Redaktor seçimi
İsveç NATO-ya girmək istəmirmi? -
Qorxulu Tehran:
General İsmayıl Hüseynov bu sahədə monopoliya yaradır -
İkinci 44 günlük “savaş” -
75 şüşə konyak, 7500 dollarıq yəhər, oraq-çəkicli telefon –
Ziyəddin Əliyevin Avstriyada da biznesi aşkar edildi -
Azad edilən su ehtiyatlarını yenidən "işğal edənlər" -
Paşinyan Rusiyanı qovub, Qərbi gətirir -
Günün xəbəri

Məqsəd yüksək ixtisaslı kadrlar hazırlamaqdır

 

 "Xeberinfo.com":  Əsası Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş quruculuq siyasəti nəticəsində dövlətimizin hüquqi-sosial bazası yaranmış, müstəqilliyimiz möhkəmlənmiş, dünya ölkələri birliyinə inteqrasiya istiqamətində çox mühüm addımlar atılmışdır. Ulu öndərin bir başa rəhbərliyi ilə müstəqilliyin ilk illərindən ölkə həyatının bütün sahələrində aparılan geniş quruculuq işləri dövlətimizin başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və sürətlə davam etdirilir. Məhz ölkə  Prezidentinin apardığı düzgün daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyada siyasi sabitliyinə görə ilk yerlərdən birini tutur, iqtisadi inkşaf sürətinə görə lider ölkələr sırasındadır. Ardıcıl həyata keçirilən çoxsaylı dövlət proqramları sayəsində ölkəmiz ilbəil inkşaf edir.

         Bütün sahələrdə olduğu kimi, təhsildə də əsası Ulu Öndər tərəfindən qoyulmuş önəmli islahatlar uğurla davam etdirilir, təhsilin infrastrukturunun yaranmasında, möhkəmlənməsində, maddi-texniki bazasının formalaşmasında, ümumilikdə milli təhsil sisteminin qurulmasında çox mühüm addımlar atılır. Xüsusilə son illər ölkə başçısının diqqət və qayğısı, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə bu sahədə köklü islahatlar aparılır. Təhsilin məzmununa və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşmə prossesləri gedir. Respublikamızın Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkşafı üzrə Dövlət Strategiyası” sürətlə inkşaf edən, həm iqtisadi, həm siyasi, həm də diplomatik sahələrdə qazanılmış vüsətli nailiyyətləri ilə dünyaya inteqrasiya olunan dövlətimizin uğurlu nailiyyətidir.

         Ümummilli Lider Heydər Əliyev dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşaraq, ilk növbədə, xalqın intellektual sahədə qazandığı nailiyyətləri dövlət quruculuğu prosesinin ən vacib şərti və etibarlı təminatı hesab edirdi. Ulu Öndərin bu tövsiyyəsinə müvafiq olaraq, professor Yusif Yusibovun rəhbərliyi altında Gəncə Dövlət Universitetində məqsədyönlü işlər aparılır.

Bu gün Gəncə Dövlət Universiteti ölkənin mütərəqqi ali təhsil müəssisələrindən biridir. Universitetin missiyasına ardıcıl və humanist təhsil prosesini təşkil etmək, elmi mühiti formalaşdırmaq, intellektual səviyyəli müəllim, yüksək dərəcəli elm adamı, müəyyən sahələr üzrə ixtisaslı mütəxəssis hazırlamaq və Azərbaycanın təhsil və elm ocaqlarını, idarə, müəssisə və təşkilatlarını, struktur və qurumlarını bu kadrlarla təmin etmək daxildir. Universitet öz potensialı ilə elm və təhsil sahəsində ölkənin bütün ali təhsil ocaqları ilə rəqabət aparmaq qabiliyyətinə  və ön sıralarda getmək imkanına malikdir.   

