Son günlər Azərbaycanda hamilə qadınların COVID-19 səbəbindən vəfat etmələri barədə məlumatlar yayılır. Onlardan biri 29 yaşlı Aygün Əliyevadır.
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, koronavirus səbəbindən dünyasını dəyişən tək hamilə qadın Aygün Əliyeva deyil. Ondan başqa da bu bəlanın qurbanı olan, müxtəlif yaşlı şəxslər var. Həmçinin əldə etdiyimiz digər məlumata görə, hamilə qadınların koronavirusa yoluxma halları son günlərdə daha da artıb. Buna səbəb isə COVID-19-un daha ağır formaları olan mutasiyaların yayılmasıdır.
Mövzu ilə bağlı suallarımızı cavablayan Azərbaycan Tibb Universitetinin I mama-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Natəvan Axundova bildirib ki, hamiləlik respirator virus infeksiyalarına meyllilik yaradan fizioloji prosesdir:
“İmmun sistemdə və ürək-ağciyər sistemində baş verən fizioloji dəyişikliklərlə əlaqədar hamilə qadınlarda respirator virus infeksiyalarının ağır gedişli olması ehtimalı artır.
2009-2010-cu illərin epidemiologiyasında hamilə qadınların A(H1N1) virusunun törətdiyi donuz qripi ilə yoluxması 27.9 % təşkil edib. Bundan əlavə, SARS-CoV və MERS-CoV infeksiyalarının hamiləlik zamanı endotraxeal intubasiyaya tələbat, reanimasiya və intensiv terapiya şöbəsinə hospitalizasiya, habelə böyrək çatışmazlığı və ölüm kimi ciddi ağırlaşmalar verməsi də qeyd edilib. Hamilələr arasında SARS-CoV infeksiyasından ölüm isə 25 % təşkil edib.
Hal-hazırda koronavirus infeksiyasına hamilə qadınların immun və tənəffüs sistemlərində olan dəyişikliklərlə bağlı nisbətən daha çox məruz qalmaları haqqında dərc olunan məlumatlar ziddiyyətlidir. Çindən, İtaliyadan və ABŞ-dan alınan məlumatlara əsaslanan məqalələrdə COVID-19-un hamilə qadınlarda yetkin insanların ümumi populyasiyası ilə müqayisədə daha ağır gedişli olması haqqında məlumatlar təsdiq olunmur. Lakin bəzi ədəbiyyat mənbələrində laborator təsdiqlənmiş koronavirusa yoluxan 108 hamilə qadının ağır xəstəliklərin yaranması baxımından yüksək risk qrupuna aid edilməsi göstərilib”.
N.Axundova qeyd edib ki, koronavirusa yoluxan hamilə qadınlarda hətta xəstəliyin stabil gedişində birdən-birə kritik vəziyyətin yaranması da mümkündür:
“Məlumdur ki, yanaşı gedən xəstəliklər, xüsusilə şəkərli diabet və hipertoniya ölüm halları da daxil olmaqla, infeksiyalaşma və ağırlaşma riskini artırır. Hamilələrdə əvvəldən mövcud olan hiperqlikemiya və hipertenziyanın COVID-19-un gedişinə potensial təsir etməsi halı mütləq nəzərə alınmalıdır.
Hazırda somatik xəstəliklər, xroniki ağciyər xəstəlikləri, orta ağır və ağır dərəcəli bronxial astma, ürək-damar xəstəlikləri, arterial hipertenziyası, onkoloji xəstəliklər, xroniki böyrək və qaraciyər xəstəlikləri, antifosfolipid sindromu olan hamilələr yüksək risk qrupuna aid edilirlər”.
Həmsöhbətimiz hamilələrdə koronavirusun ağırlaşmalarından da bəhs edib:
“Koronavirusa yoluxan hamilələrin 2 %-də düşük halları, 10 %-də dölün bətndaxili inkişafının ləngiməsi, 10.7 %-də dölün distressi halları qeydə alınıb. 21.3-39 %-də isə vaxtından əvvəl doğuşlar baş verib.
Pasientlərin əksəriyyətində (91 %) müxtəlif göstərişlərə görə, doğuş kesar kəsiyi əməliyyatı ilə başa çatdırılıb. COVID-19-lu və pnevmoniyası olan 15 hamilə qadınla aparılan tədqiqatda kesar kəsiyi əməliyyatının əsasən döldə distress-sindrom səbəbindən aparılması müşahidə edilib.
Ümumiyyətlə, hamilə qadınlarda vaxtından əvvəl doğuşlar həm özbaşına, həm də induksiya (təhrik – red.) olunmuş olur. Doğuşlar ana və dölün sağlamlığının mühafizəsi baxımından ana və döl tərəfindən olan göstərişlərə əsasən hamiləliyin başa çatdırılması tələb olunan hallarda aparılır.
COVID-19-lu hamilələrdə hamiləlik ağırlaşmalarının, xüsusilə yanaşı gedən ekstragenital xəstəliklər fonunda ağırlaşmalar hamiləliyin ana və döl tərəfindən olan göstərişlərə əsasən vaxtından əvvəl cərrahi yolla başa çatdırılmasının yüksək tezliyini müəyyən edir”.
N.Axundova əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son vaxtlar xüsusilə risk qrupuna daxil olan hamilələrin peyvəndlənməsini tövsiyə edir:
“Peyvəndlənmə hamiləliyin 12-ci həftəsindən sonra baş tuta bilər. 12 həftəyə qədər döl inkişaf etdiyi üçün peyvəndin vurulması tövsiyə olunmur. Hazırda hamilələrin peyvəndlənməsi mövzusunda elmi-tədqiqat işləri çox aparılmayıb. Buna görə də fikirlər sabit deyil. Ancaq indiki situasiyanı – koronavirusun geniş yayıldığını nəzərə alsaq, ana ölümlərinin, hamiləlikdə virus səbəbindən baş verə biləcək xoşagəlməz halların qarşısını almaq üçün peyvənddən istifadə edilə bilər”.
Kafedra dosenti son olaraq koronavirusa yoluxma şübhəsi olan hamilələrə tövsiyələrini də verib:
“Hamilələrdə koronavirus diaqnozu bu virusa yoluxmanın şübhəli, ehtimal olunan və həqiqi əlamətlərinə əsasən qoyulur. Müalicə taktikası həkim tərəfindən standartlara uyğun tərtib edilir. Şübhəli və ehtimal olunan əlamətləri qeyd edən hamilə diaqnozun təsdiqlənməsi üçün mütləq müvafiq səhiyyə xidmətinə müraciət etməlidir”.(pressklub)
Şəfəq