Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi qəbul olunub. Maliyyə Nazirliyinin təqdim etdiyi məlumata görə, 2020-ci ildə icmal büdcənin gəlirləri 24 milyard 463 milyon manat, xərcləri isə 29 milyard 160 milyon manat icra olunub. İcmal büdcədə yaranmış 4 milyard 698 milyon manat kəsir proqnozlaşdırılmış 7 milyard 945 milyon manat kəsirə nisbətən 3 milyard 248 milyon manat və ya 40,9 faiz az olub.
Yenixeber.org: 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 679 milyon manat və ya 102,3 faiz, xərcləri isə 26 milyard 416 milyon manat və ya 96,1 faiz icra olunub. Büdcənin kəsiri 1 milyard 737 milyon manat təşkil edib ki, bu da proqnozlaşdırılan 3 milyard 368 milyon manat kəsirdən 1 milyard 631 milyon manat və ya 48,4 faiz azdır.
Müzakirələr zamanı deputat Vüqar Bayramov bildirib ki, büdcə kəsirinin proqnoza qarşı əhəmiyyətli dərəcədə daralması ilk növbədə fiskal orqanlar tərəfindən dövlət büdcəsinə daxilolmaların artıqlaması ilə təmin edilməsi və xərclərin qənaətlə icra olunması hesabına yaranıb:
“Belə ki, Dövlət Vergi Xidməti tərəfindən dövlət büdcəsinə 7 milyard 387 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza qarşı 197 milyon manat çox deməkdir. Dövlət Gömrük Komitəsi tərəfindən isə dövlət büdcəsinə 3 milyard 830 milyon manat proqnoza qarşı 3 milyard 938 milyon manat vəsait təmin edilib. Bu isə proqnoza qarşı 108 milyon manat çoxdur. Dövlət Neft Fondunun transferti üzrə daxilolmalar 100 faiz və ya 12 milyard 200 milyon manat həcmində olub”.
V. Bayramovun sözlərinə görə, ÜDM-in formalaşmasında qeyri-neft sektorunun əsas drayver olmasına baxmayaraq, fiskal gəlirlərin formalaşmasında ağırlıq yenə də neft sektorunun payına düşməkdədir:
“2020-ci ildə də büdcə gəlirlərinin formalaşmasında neft sektoru dominant mövqeyini qoruyub saxlayıb. Gəlirlərin 14 milyard manatdan artığı neft, 10 milyard manatdan bir az çoxu isə qeyri-neft sektorunun payına düşüb. 2017-ci ildən etibarən Dövlət Neft Fondunun transfertlərin həcminin hər il əvvəlki ilə nisbətən artmasını müşahidə edirik. 2020-ci ildə transfertlərin həcmi 7.4 faiz artıb. Büdcənin 49.4 faizi Neft Fondundan transfertlərin payına düşüb. Bu, o deməkdir ki, 2020-ci ildə dövlət büdcəsinə daxil olan hər 2 manatın 1 manatı Fonddan transfertlər hesabına formalaşıb. Bu baxımdan, fiskal qaydaların tətbiqi dayandırılsa da, fiskal optimallaşdırma mexanizmdən istifadə daha məqəsədəuyğun olardı”.
Deputat əvvəlki illərdə olduğu kimi, büdcə xərclərinin rüblər üzrə bölgüsündə sonuncu rübün yenə də dominant olmasına diqqət çəkib:
“2020-ci ildə icra edilmiş xərclərin 29,4%-i ilin son rübündə icra edilib. Həmin məbləğin də 54,7%-i dekabr ayının payına düşüb. İlk 11 ay üzrə orta aylıq büdcə xərclərinin məbləğinin 2 milyard 14 milyon manat təşkil etməsinə baxmayaraq, dekabr ayında xərclər müvafiq göstəricidən 2,1 dəfə çox olub. Belə ki, dekabr ayında xərclənən vəsait ötən il üzrə ümumi büdcə xərclərinin 16,1%-ni təşkil edib. Yəni dekabr ayında 4 milyard 253 milyon manat xərclənib. Heç bir ayda aylıq xərc 3 milyarda çatmadığı halda, ilin sonuncu ayında 4 milyard manatı keçib”.
Qeyd edək ki, büdcə vəsaitlərinin əhəmiyyətli hissəsinin son rübdə xərclənməsi ölkədə ənənə halını alıb. Adətən dekabr ayında xərclər əvvəllki aylarla müqayisədə fantastik həddə çatır və bu da vəsaitlərin müxtəlif vasitələrlə silinməsi barədə şübhələr yaradır.
İqtisadçı ekspert Toğrul Maşallı bildirdi ki, bu paradoks büdcənin formalaşması ilə bağlıdır. Onun sözlərinə görə, dövlət qurumu il ərzində büdcə əldə edir və bu vəsaiti müxtəlif istiqamətlərə xərcləyir:
“Bir çox hallarda normal planlaşdırma olmadığı, xərcləmələr qeyri-effektiv olduğu üçün vəsaitlərin çox kiçik hissəsi ilk 6-7 ay ərzində xərclənir. İlin sonuncu rübündə bəlli olur ki, vəsaitlərin əhəmiyyətli hissəsi xərclənməmiş qalıb. Onlar növbəti il üçün yenidən büdcədən pul istəmək üçün bu vəsaiti sonuna qədər xərcləməlidirlər ki, Maliyyə Nazirliyi bu təşkilata həmin həcmdə, yaxud daha artıq vəsait lazım olduğunu təsdiq etsin. Beləliklə, mənasız bir tsikl yaranır ki, dövlət qurumu daha az xərcləsə, gələn il onun büdcəsi daha az olacaq”.
Ekspert qeyd etdi ki, burada növbəti problem ümumilikdə büdcənin dolması, xərclənməsi ilə bağlıdır:
“Bu məsələ Maliyyə Nazirliyi tərəfindən həyata keçiririlir, baxmayaraq ki, vəsaitlər plana, qrafikə görə ayrılmalıdır, amma bir çox hallarda gecikdirilir, yaxud daxilolmalar ləngiyir. Nəticədə vəsaitləri xərc istiqamətlərinə yönəltmək ancaq ilin ikinci yarısında mümkün olur. Bu, büdcə sistemi və Maliyyə Nazirliyi, habelə dövlət qurumları arasında münasibətlərdən qaynaqlanan problemdir”.(pressklub)
Turqut