         Universitetimizin  ali məktəblər arasında reytinqinin yüksək, ölkəmizin qərb regionunda aparıcı ali məktəb və ideoloji mərkəz olmasının nəticəsidir ki, hər il tələbə qəbulu planı, demək olar ki,  tam yerinə yetrilir. Hazırda universitetdə 51    bakalavr ixtisası üzrə 4958 tələbə, 25 magistr istiqaməti üzrə 276 magistrant təhsil alır. 8 fakültənin nəzdində fəaliyyət göstərən 33 kafedrada 2 nəfər əməkdar elm xadimi,    13 nəfər elmlər doktoru, proffesor, 161 nəfər ayrı-ayrı elmlər üzrə fəlsəfə doktoru, dosent, 379 nəfər isə baş müəllim və müəllim çalışır. Onlar öz vəzifə borclarını layiqincə və məsuliyyətlə yerinə yetirirlər.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Biz iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik” devizi ilə təhsilin Avropa standartlarına uyğunlaşdırılması, onun maddi-texniki bazasının inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlər artıq reallığa çevrilməkdə, gercək həllini tapmaqdadır. Universitetdə kamil şəxsiyyətin, hərtərfli biliyə, savada, elmə və ahəngdar inkişafa malik vətəndaşların formalaşması üçün kifayət qədər imkanlar yaranmışdır. Universitetin bazasının genişləndirilməsi, tədris korpuslarının müasir standartlara cavab verən avadanlıqlarla təmin edilməsi, fizika, kimya, botanika, ekologiya laboratoriyalarının yenidən qurulması, ümümuniversitet və fakültələr üzrə internet saytlarının yaradılması, universitet həyatında gündəlik baş verən dəyişikliklərin, keçirilən tədbirlərin internet səhifəsində yerləşdirilməsi, bununla da daxili və beynəlxalq əlaqələrin daha da genişləndirilməsi, xarici ölkələrin təhsil və elm müəssisələri ilə əməkdaşlığın artırılması və möhkəmləndirilməsi buna əyani sübutdur. Universitet rəhbərliyinin diqqəti sayəsində bu il şəhər ATS-dən əsas tədris binasına, oradan da bütün tədris korpuslarına “fiber optik” kabelin çəkilişi universitet kollekktivinin sevincinə səbəb olmuşdur. Cünki  bunun sayəsində universitetdə daxılı şəbəkə daha keyfiyyətli qurulacaq, şəbəkənin “onurğa”sı təmin ediləcək, bütün tədris binaları yüksək sürətli internetlə təmin ediləcəkdir.  

