Paşinyan Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsinə səsləyir
Ermənistanın Baş naziri Qarabağa və Laçın dəhlizinə BMT və ATƏT-in faktaraşdırıcı missiyalarını göndərməyə çağırıb. Ermənistanda ötən həftədən bəri aksiya keçirilən yolun bağlı qaldığını bildirirlər. Azərbaycan bunu təkzib edir.
Yenixeber.org: "Qarabağ münaqişəsinin həllində beynəlxalq ictimaiyyətin fəallığı əhəmiyyətli dərəcədə artmalıdır. Biz Dağlıq Qarabağa və Laçın dəhlizinə BMT, ATƏT və ya ATƏT-in Minsk qrupunun faktaraşdırıcı missiyasının göndərilməsi üçün güclü çalışmalıyıq", - parlamentin iclasında çıxış edən Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, yüzlərlə ailə "blokadanın müxtəlif tərəflərində" qalıb və "zəruri mallar", o cümlədən ərzaq çatışmazlığı var.
Bakı Laçın yolunun "guya Azərbaycan" tərəfindən bağlanması, erməni sakinlərinə qarşı tətbiq edilən "blokada" ilə bağlı Ermənistan tərəfindən irəli sürülən iddiaları rədd edir. Cümə axşamı günü Azərbaycanın arici işlər naziri Ceyhun Bayramov öz rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı vaxtı yolun açıq olduğunu bildirib.
"Nazir Ceyhun Bayramov Azərbaycan tərəfinin Laçın yolunda öhdəliklərə uyğun olaraq vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verdiyini və Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının, sülhməramlı kontingentin avtomobillərinin və digər nəqliyyat vasitələrinin hərəkəti barədə videolardan göründüyü kimi yolun açıq olduğunu diqqətə çatdırıb", - Azərbaycan XİN-in rəsmi açıqlamasında deyilir.
Ötən həftədən bəri Azərbaycan mediasında aksiya keçirilən yoldan maşınların keçdiyini göstərən görüntülər yayılmaqdadır. Çərşənbə axşamı günü aksiya keçirilən yoldan Beynəlxalq Qırmızı Xaç Komitəsi, təcili yardım və yük maşınlarının keçdiyini göstərən videolar da yayılıb.
Dekabrın 20-də BMT Təhlükəsizlik Şurasında Laçın yolunda vəziyyətlə bağlı müzakirələr zamanı Ermənistan və Azərbaycan nümayəndələri bir-birini təxribatlarda və üçtərəfli bəyanatı pozmaqda ittiham ediblər.
Bundan bir gün sonra Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bildirib ki, Azərbaycan Ermənistanda müalicəyə ehtiyacı olan ağır xəstələrin, sığınacaq və yaşayış üçün imkanları olmadan yolda qalan digər şəxslərin təhlükəsiz keçidinin təmin edilməsi üçün "öz səlahiyyətlərinə aid" olan bütün tədbirləri görməlidir.
AİHM-in çıxardığı bu qərar Ermənistan hökuməti tərəfindən verilmiş müvəqqəti tədbirlər haqqında müraciətə cavab olub. Qərarda həmçinin qeyd olunur ki, Azərbaycan hökumətinin "Laçın dəhlizi"ndə vəziyyətə nə dərəcədə nəzarət etməsi indiki mərhələdə mübahisəli və qeyri-aydın qalır. Bu arada Nikol Paşinyan Rusiya sülhməramlı qüvvələrini öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.
Moskva bu iddiaları dərhal rədd edir.
"Rusiya sülhməramlıları çalışdıqları ərazilərdə asayişin və əmin-amanlığın təmin edilməsi üçün əlindən gələn hər şeyi edirlər və onlar yalnız tərəflər arasında imzalanmış sənədlərin ruhuna və hərfinə uyğun hərəkət edirlər", - jurnalistlərlə görüşən Kremlin sözçüsü Dmitri Peskovun sözləri TASS agentliyində iqtibas olunur.
Çərşənbə axşamı günü Ermənistan parlamentində müzakirələr vaxtı da Rusiyanın rolu qeyd olunub. Ermənistan Təhlükəsizlik Şurasının katibi Laçın yolu ilə bağlı vəziyyətə görə məsuliyyətin Rusiya üzərinə düşdüyünü deyirlər.
"Hansı ölkənin məsuliyyət daşıdığı və nə baş verdiyi göz qabağındadır. Biz bu məsələdə Rusiya ilə işləyirik ki, dəhliz tez bir zamanda açılsın. Mən müxalifəti də bu istiqamətdə işləməyə çağırıram ki, Rusiya öz öhdəliklərini yerinə yetirsin və Laçın dəhlizində nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini təmin etsin", - Armen Qriqoryan parlamentin növbədənkənar iclasında deyib.
Bundan əvvəl Rusiya sülhməramlıları kontingenti (RSK) "Ermənistan və Azərbaycan tərəfləri" ilə danışıqlar apardığını bildirib.
Son günlər ABŞ da daxil, bir sıra ölkə, habelə beynəlxalq qurum tərəfindən Laçın yolunun açılmasına dair çağırışlar səslənir.
Şuşa-Xankəndi yolunda RSK postu yaxınlığındakı aksiya dekabrın 12-də başlayıb. Etirazçılar RSK-nın məsuliyyət zonasındakı mədənlərə baxış keçirmək istəyən azərbaycanlı mütəxəssislərin əraziyə buraxılmasını tələb edirlər.
Laçın yolunda yaşanan gərginlik fonunda Bakı ilə Yerevan bir-birini sərhəddə atəşkəsi pozmaqda ittiham edir.
Azərbaycan o cümlədən, son günlərdə Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasında yerləşən erməni hərbçilərinin Azərbaycan hərbi mövqelərinə atəş açması ilə bağlı məlumatlar yayır. Ermənistan tərəfi bu məlumatları təkzib edir.(BBC)