Yenixeber.org: Bu barədə Fransanın “Courrier France 24” nəşri məlumat yayıb.
Bildirilib ki, Fransaya məxsus olan “Orano” neft şirkəti 2025-ci ilin iyunundan etibarən Ermənistana uranın zənginləşdirilməsi nəticəsində yaranan təhlükəli kimyəvi tullantıları göndərir və bu zərərli maddələr ekoloji cəhətdən həssas bölgədə, milli parklardan birinin ərazisində saxlanılır. Bu isə ekoloqların ciddi narazılığına səbəb olur.
Məqalədə bildirilir ki, həmin şirkət Ermənistanın baş naziri Nikol Paşinyanla bilavasitə əlaqəsi olan fonda vaxtaşırı müxtəlif mənbələrdən ianələr həyata keçirir.
“Orano” Fransada qeydiyyatdan keçən və əsasən nüvə yanacağı sahəsində ixtisaslaşan bir şirkət olaraq, illərlə atom enerjisi istehsalından yaranan tullantıların və digər radioaktiv maddələrin saxlanılmasını Rusiyada gerçəkləşdirib. Lakin Ukraynada müharibə başladıqdan sonra tətbiq olunan sanksiyalar bu adımı siyasi cəhətdən qeyri-mümkün hala gətirib və şirkət alternativ yollar axtarmağa başlayıb.
“Orano” şirkətinə məxsus daxili sənədlər onu deməyə əsas verir ki, tullantıların Ermənistana ötürülməsi qərarı gözlənilmədən qəbul edilib və baş nazir Nikol Paşinyanın 2025-ci ilin fevralında Fransaya səfərindən sonraya təsadüf edir.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, həmin səfər zamanı o prezident Emmanuel Makron və digər rəsmi şəxslərlə görüşmüşdü. Artıq iyun ayında zərərli nüvə tullantılarının bir qismi Ermənistana gətirilib və həmin maddələr hazırda Dilican Milli Parkının ərazisində inşa olunan obyektdə saxlanılır.
“Orano” zərərli nüvə tullantılarının Ermənistana göndərilməsi planı üzərində işlədiyi bir vaxtda daha bir maliyyə sövdələşməsi həyata keçirilib. Belə ki, 2025-ci ilin aprel – may aylarında Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın rəhbərlik etdiyi “Mənim addımım” xeyriyyə təşkilatına ardıcıl olaraq iki dəfə 800 min avro məbləğində ianə həyata keçirilib. Bu prosesi isə Fransada qeydiyyatdan keçmiş iki saxta şirkət icra edib. Bu şirkətlərin fəaliyyəti indiyədək naməlumdur. Maliyyə sənədlərinə əsasən, onların həm də maliyyə ianələri ilə bağlı tarixçələri də mövcud deyil. “Mənim addımım” xeyriyyə təşkilatının rəsmiləri isə bu barədə verilən sualları cavabsız qoyub.
Emal edilmiş nüvə yanacağı yüksək toksik xüsusiyyətlərə malik olmaqla, özündə, həmçinin, uzunmüddətli ekoloji təhlükəni də ehtiva edir. Onun Dilican Milli Parkı kimi seysmik cəhətdən fəal ərazidə saxlanılması həm vəhşi təbiətin, həm də yerli icmaların həyatını təhlükə qarşısında qoyur.
Nüvə yanacağı minlərlə il boyunca radioaktivliyini qoruyur və bütövlükdə ekosistemi zəhərləyir.
“Orano” şirkəti ilə Ermənistan arasında mövcud müqavilə təhlükəli qlobal tendensiya yaradır: Maliyyə cəhətdən zəngin ölkələrdə fəaliyyət göstərən şirkətlər özünün istehsalat tullantılarını qanunvericiliyin zəif olduğu daha kasıb ölkələrə ixrac edir. Lakin bu fəaliyyəti unikal edən cəhət isə ona siyasi xadimlərin cəlb edilməsidir ki, Ermənistanın nümunəsində belə bir hal özünü baş nazir Nikol Paşinyanla əlaqəsi olan fonda ianələr qismində özünü göstərir.
Çünki belə bir təhlükəli fəaliyyətə icazə məhz həmin ianələrdən sonra verilib.