Azərbaycan Təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılması və daim inkişaf etdirilməsi Gəncə Dövlət Universitetinin beynəlxalq əlaqələrinin keyfiyyətcə dəyişməsində önəmli rol oynamışdır. Universitet dünyanın aparıcı universitetləri ilə birbaşa əlaqə yaratmaq imkanı əldə etmiş, xarici ölkələrin universitetləri ilə elm, təhsil, tələbə-müəllim mübadilsi sahələri üzrə əməkdaşlıq müqavilələri imzalamışdır. Universitet Avropada elm və təhsili maliyələşdirən komissiya və müxtəlif fondlarla yaratdığı sıx əməkdaşlıq cərçivəsində Avropa Şurasının təsis etdiyi Beynəlxalq Təhsil Proqramları üzrə keçirilən müsabiqələrdə, elm və təhsillə bağlı layihələrdə fəal iştirak edir. Avropa İttifaqının TEMPUS təhsil proqramı çərçivəsində Universitet 3 qalib layihənin iştirakçısıdır. Universitetin əməkdaşları müxtəlif Beynəlxalq elmi konfransların və simpoziumların iştirakçısı olmuşlar. Universitetin Beynəlxalq əlaqələri layihələr və proqramlar, universitetlərarası müqavilələr, əcnəbi tələbələrin universitetdə təhsil alması, beynəlxalq konfranslar, universitet əməkdaşlarının və tələbələrinin xaricdə məqalələrinin nəşri, görüşlər, disputlar keçrilməsi istiqamətində inkişaf etdirilir. Bunu demək kifayətdir ki, son altı ayda elmin aparıcı istiqamətləri üzrə universitetdə nüfuzlu alimlərin iştirakı ilə respublika və beynəlxalq miqyaslı elmi konfranslar keçirilmişdir. CURDEUS üzrə layihə çərçivəsində universitetin müəllimləri Polşanın Lord Universitetində, Hollandiyanın Leyden Universitetində və Portuqalyanın Dövlət Universitetində mübadilə keçmişlər. “ERASMUS” proqramı çərçivəsində əgər keçən il cəmi iki tələbəmiz iştirak etmişdirsə, 2014-2015-ci tədris ilində bu proqramla təhsil alacaq tələbələrin sayı artıq 10 nəfərdir. Onlar İtalya, Fransa, Polşa və Fillandiyada bakalavr, magistratura və doktorantura səviyyəsində təhsillərini davam etdirəcəklər. DAAD Mövlanə Mübadilə Proqramı çərçivəsində Türkiyənin 20-yə yaxın universiteti ilə müqavilə imzalanmış, yüzə yaxın müəllim və tələbənin sənədləri Komissiyaya göndərilmişdir. Son altı ayda Mövlana Mübadilə proqramı çərçivəsində Kastamonu, Giresun, Fırat, Erzurum, Çankaya, Erzincan, Nevşehir Hacı Bektaş Veli, Bitlis Eren Aksaray, Uşak, Bozok, Cümhuriyyət universitetləri ilə müqavilələr imzalanmışdır. Bu müddətdə, həm də Fransanın Mülüs şəhəri Yuxarı Elzas Universiteti, Albaniyanın Vitrina universiteti, MDB ölkələrindən Belorusiyanın Vitebsk Dövlət Universiteti, ölkəmizin Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, AMEA-nın Aşqarlar kimyası və Kimya Problemleri İnstitutları ilə də müqavilələrin imzalanması öz yerini almışdır. Xarici vətəndaşların Universitetdə təhsil almasına lazımi şərait yaradılnışdır. Hazırda universitetdə 20 nəfər əcnəbi tələbə təhsil alır. Beynəlxalq konfranslarda iştirak edən 5 nəfər müəllimin məqaləsi impakt faktorlu jurnallarda nəşr olunmuşdur. Bu ilin may ayında universitetin nümayəndə heyəti tərəfindən Tiflisdə Mirzə Şəfi Vazehin anadan olmasının 220 ilik yubileyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilmiş, Universitetdə Nizami adına Daşkənd Dövlət Universitetinin, Giresun Universitetinin, Kastamonu Universitetinin nümayəndələri ilə görüşlər təşkil olunmuşdur. İyun ayında universitetin rektoru professor Yusif Yusibovun rəhbərliyi ilə nümayəndə heyəti Fransanın Mülüs şəhərində Yuxarı Elzas Universitetində, həmcinin Reyms şəhərində Şampan Arden Universitetində olmuş, təcrübə mübadiləsi və  əməkdaşlığa dair müzakirələr aparmışdır.

 

         Elmin inkişafı və qlobal tədqiqat mərkəzləri ilə genişlənən əlaqələr müxtəlif istiqamətlərdə elmi nəticələrin alınmasına öz müsbət təsirini göstərir. Tədqiqat nailiyyətləri və son illərdə Avropaya inteqrasiya informasiya kommunikasiya texnologiyası, riyazi elmlər, kimya, biokimya, biologiya və s. istiqamətlərdə müasir tədqiqat sahələrinin meydana çıxmasına və qlobal elmi dəyişikliklərin yaranmasına imkanlar yaratmışdır. Universitetdə “Büküm tənliklər nəzəriyyəsi”, “Diferensial və inteqral operatorlar nəzəriyyəsi” sahəsində mühüm nəticələr əldə edilmişdir. Digər mühüm elmi nəticələr ekosferanın və bioloji müxtəlifliyin qorunub saxlanılması, biologiya və botonika sahəsində, Azərbaycanın qərb regionunun flora və faunasının tədqiqi sahəsində alınmışdır. Kimya, xüsusilə də  yeni yarımkeçıci sistemlərin sintezi və onların fiziki-kimyəvi tədqiqi sahəsində də bir çox praktik və nəzəri nəticələr əldə olunmuşdur. Universitetin alimləri və gənc tədqiqatçılarının nailiyyətləri Azərbaycan Milli Elmlər Akademiyasının, Avropa elmi təşkilatlarının və başqa təşkilatların alimləri tərəfindən yüksək qiymətləndirilir. Bu yaxınlarda Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmrinə uyğun olaraq, universitetdə Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 2 genişmiqyaslı konfrans keçirmişdir. Onlardan biri 12 -13 may 2014-cü il tarixdə respublika səviyyəsində “Müasir biologiya və kimyanın aktual problemləri”, digəri 5-6 iyun 2014-cü il tarixdə beynəlxalq səviyyədə  “Riyaziyyat və İKT-nin tətbiq sahələri: yeni tədris texnologiyaları” mövzusunda olmuşdur. Birinci konfransda Respublikanın nüfuzlu ali məktəblərini və AMEA-nın İnstititlarını təmsil edən 125-dən artıq alim, ikinci beynəlxalq konfransda isə 6 xarici ölkənin nümayəndələri iştirak etmişdir. Hər iki konfransın materialları toplu şəklində nəşr edilmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasını 91-ci ildönümünə həsr olunmuş “Qəlblərdə yaşayan insan - 91 ilin işığında”, millət vəkili Ziyad Səmədzadənin iştirakı ilə “Müasir mərhələdə iqtisad elminin aktual problemləri” mövzusunda keçirilən elmi-praktik konfranslar iştrakçıların böyük marağına səbəb olmuşdur

