Geni dəyişdirilmiş məhsulları ölkəyə gətirənlər cəzalandırılacaq
Monopol qaydalarla yönətilən Azərbaycanda bu addımın nəticəsi nə olacaq?
"Xeberinfo.com": Hazırda ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsulları əhalinin tələbatını ödəyəcək səviyyədə deyil. Əsasən idxaldan asılı olan ölkədə meyvə-tərəvəzlə təminat idxal hesabına reallaşdırılır. Kənd təsərrüfatı məhsulları ilə dünya bazarında rəqabət aparmaq iqtidarında olmayan ölkəmiz bu sahədə öz sözünü deyə bilmir.
Əlac qalır yenə də xaricdən gətirilmiş məhsullara. Həmin məhsulların əksəriyyətinin geni modifikasiya edilmişlər (GMO) siyahısında olması məsələni daha da qəlizləşdirir. Geni dəyişdirilmiş bitkilər gətirənlərə qarşı iri məbləğdə cərimələrin tətbiqi, bu məsələnin hökumət səviyyəsində diqqətdə saxlanılması da problemin gündəmdə qalmasına səbəb olur. Görəsən, GMO-ların əvəzinə, yeni və geni dəyişdirilməmiş məhsullar istehsal oluna bilməzmi? Belə olarsa, bahalaşma mümkündürmü? Ölkə monopol qaydalarla idarə olunduğundan GMO-nu gətirənlərə qarşı hansısa qadağalar qoymaq mümkün ola biləcəkmi? Yada salaq ki, 2011-ci ilin dekabrında qəbul edilən “Mədəni bitkilərin genetik mühafizəsi və səmərəli istifadəsi haqqında” qanuna əsasən genetik ehtiyatların, yəni geni dəyişdirilmiş bitkilərin ölkəyə gətirilməsi qadağan edilir. Eləcə də Azərbaycanda geni dəyişdirilmiş bitkilərin idxalı, ticarəti, istifadə edilərək yeyinti məhsullarının dövriyyəsinə qoşulması qəti qadağan olunaraq bununla bağlı cinayət məsuliyyəti müəyyənləşdirilir.
Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bununla bağlı Cinayət və Inzibati Xətalar məcəllələrinə yeni maddələrin əlavə edilməsi müzakirəyə çıxarılaraq plenar iclasa tövsiyə olunub.
Cinayət Məcəlləsinə əlavə edilən 200.2-ci (Genetik modofikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi) maddə barədə məlumat verilib. Bildirilib ki, maddənin birinci hissəsinə əsasən, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal etmə, satma əməlləri xeyli miqdarda törədildikdə 3 min manatdan 5 min manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Maddənin ikinci hissəsinə əsasən isə, “Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını istehsal etmə 4 min manatdan 6 min manata qədər cərimə və ya 3 il azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.”
Maddənin digər hissəsinə əsasən isə yuxarıda göstərilən əməllər külli miqdarda törədildikdə 7 min manatdan 9 min manata qədər cərimə və ya 5 ilədək azadlqıdan məhrumetmə ilə cəzalandırılacaq. Yuxarıda göstərilən əməlləri bu maddə ilə bağlı artıq bir dəfə məhkum edilmiş şəxs törətdikdə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılacaq.
Inzibati Xətalar Məcəlləsinə də eyni məzmunda əlavə edilir. Məcəlləyə əlavə edilən 228-2 maddədə bildirilir ki, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloci və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal edilməsinə və ya satılmasına az miqdarda yol verilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olmuş bitkilər, bitki materialları və yeyinti məhsulları müsadirə edilməklə onların dəyərinin 80 faizindən 100 faizinədək miqdarda cərimə edilir. Yeni maddənin qeyd hissəsində isə izah olunur ki, burada “az miqdar” dedikdə min manatadək olan dəyər başa düşülür.
Ekspert Nemət Əliyevin qənaətincə, geni dəyişdirilmiş məhsulları ölkəyə gətirənlər əsasən monopolistlər olduğundan, yerli məhsulların bazar mövqeləri ciddi şəkildə zərbə alıb. Ekspertə görə, hökumət GMO-ların insan sağlamlığına ciddi şəkildə ziyan vurduğunun fərqinə varmadan bu məsələyə lazım olduğu səviyyədə ciddi yanaşmayıb. Ona görə də geni modifikasiya olunmuş məhsulları ölkəyə gətirənlərə qarşı hansısa formada qadağalar və məsuliyyət tətbiq olunması nəyisə dəyişdirmir. Bu mənada monopolistlərin xaricdən idxal etdiyi məhsulların fonunda yerli istehsal çox zəifləyir və məsələ son nəticədə qiymətlərə təsir edir. Hansısa addımların atılmasından asılı olmayaraq, əsas ixracatçıları monopolistlər olan GMO-ların Azərbaycana gətirilməsinin davam edəcəyi şəksizdir.
Azadlıq.info