Yenixeber.org: 2021-2022-ci illər üzrə ali təshil müəssisələri tələbə qəbulu qaydaları açıqlanıb. Subbakalavrların qəbulu Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir. Qəbul imtahanlarının birinci mərhələsinin nəticələri 2 il, ikinci mərhələsinin nəticələri isə 1 il qüvvədə qalır. Abituriyentin hər bir sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirakı mümkündür. I, IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq? abituriyentlər V ixtisas qrupu üzrə də imtahan verə bilərlər.
Dövlət İmtahan Mərkəzi əlilliyi olan şəxslərin imtahanlarda iştirakı üçün müəyyən işlər də görür. Belə ki, I qrup gözdən əlilliyi olan abituriyentlərə fərdi nəzarətçi təyin ediləcək və onlar üçün imtahanın müddəti hər mərhələ üzrə 1 saat artırılacaq. Həmçinin, pandemiya ilə əlaqədar abituriyentlərə bir sıra güzəştlər də tətbiq olunub.
Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirir ki, ənənəvi formada tədrisin aparılmasında müəyyən məhdudiyyətlər tətbiq olunur:
“Bu da şagird və abituriyentlərin öyrənmə nəticələrinə öz təsirini göstərir. Ona görə də Dövlət İmtahan Mərkəzi tərəfindən abituriyentlərə dəstək məqsədilə qəbul imtahanları proqramları sadələşdirilib. Müəyyən mövzular var ki, onlar imtahan proqramlarından çıxarılıb”.
Sektor müdiri hər bir imtahan iştirakçısına “Abituriyent” jurnalının 1 saylı buraxılışına baxmalarını məsləhət görür: “Orada konkret olaraq onların biliklərinin hansı mövzular üzrə qiymətləndirilməsi öz əksini tapıb”.
Xanlarzadə onu da əlavə etdi ki, tarix fənnində Vətən müharibəsi ilə bağlı suallar da var:
“Həmin mövzularla “Abituriyent” jurnalının 1-ci sayında tanış ola bilərlər. Nəşr olunacaq 2-ci jurnalda isə Vətən müharibəsi ilə bağlı məqalələr də dərc ediləcək. Əgər Nazirlər Kabineti tərəfindən kütləvi imtahanların keçirilməsinə icazə verilsə, o zaman qəbul imtahanlarının ikinci mərhələsini, yəni ixtisas qrupları üzrə olan imtahanları iki dəfə keçirə bilərik. Abituriyentlərə iki şans verək, onların iki cəhdi olsun. Hansından istəyirlərsə, ondan da istifadə edə bilsinlər. Ənənəvi qayda yaz və yay imtahanlarının keçirilməsini nəzərdə tutur. Ancaq mən yenə də deyirəm ki, bu, həmin dövrdəki sanitar-epidemioloji vəziyyətdən asılıdır”.
Təhsil eksperti Elçin Əfəndi deyir ki, blok imtahanları əsasən yaz və yay qəbul imtahanlarıdır:
“Bu, abituriyentlərə verilmiş birinci və ikinci şans kimi qiymətləndirilir və bu imtahanlar əsasında birinci mərhələdə, buraxılış imtahanlarında abituriyentlərə 300 bal təqdim olunur. İkinci mərhələ blok imtahanında isə onlara 400 bal təqdim edilir. Burada müvafiq olaraq abituriyentlər ilkin ərizə qəbulunda iştirak etməlidirlər, ərizə qəbulu isə hələ ki Dövlət İmtahan Mərkəzi tərəfindən ictimaiyyətə elan olunmayıb. Amma ehtimal olunur ki, bu prosesə mart ayından start verilsin”.(pressklub)
Ülviyyə Şahin