         Universitetdə elmi kadr potensialının inkişafına xüsusi diqqət yetirilir. Son altı ayda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarlarına əsasən universitetin əməkdaşlarından 3 nəfəri professor, 9 nəfəri dosent elmi adını, 10 nəfəri isə müxtəlif elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Universitetdə tələbə elmi cəmiyyətinin fəaliyyəti diqqət mərkəzində saxlanılır. Cəmiyyətin üzvləri şəhər, respublika, ölkədən xaric tələbə konfranslarında fəal iştirak edir, müəllimlərin rəhbərliyi altında apardıqları tədqiqat işlərinə dair mülahizələrini respublika mətbuatında, ali məktəblərin “Elmi xəbərlər” məcmuələrində nəşr etdirirlər. Gənc tədqiqatçıların hazırlanması və yetişdirilməsi üçün universitetdə maksimum əlverişli şərait yaradılmışdır. Tələbələrimiz respublika fənn olimpiadalarında uğurla iştirak edir, mükafata layiq yerlər tuturlar.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaların İnstitutunun təşkilatcılığı ilə 17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunan “Ali məktəb tələbələri arasında informasiya üzrə Ümumrespublika Olimpiadasının 13 aprel 2014-cü ildə Qafqaz Universitetində kecirilən birinci mərhələsində riyaziyat-informatika fakültəsinin altı komandası iştirak etmiş və bir komandamız finala vəsiqə almışdır. Olimpiadada əldə etiyimiz uğurların sayəsində universitetimiz İKT üzrə beynalxalq olimpiadalarda iştirak etmək hüququ qazanmışdır.  

Tələbələrimiz yaxşı oxumaqla bərabər öz biliklərini nümayiş etdirməyi də bacarırlar. Universitetin, şəhərin ictimai həyatında yaxından fəallıq göstərir, respublikanın televiziya kanallarında aparılan televiktorinaların fəal iştirakçısı olur, bilik yarışlarından qalibiyyətlə cıxırlar. Bu il “Ulu Öndər Heydər Əliyevin irsini öyrənirik” mövzusunda keçirilən bilik yarışında tələbələrimiz birinci yerə sahib olmuşlar. Məzunlarımız müvəffəqiyyətlə imtahan verib Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Qafqaz Universitetinin və respublikamızın digər tanınmış ali məktəblərinin magistratura şöbələrinə qəbul olunurlar.

         Universitetdə tələbə və magistrantların yüksək səviyyədə təhsil alması, yüksək hazırlıqlı mütəxəssis kimi yetişdirilməsi üçün gözəl şərait və imkan yaradılmışdır. Biliklərin artırılmasını və zənginləşdirilməsini, dünyagörüşlərin formalaşdırılmasını təmin edən, 578880 ədəddən çox kitabı, 360500 nüsxədən artıq ədəbiyyatı özündə təmsil etdirən zəngin kitabxana, fiziki hazırlığı və ahəngdar inkişafı təmin edən geniş idman zalı və meydançası, idman qurğuları tələbələrin ixtiyarındadır.

