Avropada qaz böhranının davam etdiyi günlərdə Azərbaycan və Türkiyə arasında səssiz-səmirsiz yeni qaz müqaviləsi imzalanıb. Xatırladaq ki, mavi yanacağın spot (gündəlik bazar) qiymətləri Avropada 1000 dolları keçib və bu, tarixi rekorddur. Bu gün neftin qiyməti də son illərdə ilk dəfə 80 dolları aşıb.
Yenixeber.org: “Eurasianet.org” portalı Azərbaycan və Türkiyə hökumətlərinin yeni qaz anlaşması barədə geniş informasiya açıqlamada maraqlı olmadıqlarını yazıb. Xatırladaq ki, Azərbaycan və Türkiyənin qaz ticarətini tənzimləyən 20 illik müqavilənin müddəti apreldə başa çatıb. Bu anlaşma 2001-ci ildə Heydər Əliyev və Süleyman Dəmirəl tərəfindən imzalamışdı.
Amma yeni müqavilə təmtəraqdan uzaq, eyni zamanda müvəqqəti imzalanıb. Türkiyə enerji nazirinin müavini Alparslan Bayraktar sentyabrın 20-də Dubayda keçirilən enerji konfransında yeni razılaşmanın əldə olunduğunu təsdiqləyib, amma detallar barədə informasiya verməkdən imtina edib. Yeni müqavilənin 2024-cü ilin sonunadək imzalandığı, Azərbaycan qazının Türkiyəyə mövcud kursa uyğun satılacağı qeyd olunub.
“Eurasianet.org” portalı bu təvazökarlığın Bakı ilə Ankaranın geniş əlaqələri, xüsusən ötən il 44 günlük Qarabağ müharibəsində Türkiyənin Azərbaycana ciddii dəstəyinkdən sonra qeyri-adi göründüyünü qeyd edib. Məqalədə bu durumun iki ölkənin iqtisadi prioritetləri arasında fərqi üzə çıxardığı vurgulanır, SOCAR-la Türkiyənin “Botaş” dövlət şirkəti arasında danışıqların bütün yay uzandığı və bunun müxtəlif şayiələrə yol açdığı bildirilir. Qazın qiyməti ilə bağlı anlaşılmazlığın olduğu, habelə Azərbaycanın həm yerli istehlakı, həm də ixracı ödəmək üşün yetərincə qaz ehtiyatına malik olmadığı da iddia edilir.
2001-ci ildə bağlanmış saziş Azərbaycanın Xəzərdəki “Şahdəniz” yatağından Türkiyəyə ildə 6.6 milyard kubmetr qazın ixracını nəzərdə tuturdu. Türkiyə hazırda ikinci müqavilə əsasında TANAP xətti ilə Azərbaycandan qaz idxal edir. Amma birinci müqavilənin müddətinin bitməsi yayın qızmarında Türkiyəni bir qədər çətin vəziyyətdə qoyub. Ölkənin əsas su bəndlərində suyun səviyyəsinin azalması qazla işləyən istilik elektrik stansiyalarının işini artırıb, kondisionerdən istifadənin yüksəltdiyi tələbatı onlar ödəməli olub.
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, cari ilin 6 ayı ərzində ölkədə 20,3 milyard kubmetr qaz hasil edilib. Qazın 6,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 10 milyard kubmetri “Şahdəniz”dən, 3,9 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən hasilatda 5,1 faiz, yəni 990 milyon kubmetr artım əldə edilib.
Hesabat dövründə xaricə qaz satışı təxminən 9,1 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 faiz çoxdur. Cari ilin yanvar-iyun ayında Türkiyəyə 4,7 milyard kubmetr, Avropaya 3,2 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 50,5 milyon kubmetr qaz verilib. Türkiyəyə TANAP-la 2,7 milyard kubmetrdən çox qaz nəql olunub.
Dövlət Gömrük Komitəsinin bu ilin ilk 2 ayı üzrə açıqladığı məlumata görə, Azərbaycanın ixrac etdiyi təbii qazın 99.6 faizi cəmi 2 ölkəyə – Türkiyə (62 faiz) və Gürcüstana (37 faiz) satılıb. Türkiyəyə satılan 2 milyard 62 milyon kubmetr təbii qaz üçün toplam 180 milyon dollar, yəni, təbii qazın hər min kubmetrinə 87 dollar ödənilib. Gürcüstana isə 1 milyard 244 milyon kubmetr təbii qaz satılıb və buna görə Azərbaycana 175.5 milyon dollar ödənilib. Bu isə o deməkdir ki, Gürcüstana satılan təbii qazın hər min kubmetrinin dəyəri 141 dollar olub.
Burada diqqət çəkən məqam ondan ibarətdir ki, təbii qaz ixracı eyni dövrdə gerçəkləşdirilsə də, Gürcüstana satılan qazın dəyəri Türkiyə ilə müqayisədə 62 faiz baha olub. Hər iki ölkə – həm Türkiyə, həm də Gürcüstan Azərbaycan qazını eyni boru kəmərləri ilə (Cənubi Qafqaz Boru Kəməri və TANAP) idxal edir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, danışıqlara birbaşa və dolayı aidiyyəti olan heç bir qurumun saytında yeni müqavilə haqqında informasiyaya rast gəlməyib:
“Yəni rəsmən Azərbaycan belə bir xəbəri hələ təsdiqləməyib. Təsdiqləyəndən sonra gərək beynəlxalq qaydada müqavilənin adı, tipi, imzalayan tərəflər, qüvvəyə minmə tarixi və onun müddəti, alıcının və satıcının hüquqi öhdəlikləri, əmtəənin daşınması, təhvili açıqlansın”.
Ekspert qeyd etdi ki, bununla bağlı SOCAR-la əlaqə saxlayıb və oradan təsdiqləyiblər ki, Türkiyə və Azərbaycan arasında həqiqətən belə bir müqavilə imzalanıb:
“Qeyd olundu ki, artıq yeni müqavilə əsasında “Şahdəniz – 1” qazı Türkiyə bazarında satılır. Amma iki tərəf arasında əldə olunan razılaşmaya əsasən müəyyən prosedur məsələləri həyata keçirildiyindən müqavilənin detalları bir müddət sonra ictimaiyyətə açıqlanacaq”.
Türkiyə satılan qazın qiymətinə gəlincə, İlham Şaban dedi ki, kommersiya sirri olduğu əsas gətirilərək bu barədə informasiya verilmir.(pressklub)
Turqut