Kitaba maraq yoxdur
"Xeberinfo.com": “Bu gedişlə hara gedəcəyimizi bilmirəm. İnsanların kitaba marağı yoxdur. Hamı bahalıqdan danışır. Kitaba baxıb gedirlər”, - bunu “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu deyib.
“Bu cür əcaib mühitlə hara gedirik?”
Bir neçə gündür ki, “Qanun”la “Əli və Nino” kitab evi Park Bulvar, Elmlər Akademiyası və Zabitlər bağında kitab yarmarkaları təşkil ediblər. Ötən gün Elmlər Akademiyasına baş çəkib satıcıların təəssüratlarını öyrəndik.
Bizimlə söhbət edən işçilər o qədər də satışdan məmnun deyillər. Satış əvvəlki qayda da getdiyini deyirlər. Bunun bir səbəbi istirahət günlərinin olduğunu, yəni universitetlərin bağlandığı olsa da, başqa bir nədəni insanların kitaba marağının olmamasıdı.
Şahbaz Xuduoğlunun sözlərinə görə, insanlar kitabların baha olmasından guileylənirlər: “Biz kitablara 20 faiz endirim etmişik. Gəlib kitablara baxırlar, qiymətini öyrənəndə “bahadır” deyib gedirlər. Hər şeyə pul xərcləyirlər, kitaba çatanda isə yox. 400 adda, hər sahədən kitab var. İnsanları başa düşmək olmur. Oxucuların 80 faizi rus dilində, qalan 20 faiz bölünür, 10 faizi türkcə, cüzi faiz isə ingilis və öz dilimizdə kitab oxuyur. Bu cür əcaib mühitlə hara gedirik? Gözəl tərtibatda kitablar çap, dünya yazarlarından hər kəsi tərcümə edirik, ancaq insanların oxumağa meyli yoxdur. Hər kitabdan 5 ədəd gətirmişik, ancaq çox qalıb”.
Satıcılar deyir ki, ən çox satılan kitab yazıçı Deyl Karneginın “Dostu necə qazanmalı və insanlara necə təsir etməli” əsəridi.
“Başqa şeylərə pullar tökən adamlar, 5 manatlıq kitaba bahadır deyir”
“Əli və Nino”ya tərəf istiqamət alırıq. Orada da mənzərə ürəkaçan deyil. Yoldan ötənlər sırayla düzülmüş kitablara nəzər salır, bir-iki kitabı o üz bu üzünə çevirir, sonra yerinə qoyub gedir.
Alıcılardan biri isə deyir ki, insanlarda kitab oxumaq mədəniyyəti yox dərəcəsindədi: “bayaqdan buradayam bir neçə kitab almışam. Neçə insan yoldan ötüb kitablara baxıb gedir. Gah bahadır deyir, gah da başqa bəhanə tapır. Guya onun axtardığı başqa kitablardı. Buradakı qiymətlərə baxdım heç də baha deyil. İstirahətinə, gəzməyinə, maşınına pullar tökən adam 5 manatlıq kitaba baha deyir. Normal ölkələrdə insanlar yarmarkaların tez-tez keçirilməsini arzulayırlar. Çünki belə olan halda kitablar bir az ucuz satılır. Bizdə isə hər şey əksinədi. 10 manata olan kitab endirimlə 8 manata satılır. Belə endirimə hər yerdə rast gəlmək olmur. Kafe demirəm, adicə bir çayxanaya gedirsən 8 manatdan çox pul xərcləyirsən. Kitaba çatanda isə... Kitabdan, təhsildən başqa hər şeyə pul xərcləyirik”.
“Əli və Nino”nun təşkil etdiyi yarmarkada maraqlı mənzərələrdən biri isə kitabların yanında oyuncaqların satılması idi. Satıcılar bu məhsulların satışından o qədər də gileylənmirlər.
“Çox kobud, təhqiramiz münasibət görürsən”
Oradan ayrılıb redaksiyaya qayıdırıq. Məlum olur ki, “Qanun” nəşrlər evi yarmarkalara son qoyub. Şahbaz Xuduoğlu “Facebook” “Kitaba bu qədər laqeyd olan millətin gələcəyi böyük şübhə altındadır. Daha bundan sonra yarmarka məsələlərinə son qoydum. Nə əcaib bir mühitə gəldik” yazıb.
Meydan.tv-yə müsahibəsində isə bunları deyib: “Böyük əziyyətlər hesabına yarmarka üçün icazələr alır, sonra endirimli kitabları gətiririk. Amma bir sıra adamlar var ki, gəlib “millət kitab oxumur” deyə təkəbbürlə münasibət bildirirlər. Çox kobud, təhqiramiz münasibət görürsən. Ki, insanlar “sən nə etmisən, kitab çıxardırsan, nə olsun” deyə bu cür fikirlərini gizlətmirlər. Azərbaycan cəmiyyətində 200 nəfəri çıxmaq şərtilə qalanlarlardan biganə və əlindən gələn pislik görürük. Görünür, həmin 200 nəfər də paytaxtda yoxdur. Belə vəziyyətdə kitabın gərəksizliyini və özünə olan münasibəti görürsən. Ona görə yarmarkaya son qoymağın vacibliyini düşündüm”.
“Qanun”un sahibi deyir ki, yay fəsli başlayandan hər həftənin şənbə-bazar günləri yarmarka keçirirlər: “Birinci “Nərimanov Bağı”ndan başladıq, sonra “Sahil” və “Zabitlər” bağlarından davam etdirdik. Sonuncunu “Hüseyn Cavid Bağı”nda keçirtdik. Son 3-4 gün bayramlar olduğundan ardıcıl yarmarkalar təşkil etdik. Ancaq 500 adda kitab gətirməyimizə baxmayaraq bu münasibətləri gördük. Biz dünyanın ən tanınmış müəlliflərinin əsərlərini dilimizə tərcümə etmişik, amma bu münasibətdən sonra davam etmək mümkün deyil”.
Ramin DEKO