Yenixeber.org: İyunun 5-də Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov Abşeron rayonunun Müşfiqabad qəsəbəsindəki qəbristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb. Şəhid jurnalist Sirac Abışov Sumqayıt şəhər Şəhidlər Xiyabanında, Kəlbəcər rayon İH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev isə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib.
Xatırladaq ki, hadisə iyunun 4-də, saat 11 radələrində işğaldan azad edilmiş Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətindəki yolda baş verib. Xidməti vəzifələrini yerinə yetirən media nümayəndələri və onları müşayiət edən şəxsləri aparan “Kamaz” markalı hərbi sərnişin avtobusu tank əleyhinə minaya düşüb. Nəticədə 3 nəfər həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hadisənin videosu mediada və sosial şəbəkələrdə paylaşılıb. Görüntüləri avtomobilin kabinəsində oturmuş şəxslərdən biri çəkib. Video hadisənin necə baş verməsinə və eyni zamanda partlayıcının yola nə zaman basdırılmasına müəyyən qədər aydınlıq gətirir. Qeyd edək ki, buna qədər minanın işğal zamanı və ya Kəlbəcərin boşaldılması üçün Ermənistana verilən vaxt müddətində basdırıldığı barədə gümanlar ağırlıqda idi.
Lakin video yayıldıqdan sonra əsas qənaət bundan ibarətdir ki, yola minalar ötən günlərdə döşənib. Çünki partlayış baş verən hissədə qazıntı izləri və torpağın fərqli – sarımtıl rəngdə olması aşkar görünür.
Son olay mayın 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədində başlayan gərginliyin davamı sayıla bilər. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi iyunun 27-də Kəlbəcərdə yolları minalamağa cəhd edən 4 erməni hərbçisinin tərksilah edildiyi barədə məlumat yayıb. Kəşfiyyat-diversiya qrupunun üzvləri olduğu bildirilən şəxslər gecə saatlarında saxlanılıb, onların bir hissəsi qaçıb. Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan etiraf edib ki, həmin qrup sərhəddə “möhkəmlənmə işləri” apararkən Azərbaycana əsir düşüb. İyunun 2-də isə Kəlbəcərin Armudlu kəndi istiqamətindən 40-a yaxın erməni silahlısının Azərbaycan ərazilərinə soxulması barədə rəsmi məlumat yayılıb. Müdafiə Nazirliyi açıqlayıb ki, erməni dəstələri odlu silah tətbiq edilmədən ərazilərimizdən çıxarılıb.
Kəlbəcər ərazisində baş verənlər bu rayonun Ermənistanla 107 kilometrlik sərhədinin tam nəzarət altında olmadığını göstərir. Çünki rayona gediş-gəliş çətin olduğuna görə, hərbi birləşmələrin, Sərhəd Qoşunlarının orada dislokasiyası ləng gedir. Azərbaycan Kəlbəcərə hərbi yükləri əsasən çətin dağ relyefinə malik Daşkəsən-Kəlbəcər yolu ilə aparır. Ağdərə-Kəlbəcər yolu isə Rusiya sülhməramlı qüvvələrinin nəzarətindədir. Azərbaycan ordusu və ərazidə çalışan mülki işçilər üçün ərzaq, tikinti materialları və s. təminat həftədə bir neçə dəfə sülhməramlıların müşayiəti ilə bu yol vasitəsilə aparılır.
Belə rəylər var ki, Azərbaycan tərəfi ötən 6 ay ərzində minalanmış ərazilərlə bağlı “təhlükəsiz zona” xəritəsini hazırlamalı və bütün təmizlənmiş ərazilərdə müşahidə kameralarının yerləşdirilməsinə başlamalı idi. ABŞ, Kanada, Böyük Britaniya, Norveç və Almaniya kimi ölkələrin minalardan təmizlənmə üzrə ixtisaslaşmış humanitar qurumlarını bölgəyə dəvət etmək də olardı. Bunun üçün xarici QHT-lərin ölkədə fəaliyyətinə “yaşıl işıq” yandırmaq lazımdır.
