Hafiz Məmmədovun biznesi əlindən alınır
"Hafka" ləqəbli tanınmış iş adamı Hafiz Məmmədovla bağlı yeni xəbər var. Son vaxtlar mətbuatın gündəminə ancaq qalmaqallı məlumatlarla gələn "Baghlan Group" prezidenti barədə yeni xəbər də kifayət qədər ilgincdir.
"Xeberinfo.com": Məlumata görə, iş adamı həm də "Bank of Azerbaijan"ın Müşahidə Şurasının sədridir. İndi isə belə bir məlumat yayılıb ki, Hafiz Məmmədova həmin bu bankı satmaq təklif olunub. Bu barədə bank sektorundakı mənbələrdən məlumat verilib.
Məlumata görə, artıq qalmaqallı bankı almaq istəyənlər də var. Potensial alıcılardan biri inşaat sektorunda fəaliyyət göstərən yerli holdinqlərdən biridir. Holdinq Bakı ətrafında tikdiyi yaşayış binalarındakı mənzillərin kreditlə satışını təşkil etmək üçün banka sahib olmaq barədə düşünür. Onun adı hələlik açıqlanmır.
Maraqlıdır ki, cəmi dörd gün əvvəl məlumat yayıldı ki, Hafiz Məmmədov yenidən "Bank of Azerbaijan"ın Müşahidə Şurasının sədri seçilib. Bu xəbər çox keçmədən bankın özündən də təsdiqləndi.
Məlumata görə, indiyə qədər bu vəzifəni tutan Mehman İsmayılov yenidən "Bank Technique"in Audit Komitəsinin sədri vəzifəsinə qayıdıb.
"Bank of Azerbaijan"ın İdarə Heyətinin rəhbərliyində isə dəyişiklik yoxdur. Əvvəllər olduğu kimi Məhəmmədəli Aslanov bankın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir.
Xatırladaq ki, "Bank of Azerbaijan"ın səhmdarlarının 2014-cü ilin mayın 22-də keçirilmiş növbədənkənar ümumi yığıncağında bankın Müşahidə Şurasının sədri vəzifəsi Mehman İsmayılova, İdarə Heyətinin sədri vəzifəsinin icrası isə müvəqqəti olaraq Məhəmmədəli Mahir oğlu Aslanova həvalə edilib.
Hafiz Məmmədovun "Bank of Azerbaijan"ın Müşahidə Şurasının sədri vəzifəsinə qayıtmasından cəmi bir neçə gün sonra iş adamına onu satmaq təklifinin gəlməsi kifayət qədər diqqətçəkici nüansdır və bu bankın adı ətrafında hansısa naməlum, qaranlıq proseslərin gedişindən xəbər verir.
Qeyd etmək yerinə düşər ki, hələ ötən ilin mayında mətbuatda "Bank of Azerbaijan"nın ciddi maliyyə böhranı ilə üzləşməsi, bu səbəbdən bir neçə filialını bağlaması barədə məlumatlar yayılmışdı.Həmin məlumatlarda iddia olunurdu ki, kütləvi ixtisarlar nəticəsində təkcə bir həftə ərzində 100-ə yaxın bank əməkdaşı işdən azad edilib.
Xəbərlərdə daha sonra işçilərin əməkhaqqı ala bilmədikləri, zorla məzuniyyətə göndərildikləri qeyd olunurdu.
Bankın müflis olmasının səbəblərinə gəlincə, isə verilən məlumata görə, bu borclanma ilə bağlı idi. Belə ki, "Bank of Azerbaijan" son illər vaxtı keçmiş kreditlər problemini yaşayır. Banka böyük həcmdə borclu olan fiziki və hüquqi şəxslər kreditləri geri qaytarmırlar.Nəticədə "Bank of Azerbaijan" maliyyə çatışmazlığı ilə üzləşib, xarici kreditorlar qarşısında öhdəlik yerinə yetirməkdə çətinlik çəkirlər. Artıq son 4 ildə bank ciddi pul qıtlığı və vaxtı keçmiş kredit problemi ilə üzləşib.
Elə indi də "Bank of Azerbaijan"ın maliyyə durumunun ürəkaçan olmadığı, amma eyni zamanda müflisləşmə təhlükəsindən qurtulduğu deyilir. İddialara görə, Hafiz Məmmədovun bankın Müşahidə Şurasının sədri vəzifəsinə qayıtması da məhz bununla əlaqədardır.
Eyni zamanda bu banka yeni müştərilərin çıxması da onun maliyyə göstəricilərinin xeyli normallaşması ilə izah edilir. Belə çıxır ki, "Bank of Azerbaijan"ın müflisləşmə riskini əhəmiyyətli şəkildə azaltması kimlərinsə diqqətini çəkib və hansısa formada onu "Hafka"nın əlindən almaq istəyirlər.
İstisna edilmir ki, iş adamı bu gəlir qaynağını doğrudan da itirsin. Belə ki, Hafiz Məmmədovun ciddi maliyyə böhranı keçirməsi, iri borclarının yaranması, adı hətta Avropanın futbol klubları ilə borc qalmaqallarında hallanması onun hökumət çevrələrindəki nüfuzunu əhəmiyyətli şəkildə sarsıdıb. Bildirildiyinə görə, "Baghlan Group" prezidenti yuxarı dairələrdə artıq əvvəlki etimada və təsir imkanlarına malik deyil.
Elə buna görə də onun "Bank of Azerbaijan"ı öz əlində saxlamaq ehtimalı kifayət qədər zəif qiymətləndirilir. Bununla bərabər, istisna olunmur ki, "Hafka"nın yenidən güclənə biləcəyindən narahat olan çevrələr də onu "Bank of Azerbaijan"ı satmağa məcbur edirlər.
Hər halda proseslərin bundan sonra hansı istiqamətdə cərəyan edəcəyindən çox şey asılıdır. Yalnız bundan sonrakı ortadakı versiyalardan hansında həqiqət payının daha çox olduğu aydınlaşacaq.
Teref.info