9 milyonluq maxinasiyanın üstü açıldı
Hesablama Palatası 2015-ci ilin 6 ayı üçün maliyyə-büdcə nəzarət tədbirləri ilə bağlı məlumat yaydı
"Xeberinfo.com": 2015-ci ilin 6 ayı ərzində Azərbaycanda nəzarət tədbirlərinin əhatəsinə daxil olmuş satınalmaların ümumi məbləği 885 milyon manat təşkil edib.
Bu barədə Hesablama Palatasının 2015-ci ilin 6 ayı üçün maliyyə-büdcə nəzarət tədbirləri ilə bağlı məlumatında deyilir.
Ümumi məbləğdən 9,8 milyon manat satınalma prosedurları tətbiq edilmədən, 3,3 milyon manat isə təsdiq edilmiş məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı müqavilələrə bölünməklə həyata keçirilib.
Məlumata əsasən, bu nöqsanlarla yanaşı satınalmalar zamanı müvafiq sahədə peşəkarlığı olmayan, texniki və maliyyə imkanları araşdırılmadan iddiaçıların satınalma proseslərinə cəlb olunması, işçi qüvvəsi, idarəetmə səriştəsi və müvafiq sahədə təcrübəsi olmayan müəssisələrin qalib elan olunaraq satınalma müqavilələrinin bağlanması, yalnız bir müəssisənin satınalma predmetindən asılı olmayaraq bütün satınalmalarda qalib elan olunması halları mövcud olub, əvvəlki audit tədbirlərinin nəticələrinə dair hesabatlarda da qeyd edildiyi kimi, rəqabətsiz satınalma metodlarından istifadə hallarının üstünlük təşkil etməsi, birmənbədən satınalma metodundan istifadə edilərək aparılan satınalmalarda qənaətin olmaması, satınalmanın vacib şərti kimi görüləcək iş və xidmətlərin ehtimal olunan dəyərinin düzgün hesablanmaması, keçirilmiş satınalmalar haqqında müvafiq icra hakimiyyətinə vaxtında məlumat verilməməsi kimi nöqsanlar da aşkar edilib.
Həmçinin nəzarət tədbirləri nəticəsində bəzi müəssisələr üzrə debitor borcların həcminin bu müəssisənin həmin maddələr üzrə təsdiq olunmuş təyinat həcmində olması, bəzi müəssisələr üzrə debitor borcların müqavilə şərtlərinə uyğun aparılmaması halları müəyyən olunmuş, bəzi hallarda hətta zəmanət müddəti bitmiş debitor borcların mövcud olması aşkarlanıb ki, bu isə ümidsiz debitorların yaranmasına səbəb olub.
Eyni zamanda, bir sıra hallarda tələbatdan artıq malların və inventarların alınması, avadanlıqların istismara verilməyərək istifadəsiz qalması, iş və xidmətlərin dəyərinin və həcminin artıq müəyyən edilməsi nəticəsində səmərəsiz xərclərə yol verildiyi də nəzarət tədbirlərində rast gəlinib.(ans press)