacağından qorxurdu, buna görə də “Azneft”də olan evini sataraq 300 min dolları topladı. Pulu Vüsal adlı şəxsin tapşırığı ilə mağazadan 250 manata qara rəngli çanta aldı. 300 min dolları çantaya qoyandan sonra üstünə göy-göyərti yığdı. Birlikdə MTN-nin inzibati binasının yanına gəldik. Orada pulu Vüsal adlı MTN əməkdaşına verdik”.
300 min dolların üstünə göy-göyərti yığılması məhkəmə prosesində iştirak edən hər kəsi təəccübləndirib.
Buna görə də şahidə sual verilib ki, pulun üstünə göy-göyərti qoymaqda məqsəd nə olub?
“Başa düşdüm ki, MTN-də dollara göy-göyərti deyirlər”
Bu suala iş adamı Namil Rzayevin özü əsəbi şəkildə cavab verib: “Vüsal mənə dedi ki, “mağazadan qara çanta al, içinə də göy-göyərti qoy, bizə gətir”. Mən də fikirləşdim ki, pulların üstünə göy-göyərti qoyulmasının istəməkdə məqsəd pulun görünməməsi ilə bağlı olub. Buna görə də bazardan 5-6 dəstə göy-göyərti aldım. Evə gələndən sonra qara çantaya 300 min dolları yığdım, üstünə də göyərtini düzdüm. Dedim ki, pulu xərcləyərlər, göyərti ilə də günorta doğramac edib, yeyərlər. Çantanı Vüsal Ələkbərova verdim. Sonradan başa düşdüm ki, MTN-də dollara göy-göyərti deyirlər. İndi burada təqsirləndirilən şəxsin vəkilləri odu söndürüb, külü ilə oynayırlar”.
Daha sonra prosesdə şahid qismində Hüseyn Mustafayev ifadə verib. O, ifadəsində 2008-ci ilin noyabr ayında MTN əməkdaşlarının Namil Rzayevdən həbs edilməməsi üçün külli miqdarda pul tələb edilməsindən, Namil Rzayevin MTN əməkdaşlarına 500 min dollar verməsindən danışıb.
Qeyd edək ki, bu işdə adı çəkilən iki MTn əməkdaşından Vüsal Ələkbərov həbsdədir. General Mövlan Şıxəliyev isə azadlıqdadır. Ancaq o, məhkəmənin çağırışlarına məhəl qoymayaraq proseslərdə iştirak etmir.