Yenixeber.org: Azərbaycanda vətəndaşların 65 yaşı tamam olduqdan sonra pensiya almaq hüququ yaranır. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq müəyyənləşdirilir. 1 iyul 2020-ci ildən etibarən kişilərə 65 yaşı tamam olduqdan sonra əmək pensiyası təyin olunur. Qadınlara isə tərtib olunan qrafikə uyğun şəkildə hazırda 62.6 yaşında təqaüd təyin edilir. Hər il bu müddət 6 ay artırılır və beləliklə, 2026-ci ildə qadınlar da kişilərlə bərabər 65 yaşları tamam olduqdan sonra pensiya ala biləcəklər.
2018-ci ildə “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliyə əsasən 2019-cu ilin əvvəlindən pensiyaların pensiya hüququ yaranan şəxsin heç bir müraciəti olmadan, sənəd təqdim etmədən və pensiya hüququ yaranan gün ərzində elektron qaydada təyin edilməsinə başlanıb. Pensiya şəxsə təyin olunandan sonra ona bu, həmçinin, pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə SMS, e-mail və ya rəsmi məktubla məlumat verilir.
Yaşı 65-ə çatan, amma onu almaq hüququ yaranmayan şəxslərə “Sosial müavinətlər haqqında” qanuna əsasən yaşa görə 130 manat sosial müavinət almaq hüququ var.
Bəs, pensiya yaşının 65 olması əhalinin orta ömür uzunluğu ilə mütənasibdirmi? Hökumət yaşlı vətəndaşların sosial təminatı ilə bağlı nə qədər ədalətli yanaşma ortaya qoyub?
Rəsmi statistikaya görə, Azərbaycanda orta ömür 75,8 ildir. Hökumətin yanaşmasına əsasən orta hesabla vətəndaş təqaüdə çıxdıqdan sonra 12 il pensiya ala bilər. Bu da beynəlxalq standartlara uyğundur. Amma müstəqil ekspertlər statistikanın reallığı əks etdirmədiyini, nəticədə ona uyğunlaşdırılan sosial təminat məsələlərinin kifayət qədər əlçatmaz olduğunu bildirirlər. Başlıca problem kimi ölümlərin gəncləşməsini və artmasını göstərirlər.
İqtisadçı Rövşən Ağayev bildirir ki, erkən – əmək qabiliyyətli yaşda ölümün yüksək olması ölkədə orta ömür uzunluğuna neqativ təsir göstərən əsas amillərdən biridir. O, əvvəlcə inkişaf etmiş ölkələrdəki təcrübəyə nəzər salır. Bildirir ki, ən son statisitkaya görə, Avropa Birliyi üzrə bütün ölümlərin 18%-i 65 yaşa qədər, 82%-i 65 yaşdan sonra baş verir. Azərbaycana gəldikdə, ekspert bu sahədə vəziyyətin çox kritik olduğunu deyir. R. Ağayev 2019-cu ilin nəticələrinə görə, bütün ölümlərin 41%-nin 65 yaşa qədər baş verdiyini vurğulayır:
“1990-2005-ci illərdə bu statistika xeyli yaxşılaşıb və 15 il ərzində 58%-dən 38%-ə düşsə də, 2006-cı ildən sonra 65 yaşa qədər ölümlərin xüsusi çəkisi artmağa başlayıb və 2019-cu ildə yenidən ən yüksək səviyyəyə çatıb”.
Ekspert qadın və kişilər üzrə bu göstəricinin əhəmiyyətli dərəcədə fərqləndiyini söyləyir:
“1990-2005-ci illərdə kişilər arasında ölümlərdə 65 yaşadək ölümlərin xüsusi çəkisi 68%-dən 47%-ə ensə də, 2019-cu ildə 50%-ə yüksəlib. Yəni vəfat edən hər 2 kişidən biri 65 yaşına çatmamış həyatını itirir. Qadınlar üzrə nəticə belədir: 1990-2005-ci illərdə qadınlar arasında ölümlərdə 65 yaşadək ölümlərin xüsusi çəkisi 46%-dən 29%-ə enib. Sonrakı 15 ildə bu göstəricidə elə ciddi dəyişiklik olmayıb və 2019-cu ildə də 30% təşkil edib. Yəni hazırda vəfat edən hər 100 qadından cəmi 30 nəfəri 65 yaşadək həyata vida edir. Bu, kişilər üzrə göstəricidən az qala iki dəfə yüksəkdir”.