         Universitet rəhbərliyinin idmanın inkişafına xüsusi diqqət və qayğısı nəticəsində universitetin idman klubunun nəzdində 11 idman növü üzrə professor-müəllim və tələbə heyətindən ibarət 19 komanda fəaliyyət göstərir. İdmançı tələbələrimiz beynəlxalq turnirlərdə, ölkə, Avropa və dünya çempionatlarında, şəhər və respublika birinciliklərində layiqincə iştirak edirlər. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən respublika yarışlarında universitetin idman komandaları fəallıq göstərmiş, respublika Təhsil Nazirliyinin, Azərbaycan Ali Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri diplomuna layiq görülmüş, idmançılar ayrı-ayrı idman növü üzrə 3 kubok qazanmışlar. Basketbol üzrə yarışda universitetin komandası ikinci yerə çıxmış, respublika Gənclər və İdman Nazirliyinin Fəxri diplomuna layiq görülmüşdür. Güləş üzrə keçirilən şəhər yarışında pedaqoji fakültənin iki tələbəsi birinci və ikinci yerləri bölüşmüşlər. Tarix-coğrafiya fakültəsinin III kurs tələbəsi Elnur Məmmədov 15-18 may 2014-cü il tarixdə karate üzrə Brazilyada keçirilən dünya çempionatında III yerə çıxmış, 14-15 iyun 2014-cü il tarixdə isə Rusiyanın Çeboksar şəhərində keçirilən Avropa çempionatında I yeri tutaraq Avropa çemponu olmuş, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya oyunlarında iştirak etmək üçün lisenziya qazanmışdır. Tələbələrdən Səbuhi Bağırov və Abbas Abbasov cüdo üzrə Avropa çempionatında III, Emil İlyaslı isə II yerə çıxmışdır.

         2013-cü ilin noyabırında tələbə həmkarlar itifaqı komitəsinin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələri tələbələri arasında futzal yarışında universitetimizin komandası qərb bölgəsi üzrə birinciliyi qazanmışdır. 2013-cü ilin dekabrında AVF-nin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr edilmiş şəhər üzrə voleybol yarışında universitetin qızlar komandası I yerə, oğlanlar komandası isə II yerə layiq görülmüş, komandalar Fəxri Fərmanla təltif olunmuşlar. Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 03-15 mart 2014-cü il tarixdə idman gününə həsr edilmiş təhsil müəsissələri arasında keçirilən şəhər çempionatında universitetin Futzal komandası II, voleybol qızlar komandası I, oğlanlar komandası və stolüstü tennis komandası II yerə layiq görülmüşdür. Həmçinin Baş İdarənin təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram” çoxnövçülük üzrə oğlanlar arasında keçrilən şəhər birinçiliyində komandamız I yerə çıxmış, diploma layiq görülmüşdür. 2014-cü ilin aprel-may aylarında ali təhsil müəssisələri işçilərinin arasında keçirilən respublika spartakiasında komandalarımız idmanın 4 növü üzrə mükafata layiq yerlər tutmuşdur. Spartakiadanın nəticələrinə görə respublika ali məktəbləri arasında universitetimiz idmanın səviyyəsinə görə II yerə layiq görülmüşdür. Komandalarımız Təhsil Nazirliyi və Həmkarlar İtifaqı Respublika Komitəsi tərəfindən kubok, diplom və digər qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Respublikada tələbə idmanının inkişafı sahəsində göstərdiyi xidmətlərinə görə universitetin rektoru professor Yusif Yusibov Gənclik Tələbə İdman Cəmiyyətinin Azərbaycan Respublika Şurası və Gənclər və İdman Nazirliyi tərəfindən Fəxri Fərmanla  təltif olunmuşdur.

Universitetdə auditoriyadankənar tədbirlərin kecirilməsinə də diqqət artırılmışdır. Təkcə 2013/2014-cü tədris ilində 20-dən artıq tədbir həyata keçirilmişdir ki, bu tədbirlər də tələbə-gənclərdə vətənpərvərlik, humanistlik hisslərinin, vətənə, torpağa, dövlətə məhəbbət duyğularının aşılanmasında mühüm rol oynamışdır.

