”Sistem yeni bir problem düşünüb tapmalıdır”
"Xeberinfo.com": Putin Rusiyasını demokratik adlandırmaq düzgün olmasa da, hər halda onun rəhbərliyi xalqın əks-reaksiyasını daima diqqətlə izləyir. İctimai fikrin öyrənillməsi və sosial qrupların araşdırılması məqsədi ilə tez-tez keçirilən rəy sorğularının nəticələri aparılan siyasətə təsirsiz ötüşmür. Beləki, bu cür rəy sorğuları ilk baxışda Kreml tərəfindən tələsik və məğlubiyyətlə nəticələnə biləcək addımların atılması kimi görünən qərarların, ümumi yekunda hədsiz yüksək reytinqlə qəbul olunmasına və xalqın rejim ətrafında sıx birləşməsinə xeyli köməklik göstərir.
Əgər 2014-cü ilin yanvar ayını xatırlasaq, məlum olar ki, o zaman Putinin xalq arasındakı populyarlıq reytinqi özünün ən aşağı göstəricisinə – 65%-ə qədər enmişdi (demokratik ölkələrdə bu cür reytinq, çox yaxşı hədd sayılır). Ancaq Krımın ilhaqından sonra, hər şey böyük sürətlə dəyişdi. Putinin reytinqi 88%-ə kimi yüksəldi və bu göstərici indiyədək də təxminən bu həddə qalmaqda davam edir.
1999-2011-ci illərdə Putinin daxili siyasi məsələlər üzrə müşaviri olmuş,politoloq Qleb Pavlovskinin sözlərinə görə, prezidentin reytinqinin bu cür yüksək səviyyəyə çıxması hamını, o cümlədən də Putinin özünü də təəccübləndirib. Lakin hazırda prezident Rusiyanın iqtisadi vəziyyətinin zəifləməsi nəticəsində əmələ gələn və artan ictimai narazılığa qarşı mübarizə aparmalıdır. İctimai fikri öyrənən müstəqil “Levada mərkəz”in rəhbəri Lev Qudkovun sözlərinə görə, Putinin populyarlıq reytinqi çox tezliklə aşağı düşməyə başlayacaq. O, bu barədə deyir: ”İdeoloji vətənpərvərlik köpüyü artıq çox zəifdir. Ukrayna münaqişəsindəki nisbi sakitlik, Rusiyadakı etiraz əhval-ruhiyyəsini yüksəldəcək”.
Putin özünün birbaşa televiziya görüşündə rusiyalıların vahid və sıx şəkildə birlik nümayiş etdirməsinə xüsusi eyham vuraraq, bildirib: “Əgər cəmiyyətin bu cür birliyini qoruyub saxlayacağıqsa, onda heç bir təhlükə bizi əsla qorxuda bilməz”.
Qudkovun fikrinə görə, əldə edilən xalq birliyinin dağılmaması üçün Putin yeni bir gərginlik yaranmasına ehtiyac duyacaq. Lakin çox böyük ehtimalla, bu gərginlik dalğası Rusiyanın Ukraynaya və ya hər hansı bir qonşu ölkəyə qarşı yeni hücum əməliyyatından ibarət olmayacaq. Krımın zəbt edilməsinin sevinclə qarşılanmasının əsas səbəbi, bu hadisənin qansız baş verməsi, həm də ki, yerli əhalinin əksəriyyətinin razılığı ilə həyata keçməsindən qaynaqlanır. İndi isə ruslar artıq kiminləsə müharibə aparmaq istəmirlər.
Məsələ ilə əlaqədar olaraq, Qleb Pavlovski deyir: ”Sistem yeni bir problem düşünüb tapmalıdır, ancaq bu problem Rusiyanın siyasi baxımdan hədsiz münaqişəyə girdiyi xarici aləmdən deyil, ölkə daxilindən tapılacaq. Hal-hazırda irəliyə sürülən Rusiya imperializmi hakim ideologiya yox, əsas etibarilə sadəcə PR kampaniyasıdır. Bütün bu tamaşalar, “soyuq müharibə”nin motivləri əsasında quraşdırılır. İmperiya dekorasiyası altında gördüyümüz sabun köpüyü operası, heç də imperiyanın bərpası layihəsi deyil”.
Qudkov isə gələcəkdəki hadisələri belə proqnozlaşdırır: ”Rejimin yeni qurbanları Rusiyanın xarici düşmənlərinin ölkə daxilində casusu kimi günahlandırılan adamlar olacaq. Həmin adamlar cəmiyyətin nisbətən böyük olmayan, lakin aktiv və nüfuzlu hissəsini təşkil edən, eyni zamanda da Qərblə inteqrasiyaya can atan kəsimidir. Kremlin təbliğat maşını onları beşinci kolonun adamları kimi təqdim etməyi xoşlayır. Biz tezliklə dissidentlərə qarşı yönəlmiş təxribatların və repressiyaların artacağının şahidi olacağıq”.
Müasir Rusiyadakı represiyaların miqyası Sovet İttifaqındakı kimi olmasa da, son bir neçə ay ərzində ölkə daxilindəki gərginlik tədricən artmağa başlayıb. Fevral ayında 30 minə yaxın Putin tərəfdarı, beşinci kolonun məhv olunması, müxalifət liderlərinin isə həbsxanaya salınması tələbi ilə Moskva küçələrində yürüşə çıxmışdılar. Demək olar ki, bu hadisədən bir həftə sonra müxalifət lideri Boris Nemtsov Kreml divarları yaxınlığında qətlə yetirildi. Həmin qətl hadisəsindən sonra isə televiziya efirini və hakimiyyət yönümlü qəzetlərin səhifəsini zəhərli anti-müxalifət bəlağəti doldurmağa başladı. Məmurlar və Kreml tərəfindən yönləndirilən fəalların göstərdikləri təzyiqlər, təkcə siyasi müxalifət nümayəndələri ilə məhdudlaşmayıb, həmçinin teatr rəhbərlərinə və kino işçilərinə qarşı da yönəlib. Məsələn, Putinin silahlı qüvvələr və hüquq-mühafizə orqanları üzrə səlahiyyətli Sibir bölgə nümayəndəsi regionda baş verən güclü meşə yanğınlarının təşkil olunduğunu bildirərək, bu işdə müxalifəti günahlandırır.
Hətta, mart ayında Putinin özü kəskin şəkildə bildirmişdi ki, gələn il keçiriləcək seçkilərin pozulması məqsədi ilə Qərbin gizli xidmət orqanları Rusiyadakı siyasi qruplardan və qeyri-hökumət təşkilatlarından istifadə etməyə çalışır. Lakin vətəndaşlarla canlı ünsiyyət zamanı Putin bu cür çıxışlardan qaçaraq, müxalifəti seçkilərdə iştiraka dəvət edərək, onları növbəti parlamentin tərkibinə daxil olmağa çağırırdı.
Bu arada isə, prezident Putin canlı yayımda rusiyalıların suallarına cavab verdiyi vaxtlarda, polis keçmiş siyasi məhbus Mixail Xodorkovski tərəfindən təsis olunmuş ”Açıq Rusiya” qeyri-hökumət təşkilatının ofisində axtarış aparırdı.
Azpolitika.info