Ağayev xatırladır ki, pensiya yaşı artırılarkən təyin edilən 65 yaş həddinin orta ömür uzunluğuna və ölüm yaşına adekvat olmadığı barədə müzakirələr gedib: “O zaman da biz pensiya yaşının yüksək olduğunu bildirmişdik”.
İqtisadçının sözlərinə görə, hazırda inkişaf etmiş ölkələrin əksəriyyətində pensiya yaşı 65-dir:
“Hətta Fransada ötən bir ilə qədər dəyişməyibsə, qadınların pensiya almaq hüququ 62 yaşdan yaranır. Avropa Birliyi üzrə bütün ölümlərin 18%-i 65 yaşa qədər, 82%-i 65 yaşdan sonra baş verir. Göründüyü kimi, insanların əksəriyyəti uzunömürlü olsalar da, dövlət pensiya yaşını artırmır. Azərbaycanda isə əksinədir. Kişilərin erkən ölümü daha çoxdur, qadınlarla müqayisədə təxminən iki dəfə artıqddır. Hesab edirəm ki, real statistik göstəriciləri nəzərə alıb, pensiya yaşını mütləq aşağı salmaq lazımdır”.
Hökumət bəyan edir ki, pensiya yaşı ilə orta ömür arasında qoyulan müddət beynəlxalq standartlara uyğundur. R. Ağayevin təqdim etdiyi statistikada isə əks mənzərə var. Göründüyü kimi, əhalinin böyük hissəsi pensiya yaşına çatmadan dünyasını dəyişir.
Ekspert bildirir ki, beynəlxalq standartlara görə, pensiya yaşı ilə orta ömür arasında minimum 12 il vaxt olmalıdır:
“Bu rəqəmdən çıxış etsək, Azərbaycanda orta ömür uzunluğu 77-78 yaş olmalıdır. Burada bir vacib məqam da var. Ümumiyyətlə, pensiya qabağı ölüm statistikasını da araşdırmaq lazımdır. Məsələn, 55-60, 60-65 yaşlarında ölənlərin sayı nə qədərdir? Eyni zamanda pensiyaya çıxan vətəndaşların nə qədərinin 65 yaşdan neçə il çox yaşadığını da müəyyən etmək lazımdır. Bizim statistika qurumları 65 yaşdan sonrakı ölümlərlə bağlı ümumi məlumat açıqlayır. Əslində isə 65-70, 75-80 və s. yaş qurupları ilə bağlı ölüm statistikasının da hazırlanıb, ictimaiyyətə təqdim olunması vacibdir”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə erkən ölümlərin səbəbləri ilə bağlı
düşünür ki, hazırda statistika reallığı əks etdirmir, çünki bura koronavirusdan vəfat edənlər də daxildir:
“Məlumdur ki, bu səbəbdən dünyasını dəyişənlər arasında xeyli sayda gənc insanlar var. Əlbəttə, pandemiyadan sonrakı rəqəmlər əsasında bir rəy vermək mümkündür. Çünki biz hansı xəstəliklərin ölümlərdə önəm kəsb etdiyini bilmək üçün ona pandemiya rəqəmləri xaric baxmalıyıq”.
Həkim qeyd edib ki, hazırda koronavirusla əlaqəli ölümlərin sayı çox olduğundan, təqdim edilən rəqəmlər ölkədəki ümumi vəziyyəti əks etdirmir:
“Ona görə, gərək əvvəlcə COVİD-19 səbəbindən ölən xəstələr ümumi siyahıdan ayrılsın, sonra rəqəmlərə baxmaq olar. Hesab edirəm ki, bu barədə əsas narahatlıq pandemiya dövrünə bağlıdır. Təəssüf ki, xəstəlik səbəbindən yaşdan asılı olmayaraq, xeyli itkilərimiz var, bu da statistik rəqəmlərə təsir edir”.(pressklub)
Turqut