“Mövlam Şıxəliyevlə Vüsal Ələkbərov 300 min dollar tələb etdi…” –MƏHKƏMƏ
Sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəməsi davam edib.
Xeberinfo.com: Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Nizami Kazımovun epizodu davam edib.
Şahid qismində dindirilən Şahin Hüseynov qeyd edib ki, “Çanaqqala” restoranında Tahir Əbdülqasımov və onun oğlu ilə birlikdə olub.
Şahidin sözlərinə görə, Nizami Kazımovun həbsdən azad edilməsi üçün evdən pulu götürüb və MTN-ə aparmaq lazım olub:
“Biz birlikdə evdən pulu götürmək üçün Həzi Aslanov qəsəbəsinə getdik. Evdən pulu götürəndən sonra MTN-ə getdik. Orada telefonla danışan zaman həmin şəxs dedi ki, hamınız gəlməyin, təkcə Samir pulu gətirsin. Maşını MTN-dən 20 metr aralıda saxladıq. Samir pulu götürərək MTN-in qapısına çıxan şəxsə verdi”.
Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınan Elşən Mədətovun epizodu üzrə dinləmələr keçirilib.
Şahid qismində Elşən Mədətovun tələbə yoldaşı Qaçay Əzizov ifadə verib.
O, ifadəsində qeyd edib ki, 2008-ci ildə Elşən Mədətovun MTN tərəfindən sıxışdırılması, ondan külli miqdarda pul tələb edilməsini eşidib:
“Bütün bunları mənə Elşənin özü deyib. Ona maddi cəhətdən köməklik etməyimi də istədi. Mən də özümdə olan 45 min manatı, tanışım İlkindən aldığım 20 min manatı da götürərək ona verdim. Sonradan eşitdim ki, Elşən həmin pulu həbs edilməməsi üçün MTN-in vəzifəli şəxslərinə verib”.
Daha sonra Elşən Mədətovun sürücüsü Zahid Əliyev ifadə verib.
O bildirib ki, 2008-ci ilin axırlarında Elşən Mədətovu bir neçə dəfə MTN-ə aparıb:
“Oradan çıxanda hiss edirdim ki, Elşən müəllimin qanı qaradır. Maşında olanda harasa zəng edirdi, nəsə danışırdı. Onun danışıqlarından hiss edirdim ki, MTN-də ondan pul tələb edirlər, tez-tez də MTN-in Vüsal adlı əməkdaşının adını çəkirdi. Amma mən ondan heç nə soruşmamışam, o da mənə heç nə deməyib".
Elşən Mədətov bir dəfə pulu MTN-də verib, ikinci dəfə isə Yasamal rayonunda binaların arasında bir nəfərə verib:
“Yasamal rayonunda pulun kimə verilməsini gördüm. İstintaq zamanı tanınma ilə bağlı mənə təqdim olunan şəkillərdən həmin şəxsin MTN-in şöbə rəisi olmuş Vüsal Ələkbərov olduğunu təsdiqlədim”.
Nəsrəddin Sultanov daha sonra ifadəsində qeyd edib ki, Elşən Mədətov onun dayısı oğludur: “Elşənin həbs edilməməsi üçün Mövlam Şıxəliyev və Vüsal Ələkbərov 300 min dollar tələb edirdilər. Mən də özümdə olan 30 min manatı Elşənə verdim ki, pulun üstünə qoysun, onlara versin. Biz o vaxtı MTN-i milləti talayan nazirlik adlandırırdıq”.
Qeyd edək ki, Vüsal Ələkbərov MTN-də İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi olub. Ona Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.
Lent.az