Paşinyandan Bakı və Moskvaya qarşı hiyləgər gediş – sərhədə NATO qüvvələri yerləşəcək?
Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində yaranmış böhranı aradan qaldırmaq üçün öz aləmində “olduqca konstruktiv” təklif irəli sürüb.
Yenixeber.org: Erməni mediasının verdiyi məlumata görə, az öncə Ermənistan Təhlükəsizlik Şurasının toplantısında çıxış edən Paşinyan deyib ki, irəli sürdüyü təklif “hər iki tərəfdən silahlı qüvvələrin sərhəddən sürətli və simmetrik şəkildə geriyə - daimi dislokasiya yerinə çəkilməsi haqda anlaşmanı” nəzərdə tutur.
Onun sözlərinə görə, bunun ardınca sərhədlərin dəqiqləşməsi beynəlxalq birliyin nəzarəti altında həyata keçməlidir. “Konkret halda mən hesab edirəm ki, bu işi Rusiyanı və ya Minsk Qrupunu təmsil edən müşahidəçilər görməlidir və proses ATƏT-in Minsk Qrupunun himayəsi altında getməlidir. Müşahidəçilər yerləşəndən sonra növbəti mərhələdə sərhədlərin dəqiqləşməsi aparılmalıdır. Əgər Azərbaycanın problemi həqiqətən sərhəd məntəqələrinin dəqiqləşdirilməsi ilə bağlıdırsa, onda bu plandan imtina etmək üçün onun heç bir əsası olmamalıdır”, - deyə Nikol Paşinyan iddia edib.
Beləcə, Ermənistan rəhbəri Azərbaycan hökumətinə faktiki öz qoşunlarını ona aid qanuni ərazilərdən geri çəkməyi təklif edir. Yəni Azərbaycan öz “ağrımayan başına dəsmal” bağlamalı və artıq bəri başdan ona aid sərhəd ərazilərin mübahisəli olduğunu qəbul eləməlidir. Halbuki, sərhədlərin dəqiqləşməsi Rusiyanın da tərəfdarı olduğu sovet xəritələri əsasında həyata keçirilir. Bu da İrəvana sərf eləmir, ona görə ki, 30 illik işğal dövründə Ermənistan həmin xəritələrdəki sərhədləri aşaraq yeni ərazilər zəbt edib, sərhədi öz bildiyi kimi cızıb və indi də zəbt elədiyi torpaqlardan çıxmaq istəmir. Bu bir.
İkincisi, heç şübhəsiz, bununla o, Azərbaycan-Ermənistan sərhədini də Dağlıq Qarabağ məsələsi kimi beynəlmiləlləşdirmək, Bakını öz suveren sərhədlərinə nəzarətdən məhrum eləmək, obrazlı desək, “qaşınmayan yerdən qan çıxarmaq” istəyir. Aydındır ki, bölgədə ABŞ, Fransa qüvvələri hansı tərəfin təəssübünü çəkəcək. Doğrudur, Paşinyan Rusiyanı da adını çəkib. Əslində isə o, sərhəddə ABŞ və Fransanın (NATO) müşahidəçilərinin yerləşməsini hədəf alıb. Bunu da hər iki ölkənin Minsk Qrupunun həmsədri kimi vasitəçilik statusu ilə əsaslandırmağa çalışıb.
Üçüncüsü, şübhəsiz, Nikol Paşinyan bununla Minsk Qrupunu təzədən dirçəltmək niyyəti güdür ki, az sonra artıq tarixə gömülmüş Dağlıq Qarabağ məsələsini də onun gündəliyinə gətirsin.
Dördüncüsü, əlbəttə ki, gizli qərbçi olan, “Soros uşağı” Paşinyan bununla həm də Rusiyanın bölgədə dominant və vasitəçi rolunu azaltmağa və yaxın perspektivdə onu ermənipərəst Qərblə əvəzləməyə ümid edir. Üstəlik, ABŞ və Fransanın burada hərbi mövcudluğunu bərqərar eləməklə. Çünki Ermənistan, onun rəhbərliyi 44 günlük müharibə ilə bağlı səbəb də daxil, Rusiya və onun qurduğu KTMT-dən ciddi şəkildə narazıdır. Bu mənada Nikolun son təklifi Rusiyanın “bostanına daş atmaq” anlamına da gələ bilər.
Beşincisi, təklif eyni zamanda, KTMT-nin gücsüz, mənasız bir hərbi-siyasi qurum olduğunu nümayiş etdirməyə hesablanıb ki, bu da adı çəkilən blokun imicinə vurulan növbəti zərbədir. Bu mənada Ermənistan rəhbərinin təklifinə Moskvanın verəcəyi reaksiya çox maraqlı olacaq.
Nəhayət, altıncısı, “ekzotik” təklifi reallaşacağı təqdirdə Nikol Paşinyan 20 iyun seçkilərinə ictimai rəydə “sözükeçən Ermənistan”ın və Qərbin dəstəklədiyi “bacarıqlı lider” kimi getmək istəyir. O da istisna deyil ki, Nikolun təklifi elə Qərb mətbəxində hazırlanıb – hansı ki, 44 günlük müharibənin nəticəsi olaraq bölgədə oyundankənar vəziyyətə düşüb və hansı yolla olur-olsun, hərbi-siyasi cəhətcə regiona qayıtmaq, Rusiya və Türkiyəni sıxışdırmaq istəyir...(musavat)