MRTŞ-dən verilişlərin bağlanması ilə bağlı açıqlama
““Televiziya və radio yayımı haqqında” qanunda edilən son dəyişiklik bizə imkan verir ki, istənilən telekanalda ciddi etiraza səbəb olan, qanun pozuntuları ilə müşayiət oluna biləcək verilişi ən azı bir ay müddətinə dayandıraq”.
"Xeberinfo.com": Məlumata görə, bunu APA-ya Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyev deyib. MTRŞ sədrinin müavini bildirib ki, telekanallar tamaşaçıların artan tələbatını mütləq nəzərə almalıdır: “Milli Televiziya və Radio Şurası 2002-ci ildən etibarən fəaliyyət göstərir. Bu müddətdə bizim sahə üçün bilavasitə əsas qanun olan “Televiziya və radio yayımı haqqında” qanuna bir neçə dəfə əlavə və dəyişikliklər edilib. Sonuncu dəyişikliklə Şuraya bir sıra səlahiyyətlər verilib. Həmin səlahiyyətlərin olmaması ucbatından müəyyən qədər çətinliklə üzləşirdik. Birinci növbədə, bu vaxta kimi Şuranın hansısa bir televiziya verilişini bağlamağa səlahiyyəti çatmırdı”.
Sədr müavininin sözlərinə görə, daha ciddi məqamlardan biri ondan ibarətdir ki, yayımçı bir ildə azı üç dəfə teleradio yayımı sahəsində cəza tədbiri alırsa, artıq onun fəaliyyətini dayandırılması məsələsi gündəmə gəlir: “Bu gün şura daha çox artırılan səlahiyyətlər barəsində yox, üzərinə düşən vəzifələrin daha məsuliyyətlə icrası barədə düşünür. Biz telekanalların daha peşəkar səviyyədə fəaliyyət göstərməsinin tərəfdarıyıq. Tamaşaçı və dinləyicilərin zövqü hər gün, hər saat nəzərə alınmalıdır. Televiziyalar tamaşaçıların artan tələbatını nəzərə almalıdır. Bunun üçün daha rəngarəng, daha keyfiyyətli verilişlər ortaya qoymaq zərurəti meydana çıxır. Bu gün dünyanın müxtəlif reytinqli kanallarındakı reytinqli verilişləri izləyən Azərbaycan tamaşaçısının diqqətini zəif verilişlərlə cəlb etmək olmaz. Etiraf etməliyik ki, bizim telekanallarda yayımlanan ayrı-ayrı verilişlər tamaşaçıların tələb etdiyi səviyyədə deyil. Burda tamaşaçılar yox, həm də telekanalların özləri də itirir. Zəif verilişlərə kim reklam yerləşdirmək istəyər?!”
Q. Cəbiyev qeyd edib ki, MTRŞ son dəyişikliklərdən nə əvvəl, nə də indi telekanalların yaradıcılıq fəaliyyətinə müdaxilə edir: “Təəssüf ki, ayrı-ayrı telekanallarda yayımlanan verilişlər ictimai narazılığa, etirazlara səbəb olur. Cəmi iki gün əvvəl bir vətəndaş bizə yazılı şəkildə müraciət edib. Deməli telekanalların birinin efirində gedən xoşagəlməz bir əhvalat tamaşaçının narazı salıb və o, həmin telekanalın “Qaynar xətti”nə zəng edib. Tamaşaçı onlara narazılığı bildirəndə ona deyiblər ki, “Sənin işin-gücün qurtarıb? Baxmaq istəmirsən baxma”. Tamaşaçıya bu cür sayğısızlıq göstərmək olmaz. Görüləsi işlər çoxdur. Tədricən telekanallar daha keyfiyyətli verilişlər hazırlayacaq. Bunu da demək istərdim ki, ictimaiyyət tərəfindən maraqla izlənən verilişlərin sayı da az deyil”.