Hərbi ekspert Ədalət Verdiyev bildirir ki, jurnalistləri müşayiət edən şəxslərin onları əvvəllər istifadə olunmayan, təmizlənməmiş və ya yoxlanılmamış yolla aparması mümkün deyil:
“Böyük ehtimalla bu minalar düşmən tərəfindən son günlər həmin yollarda basdırılıb. Birinci Qarabağ müharibəsi zamanı da buna bənzər hadisələrə rast gəlirdik və itkilərimiz də olurdu”.
Ə. Verdiyevin sözlərinə görə, Ermənistanın son zamanlar törətdiyi təxribatları ardıcıllıqla nəzərdən keçirsək, görərik ki, düşmən diversiya qrupları intensiv istifadə olunan yolların istismarına imkan verməməyə və bununla da işğaldan azad olunan ərazilərə qayıdış prosesini ləngitməyə çalışır:
“Baş verən hadisələr bir daha sübut edir ki, yeddi aydır minalanmış ərazilərin xəritəsini verməyən Ermənistan öz mənfur niyyətlərindən əl çəkmək niyyətində deyil. Odur ki, aidiyyəti qurumlar düşmən təxribatlarının qarşısını almaq üçün zəruri addımlar atmalı, bu diversiya fəaliyyətlərinə cəhd edən qrupları yerindəcə zərərsizləşdirməlidir. Baş verən bu və əvvəlki hadisələr Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin aşkar sübutudur”.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə saytımıza açıqlamasında bildirdi ki, Azərbaycan nə qədər tələb etsə də, heç kəs ona mina xəritəsi verməyəcək:
“Yəni, buna arxayın olmamalıyıq. İkincisi, belə işlər nə ilkdir, nə də son. Konkret olaraq, Kəlbəcərin Susuzluq kəndində baş verən hadisə haqqında nə demək olar? Murovdağ zirvəsinə yaxın Yanşaq kəndi ilə Təkəqaya kəndinin arasında yerləşən bu kənd 27 il işğalda olub, deməli, müharibə başlayanadək bu yerlərə mina basdırılmayıb. Minanın basdırılma vaxtı niyə önəmlidir? Ola bilsin ki, mina 10 noyabr bəyanatından sonra Kəlbəcərin tərk edilməsi başlayarkən basdırılıb. 10 noyabrdan sonra Ağdam və Laçında da düşmənin minalar basdırması açıq müşahidə olunub. İkinci versiya minanın yeni basdırılmasıdır. Sosial şəbəkələrdə yayılan videodan hiss olunur ki, fərqli torpaq səthləri var. Bu görüntülər şübhə yaradır ki, minalar təzə basdırılıb”.
Belə olan halda sual yaranır: düşmənin kəşfiyyat qrupu bizim qoruduğumuz ərazini necə keçib? Bu bölgədə sərhədlərin demarkasiyası hələ başlanmasa da, sərhəd bölgəsindən aralı yerləşən bu kəndə erməni kəşfiyyat qrupu necə asan daxil ola bilib?
İ.İsmayıl daha çox bu versiyaya üstünlük verir ki, mina ermənilər Kəlbəcərdən çıxan zaman yerləşdirilib: “Amma yeni basdırılması da istisna edilmir. Ola bilsin ki, düşmən hərbçilərimizin bu yoldan intensiv istifadəsini müşahidə edib və hərəkət yoluna mina basdırıb”.
Ekspertin sözlərinə görə, hərbçilərimiz azad olunmuş yerlərə gələn mülki vətəndaşların hərəkətinə tam nəzarət etməli, onların müstəqil hərəkətinə imkan verməməlidir:
“Son hadisədə yaralananlardan istintaq zəruri məlumatlar da əldə edə bilər və o zaman daha konkret rəyə gəlmək mümkündür”.(pressklub)
Turqut