Yenixeber.org: Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında hərbi əməkdaşlıq imkanları genişləndirilir. Noyabrın 11-də Səmərqənddə keçirilən IX Zirvə görüşündə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan,Özbəkistan, Macarıstan və Türkmənistan liderləri siyasi, iqtisadi təmaslarla yanaşı, hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Bəs, hədəfdə nələr var? Türkdilli ölkələrin hərbi əməkdaşlığı nə vəd edir?
Mövzu ilə bağlı bizə danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Türk Dövlətləri Təşkilatının hərbi konturları artıq mövcuddur, əsas məqsəd hərbi birliyin yaradılmasıdır:
“Bildiyimiz kimi, Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan, Azərbaycan-Qırğızıstan arasında hərbi sənədlər mövcuddur. İndi Türk dövlətlərinin hərbi birliyini sadəcə rəsmiləşdirmək qalır. Bu rəsmiləşdirmə mütləq olacaq. Belə bir format yəqin ki, 2023-cü ilin ilk rübündə, haradasa yaya qədər işlənib hazırlanacaq və fəaliyyətə başlayacaq. Bu, indiki şəraitdə dünyada baş verən hadisələr fonunda vacibdir. Əslində, belə təşəbbüsün əsası artıq siyasilər tərəfindən qoyulub”.
Ekspertin sözlərinə görə, türk dünyasının hərbi birliyi olduqca güclü olacaq:
“Belə birlik üçün NATO və KTMT modelləri var. Ancaq mən düşünürəm ki, türkdilli dövlətlər bu məsələnin üzərində güclü işləsələr, hətta KTMT-dən də güclü hərbi birlik yaranacaq. Sadəcə olaraq, bu istiqamətdə işlər gücləndirilməlidir. Zaman da buna ehtiyac olduğunu göstərəcək. Dünyada gedən qlobal hadisələr onu göstərir ki, belə işi görmək üçün gecikmək lazım deyil. Düzdür, buna qısqanclıqla yanaşanlar olacaq. Xüsusilə də, NATO tərkibində olan hegemon dövlətlər - Amerika, Fransa və digərləri buna türkofob münasibət bəsləyəcəkələr. Ancaq biz kimin nə deməsinə baxmayaraq, öz yolumuzla getməliyik. Çünki bu bizim gələcəyimizdir. Bu gün gedən mürəkkəb qlobal hadisələr göstərir ki, gələcəkdə təhlükəsizlik məsələləri ön plana çıxacaq. Türk dövlətləri hər an təhlükə ilə qarşılaşa biləcəyini nəzərində saxlamalıdır. Məhz bu təhlükələrdən sovuşa bilmək, ən müasir silahları almaq üçün ölkələr bir-birilə hərbi sənaye, hərbi texniki imkanları genişləndirməlidir. Əsas təhlükə Orta Asiya ölkələrində özünü göstərə bilər. Belə birlik olduğu halda hər ölkənin hərbçilərdən ibarət şəxsi heyəti çıxış edəcək və hücumlara qarşı birgə mübarizə aparacaqlar. Bunun üçün dil və din amilləri əsasdır. Bizim bu dövlətlərlə dilimiz də, dinimiz də birdir. Hərbi birliyimiz NATO və KTMT-dən onunla fərqlənəcək ki, biz hər məsələni asanlıqla həll edə biləcəyik".
Türk dövlətlərinin hərbi birliyinin Baş Qərargahı harada yerləşəcək?
Ü.Cəfərov suala cavabında deyib: "Buna türkdilli dövlətlərin rəhbərləri qərar verəcək. İlkin ehtimal kimi mən Baş Qərargahın Türkiyədə olacağını düşünürəm. Çünki Türkiyə NATO dövlətidir. Təcrübəsi digər türkdilli dövlətlərdən çoxdur. Yəni ilkin olaraq Baş Qərargah Türkiyədə olsa yaxşı olar. Sonra rotasiya qaydası tətbiq edilə bilər. Baş Qərargahın Ankarada, İstanbulda, Bakıda, Astanada, Bişkekdə olmasını həll etmək mümkündür. Sadəcə olaraq zabitlər oraya ezam olunacaq. Onlar 1 il, 3 il qərargahda fəaliyyət göstərəcək. Bu, dünyada işlənmiş modeldir. Sadəcə olaraq bunu aktivləşdirmək lazımdır. Əminəm ki, türk dövlətləri bunun xeyrini görəcəklər".(modern.az)