1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Yenixeber.org: Bir çoxları bu günü övladları üçün xüsusi etməyə çalışır, onlara yeni geyim, hədiyyələr alır, müxtəlif əyləncəli tədbirlərə aparır.
Elə “28 May” metrostansiyası yaxınlığındakı keçiddə yerləşən ticarət mərkəzində uşaq paltarları mağazasında həmsöhbət olduğum qadın da 4 yaşlı qızına təzə paltarlar almaq istəyirdi: “İstəyirəm qəşəng paltar alım, axşam da gəzməyə aparacam qızımı”.
Həmin xanım kimi körpələri sevindirmək, şıltaq uşaqların səliqəli görünməsi qədər, davamlı hərəkətində ona mane olmayacaq paltarlar tapmaq, gözəl geyindirmək istəyərkən onları bir çox təhlükələrə də ata bilərik. Bəhs etdiyim uşaq paltarları mağazasında mənşəyi bəlli olmayan bəzi paltarlarla qarşılaşdım.
Belə ki, uşaq paltarlarının üzərində yarlıq olsa da, onun üzərində ancaq markası və istehsal edildiyi ölkə qeyd edilib. İstifadə edilən materialları, istifadə və təmizləmə qaydalarının qeyd edildiyi yarlıq isə yoxdur. Yəni, alıcı sintetik yoxsa polisterin və ya pambıq parçadan paltar aldığını bilmir. Hansı materiallarla, necə şəraitdə istehsal edildiyi bilinməyən paltarlar uşaqların sağlamlığına ciddi zərər vura bilər.
Satıcıya paltarların haradan gəldiyini soruşanda da, yarlığın üzərində də qeyd edildiyi kimi “Türkiyədən gəlib” eşidirəm. Söhbət isə belə davam edir:
– Türkiyədən özünüz gətirirsiniz?
– Yox, biz Binədən alırıq.
– Bəs necə əminsiniz ki, mallar Türkiyədən gətirilib?
– Üstündə yazılıb da, Türkiyədə tikilib.
– Üzərində sadəcə sancaqla bərkidilmiş etiket var, içərisində də əlavə heç nə yazılmayıb. Bu yarlığı sonradan taxmağa nə var ki?
– Vallah, biz Binədən eyni yerdən alırıq həmişə, onlar da deyir ki, Türkiyədən gətiririk.
Qiymətlərə gəldikdə isə, etiraf etmək lazımdır ki, hər kəs öz cibinə uyğun nəsə tapa bilər. Məsələn, adi qısaqol oğlan köynəkləri 5-10 manata, idman şalvarlarını da 8-10 manata almaq olar.
Ancaq paytaxtda yerləşən böyük ticarət mərkəzlərindəki bahalı brendlərin uşaq paltarları şöbəsinə nəzər saldıqda isə, qiymətlər əl “yandırır”. 3-4 yaşlı qız uşağı üçün qısaqol köynək 35 manatadır. Şalvar və şortlar isə 45 manatdan aşağı deyil. İdman şalvarları isə 23 manatadır, yəni keçiddəki mağazada satılandan 2 misli baha… Bir çoxları hələ də “türk malı” axtarsa da, bahalı markaların uşaq geyimləri daha çox Hindistan, Banqladeş kimi ölkələrdə istehsal edilib.
Üzərində etiket olmayan məhsullara necə inanıb, zərif dərili körpələrə geyindirmək olar?
Bu cür etiketsiz, keyfiyyəti, mənşəyi şübhə doğuran uşaq geyimlərinin bazara necə ayaq açması ilə bağlı Azad istehlakçılar birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq.
Qurum sədrinin sözlərinə görə, belə məhsullar kustar üsullarla istehsal edilib: “Deməli, bu məhsullar əldə tikilib. Bizə gələn digər məlumatlara görə isə, bu cür adsız-ünvansız geyimləri gömrük rüsumundan yayınmaq üçün firma etiketləri qoparır, daha sonra da sancaqla saxta etiketlər bərkidir. Bu mallar bir mənalı olaraq şübhəlidir. Pambıq adı altında zərərli sintetik materiallardan istifadə edilir. Yaxşı olar ki, valideynlər tənbəllik eləməsinlər, aldıqları paltardan bir parçanı yandırsınlar. Görsünlər yanan zaman ondan xüsusi yun iyi gəlir ya yox. Ən yaxşısı isə etiketsiz malları almaqdan çəkinib, uşaq paltarları sahəsində ixtisaslaşmış mağazalara müraciət etsinlər”.(minval)
Dəniz Kərimzadə