         Ölkə prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq universitetdə Əli bəy Hüseynzadənin anadan olmasının 150 illik, İlyas Əfəndiyevin 100 illik, Abbasqulu Ağa Bakıxanovun 220 illik, Mirzə Şəfi Vazehin 220 illik yubileyləri böyük təntənə ilə qeyd edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin 96-cı ildönümünə həsr edilmiş yubiley təntənəsi tədbirlər sırasında önəmli yer tutmuşdur. Respublikanın ali məktəbləri arasında keçirilən musiqi festivalında universitetimizin bədii özfəaliyyət kollektivinin xor və bədii qiraət nominasiyası üzrə I, vokal və solo nominasiyası üzrə II yeri tutması, bədii özfəaliyyət  kollektivinin şəhər ictimaiyyəti qarşısında konsert proqramı ilə çıxış etməsi, Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar şəhərdə keçirilən gül bayramında Universitetin I yerə layiq görülməsi və mükafatlandırılması universitet kollektivinin xatirəsində dərin izlər buraxmışdır. Keçirilən tədbirlərin əksəriyyəti internet səhifələrində, respublikanın mərkəzi mətbuat orqanlarında işıqlandırılmış, universitetin saytında yerləşdirilmişdir.

         Tələbələrimizin asudə vaxt və istirahət günlərinin xoş və mənalı keçirilməsi daim universitet rəhbərliyinin və tələbə təşkilatlarının diqqət mərkəzindədir. Bunun üçün vaxtaşırı şəhərimizin, eləcə də respublikamızın görməli yerlərinə, muzeylərinə, tarixi və mədəni obyeklərinə ekskursiyalar, təbiətin qoynuna gəzintilər təşkil olunur. Bu baxımdan tələbələr Qax, Qəbələ, Zaqatala, Şəki, Tovuz, Qazax, Göygöl, Şamaxı rayonlarında, Mingəcevir, Bakı şəhərlərində olmuş, oradan xoş təəssüratla qayıtmışlar. 2014-cü il aprelin 17-də riyaziyyat-informatika fakültəsinin bir qrup müəllim və tələbəsi Rabitə və Yüksək İnformasiya Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərkosmos” ASC-nə ekskursiya etmişlər. Ekskursiya zamanı mütəxəssislər tərəfindən təqdimat keçirilmiş, müəssisənin yaranması, icra edilən layihələr, müəssisənin baxışı və missiyası barədə ətraflı məlumatlar verilmişdir. Tələbələr “Azərspace-1” peykinin idarəetmə mərkəzi ilə tanış olmuşlar.

         Universitetdə son vaxtlar möhkəmlənmış sağlam mühit, vəzifə borcunun daha dərindən  dərk edilib, məsuliyyət hissinin artırılması kollektivin öz bilik və bacarığını, gücünü azərbaycançılıq ideyalarına sadiq olmağa, gənclərin təlim və tərbiyəsində daha ciddi çalışmağa, vətənə layiqli mütəxəssislər hazırlamağa səfərbər etmək üçün geniş imkanlar yaratmışdır. Bunun nəticəsidir ki, 2013/2014-cü tədris ilinin yaz imtahan sessiyası uğurla başa çatmışdır.

Hazırda universitet 2014/2015-ci tədris ilinə hazırlıqla əlaqədar qarşıda duran vəzifələri müəyyənləşdirmiş, tədris binalarının cari təmiri, ərazilərin abadlaşdırılması, IV tədris korpusunun dam örtüyünün dəyişdirilməsi, II tədris binasında istilik sisteminin dəyişdirilib müasirləşdirilməsi, digərlərində isə nizama salınması, korpusların yeni avadanlığlarla təmin olunması sahəsində görüləcək işləri  yerinə yetirmək üçün imkanlarını səfərbər etmişdir.

Əldə olunan uğurlu nəticələr, zəngin təcrübə bir daha əmin olmağa əsas verir ki, universitetimiz özünün tarixi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha mütərəqqi şəkildə inkişaf edəcək, qazanılmış nailiyyətlərini artıracaqdır. 

                                                                 

Vaqif Novruzov,

Biologiya elmləri doktoru, professor,

əməkdar elm xadimi

                                                                  Zakir Ələsgərov,

Filologiya üzrə fəlsəfə doktoru,

 

dosent əvəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam