Vaterloo Universitetinin proqram direktoru: “Azərbaycanda “İnsan kapitalı məhsuldarlığı” aşağı səviyyədədir”
Təhsil eksperti: “Məzunların gələcəkdə həm iş tapması, həm də peşəkar kadr kimi yetişməsi müşkül məsələdir”
Yenixeber.org: Valideynlər öz vəsaitləri və ya xaricdən alınan təqaüdlər hesabına övladlarını dünyanın müxtəlif ölkələrində, nüfuzlu ali təhsil müəssisələrində oxumağa göndərirlər. Son dövrlər xaricdə təhsil alan gənclərin yüksək dövlət vəzifələrinə təyinatı, bu qəbildən olan kadrlara xüsusi ehtiyacın yaranması təhsil almaq məqsədilə xaricə üz tutan gənclərimizin sayında da ciddi artım yaradıb. Bəzən isə fırıldaqçı təhsil şirkətlərinin toruna düşən valideynlər bu məqsədlə vəsait ödəsələr də, övladlarını ya ümumiyyətlə xaricə göndərə bilmir, ya da daha artıq xərcə düşürlər.
Azərbaycandan təhsil almaq məqsədilə xaricə üz tutan gənclər, əsasən hansı ali məktəbləri və ixtisasları seçirlər? Təhsilini başa vurduqdan sonra Azərbaycanda, yoxsa xaricdə işləməyə üstünlük verirlər? Xaricdə təhsilin özəlliyi nədir?
Mövzunu ekspertlərlə müzakirə etmişik.
Kanadanın Vaterloo Universitetinin Biznes Proqramları direktoru, professor, həmyerlimiz İlham Axundovun sözlərinə görə, Azərbaycandan xaricdə, o cümlədən Kanadada təhsil almaq istəyən gənclərin sayı həddindən artıq çoxdur: “Mütəmadi olaraq Bakıda və regionlarımızda oluram. Xaricdə təhsil almaq üçün müraciət edənlərin sayı çox olur. Bəlkə də bu, mənim Vaterloo Universitetində işləməyimlə bağlıdır. İşlədiyim müddətdə 52 azərbaycanlı tələbə çalışdığım universitetə qəbul olunub. Bu tələbələrin əksəriyyəti artıq məzundur. Onların çoxu hazırda da bu ölkədə yaşayır. Aralarında böyük İT şirkətlərində, maliyyə-bank sektorunda çalışanlar kifayət qədərdir”.
Professor deyib ki, Kanadada “İnsan kapitalı məhsuldarlığı” (İKM) çox yüksək səviyyədədir: “Azərbaycanda isə bu göstərici aşağıdır. Son illər ölkəmizdə yüksək artım templərini və ali təhsil sisteminin əhəmiyyətli dərəcədə genişlənməsini nəzərə alsaq, 58 faiz İKM göstəricisi yetərli sayıla bilməz. Bu, o deməkdir ki, Azərbaycanda anadan olan hər bir sağlam uşaq ən yaxşı təhsil aldığı halda belə, yetkinlik yaşına çatanda 58 faiz məhsuldar ola biləcək. Misal üçün, inkişaf etməkdə olan Polşada bu göstərici 75 faizdir”.
“Hesab edirəm ki, bu məsələyə yenidən baxılmalıdır. Belə olarsa, gənclərimiz xaricdə deyil, öz ölkəmizdə təhsil almağa üstünlük verəcəklər. Digər yandan, xaricə oxumağa gedən məzunlarımız da geri dönəcək və öz dövlətimizə fayda vermiş olacaqlar”, - deyə həmsöhbətimiz bildirib.
Axundov vurğulayıb ki, təhsil cəmiyyətin strateji sahəsidir və bu sahəyə xüsusi diqqət ayrılmalıdır: “Təsadüfi yerə demirlər ki, təhsili olmayan millətin gələcəyi ola bilməz. Qarşıda bizi yeni dünya düzəni gözləyir. Bu, peşəkarların, intellektli insanların fərqləndiyi bir düzən olacaq. Bu səbəbdən bu dövrə ciddi şəkildə hazırlaşmalıyıq”.
Təhsil eksperti Kamran Əsədov Azərbaycandan xarici ölkələrə təhsil almağa gedən tələbələrin üç kateqoriyaya bölündüyünü qeyd edib: “Bunlardan birincisi Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda yetərli bal toplamayıb, lakin ali təhsil almaq arzusunda onlardır. Qeyd edim ki, onların sayı hədsiz dərəcədə çoxdur. İkinci kateqoriyaya Azərbaycanda qəbul imtahanlarında yetərli bal toplayıb, lakin qəbul olunduğu ixtisaslar ürəyincə olmayan tələbələrdir. Yəni universitetin verdiyi təhsil keyfiyyətli olmadığından xarici ölkəyə üz tutan şəxslərdir. Onların sayı bir o qədər də çox deyil. Üçüncü kateqoriyaya isə dövlət xətti, təqaüd proqramları ilə xarici ölkələrə göndərilənlər daxildir”.
Ekspertin bildirdiyinə görə, Azərbaycan təhsilinin bugünkü səviyyəsi beynəlxalq standartlara cavab vermir: “Məzunların gələcəkdə həm iş tapması, həm də peşəkar kadr kimi yetişməsi müşkül məsələdir. Məhz buna görə də məzunlar “diplomu alıb evə atmışam, heç vaxt tələb olunmayıb” və digər bu səpkili narazılıqlarını dilə gətirirlər. Vəziyyətin belə olması idarəetmə sistemində də ciddi problemlər yaradır. Faktiki olaraq Azərbaycanda inzibati, xidmət, turizm, iqtisadiyyat və digər sahələrdə ciddi kadr çatışmazlığı hökm sürür. Bu xüsusda gənclərin təhsil almaq məqsədilə xaricə üz tutması normal haldır”.
“Lakin bir məsələ var ki, həmin gənclər məzun olduqdan sonra Azərbaycanda deyil, təhsil aldıqları ölkədə işləməyə üstünlük verirlər. Bütün bunlar bir-birinə zəncirvari bağlıdır”, - deyə müsahibimiz söyləyib.
Əsədov Xaricdə Təhsil Dövlət Proqramının bərpasını təklif edir: “Bilirsiniz ki, 2007-2015-ci illərdə Xaricdə Təhsil Dövlət Proqramının həyata keçirilməsi ilə minlərlə azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrindəki tanınmış universitetlərdə təhsil alaraq vətənə döndü və bu gün də müxtəlif sahələrdə uğurla çalışmaqdadır. Hesab edirəm ki, yenidən bu məsələyə qayıtmağın zamanı çatıb”.(AYNA)