AXCP sədrinin keçmiş müavini yeni hərəkat yaratdı
Politoloq Razi Nurullayev yeni hərəkat yaratdığını bəyan edib
"Xeberinfo.com": “Qafqazinfo”-nun xəbərinə görə, politoloq bildirib ki, Yeni Demokratiya Hərəkatı üçün Azərbaycanın müstəqilliyi və ərazi bütünlüyü toxunulmaz, azad və demokratik cəmiyyətin qurulması missiyadır:
“Azərbaycan cəmiyyətində, eləcə də bütün dünyada klassik siyasət get-gedə nüfuzunu itirməkdədir. Hazırda, klassik siyasət demokratiyanın imitasiyasına çevrilib və özünü doğrultmamaqdadır.
Klassik siyasətə baxışda dünyada baş verən tənəzzül Azərbaycanda daha dərin izlər buraxıb. Xalqla siyasətçilər arasında dərin uçurum yaranıb. Insanların böyük bir qisminin siyasətə marağı ölüb. Bir çoxları isə onu, haqlı olaraq fərdi siyasətçilərin maraqlarına xidmət edən bir institut kimi görməyə başlayıb. Siyasi qüvvələr gün-gündən sosial bazasını itirir, xalqın dəstəyindən məhrum olur. Bu səbəbdən siyasətə yeni yanaşmanın ortaya qoyulmasına və xalqın inamının bərpa edilməsinə ehtiyac var.
Xalq və seçici özünü kənardan seyrçi yox, taleyini müəyyən edən proseslərn iştirakçısı kimi görməlidir. Cəmiyyətin yeni demokratiyaya ehtiyacı vardır. İmitasiya olunmayan, demokratik ənənələrin formalaşdığı siyasi qüvvə xalq tərəfindən dəstəklənəcək və cəmiyyətdə öz yerini tutacaq.
Yeni Demokratiya Hərəkatı hazırkı iqtidara müxalifətdə olduğunu bəyan edir və ölkənin demokratikləşməsi üçün bütün səylərini səfərbər edəcəkdir".
R.Nurullayev daha sonra deyib: "Yeni Demokratiya Hərəkatı açıq müzakirələr vasitəsilə xalqın iradəsinə söykənən qərarların verilməsi ilə müxalifətin yeni imicini formalaşdırmaq üçün də çalışacaq. Yeni demokratiya mövcud və klassik siyasətin inikası deyil, aynası olacaqdır”.