Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

KEÇƏL PƏNAH

 

Xeberinfo.com:   (yumoristik hekayə)

 

Pənah kişi Güllücə rayonuna iyirmi bir il əvvəl Cənubi Azərbaycandan gəlmişdi. Altmış-altmış iki yaşlarında, yeyib-içən, son dərəcə baməzə bir adam idi. Onun nə vaxt ciddi danışdığını, nə zamansa zarafat etdiyini anlamaq o qədər də asan deyildi. Sovet Azərbaycanına əllinci illərin axırlarında Seyid Cəfər Pişəvərinin silahdaşlarına qoşulub keçmişdi. Özünün dediyinə görə, Güney Azərbaycanda S.C.Pişəvərinin rəhbərliyi altında qələbə çalan və tezliklə də məğlub edilən inqilabla onun heç bir əlaqəsi olmamışdı. Lakin yaranmış fürsəti qaçırmamış, inqilabçılara qatılaraq İranı tərk etmişdi. Bu taya keçəndən bir il sonra Pənah güllücəli Həsən kişinin qızı Zərifə ilə qarşılıqlı bəyənmə əsasında ailə qurmuş və beləliklə də, bu rayonda həmişəlik məskən salmışdı. Zərifə Pənahdan düz on doqquz yaş kiçik idi. Lakin kifayət qədər mehriban dolanırdılar. Ikisi oğlan, ikisi də qız olmaqla dörd övladları vardı.

Deyilənə görə, Panahın o tayda da ailəsi varmış. Altı uşaqla arvadını Ərdəbildə qoyub qaçmışdı. Ərdəbilli qayınatası – Hacı Əsəd xeyli ciddi və çox imkanlı adam olduğundan Panahı heç xoşlamazmış. “Bir cırıq şalvara yamaq olmayan, hər şeyi lağlağıya salan, həm də gopcu” kürəkəninin arvad-uşağını buraxıb qaçdığını eşidəndə Hacı Əsəd heç qəzəblənməmiş, atıb-tutmamış, əksinə xeyli sevinmişdi. “Nəhayət ki, qızımın canı bu Keçəl Pənahdan qurtuldu. Şükürlər olsun sənə, ey böyük Allahım!” demişdi. Hacı Əsəd Pənaha acıqlandığı üçün “Keçəl Pənah” deməmişdi. Həqiqətən də, Pənahın başında bir dənə də olsun tük yox idi. El arasında deyildiyi kimi, noxudu keçəl idi. 

Bir sənət sahibi olmadığından Keçəl Pənah Güllücəyə gəldikdən bir həftə sonra rayon mərkəzində, uca qarağac və çinarlar əhatəsində yerləşən restoranda xörəkpaylayan işinə düzəldi.  O, işə düzəldikdən sonra bu restoranın müştərilərin sayı yavaş-yavaş artmağa başlamışdı. Günün hər saatında restoranda müştəri olurdu. Axşamlar müştərilərin çoxu, özlərinin dediyi kimi, Keçəl Pənahla mırt vurmağa gələr, bir-iki şiş kabab, yüz-yüz əlli qram araq, bir-iki bakal pivə sifarış edərək xeyli oturardılar. Aralıqda gəzişən Keçəl Pənah müştərilərə xidmət edə-edə hamı ilə zarafatlaşmağa da macal tapır, lakin heç kimin xətrinə dəyməzdi. Onun Güney ləhcəsi ilə danışması söhbətlərinə məxsusi şirinlik qatırdı.

Yay günlərinin biri idi. Axşamdan xeyli keçmiş restoranda cəmi beş stolda müştəri vardı. Sol küncə yaxın qoyulmuş stolun arxasında tək oturmuş Cin Mirzə Panahı söhbətə cəlb eləmək məqsədilə dedi:

– Ay Pənah kişi, bir maraqlı əhvalat danışıb kefimizi açsana. Hər halda hüzür yerində deyilik.

Pənah Cin Mirzəyə tərəf bir neçə addım atıb qarşısında təzim etdi və üzünə ciddi görkəm verərək dedi:

–Ya Cin, nə danışım, ürəyin nə istəyir? Bəlkə, qışın qarlı, çovğunlu bir günündə gecə işdən qayıdarkən evimizə bircə tin qalmış yolumu kəsən, evə apardığım üç “buxanka” çörəyimi yesələr də məni səhərə qədər küçədə saxlayıb donduran, uşaqlarımı isə evdə ac qoyan bir sürü səllimi itin nadürüstlüyündən danışım. Yoxsa, Teyfur kişinin ceyran kimi xallı atına araq içirib dəli eləməyimdən söhbət açım?

Kecəl Pənahın Cin Mirzənin qarşısında əda ilə təzim etməsi və dediyi sözlər hamını güldürdü. Mirzə də öz növbəsində Pənahın qarşısında təzim etdi və dedi:

– Ya Keçəl, onları yox! Onları ən azı əlli dəfə danışmısan. Təzə, maraqlı bir əhvalat danış.

Panah dazının sağ tərəfini sol əlinin baş barmağı ilə gülməli şəkildə qaşıya-qaşıya gözünün birini qıyıb sifətini gülməli hala saldı və bir an düşündükdən sonra dedi:

– Canın üçün, Mirzə, iki gün əvvəl gecə bir qəribə yuxu görmüşəm, eşitsəniz, uğunub gedəcəksiniz. Danışımmı?

Mirzə də, restorandakı digər müştərilər də yuxusunu danışmasını Pənahdan xahiş etdilər. Pənah restoranın ortasında üzü Mirzəyə tərəf dayanıb komik bir görkəm alaraq danışmağa başladı:

– İki gün əvvəl axşam yatmağa hazırlaşanda arvad dedi:

– Ay kişi, gəlsənə bu gecə ayrı-ayrı yataq.

– Niyə, ay arvad, olmaya evliliyimizin iyirmi ilindən sonra keçəlimin sənə də yoluxacağından qorxmağa başlamısan?  

– Ay kişi, nə keçəl, nə yoluxma? Hava çox istidir, ona görə dedim.                                              

– Arvad, nə danışırsan, bu iyirmi ildə mənim səndən ayrı yatdığım bircə gecə olmayıb, odur ki, sənin bu ayrı yatmaq ideyanı heç bəyənmədim. Ayrı yatmaq hardan çıxdı?! Arvadın qaşqabağı sallansa da, əlavə bir söz demədi. Onun könlünü almaq məqsədi ilə tez dedim, gözəlim, gəl çarpayımızda ayaqbaş yataq. Ayaqbaş yatmağa arvad da razı oldu. Yerimizi hazırlayıb yatdıq. Gecənin bir aləmi yuxu görməyə başlamışam. Görürəm ki, elə bu restoranda xörəkpaylayan işləyirəm. Nahar zamanıdır. Müştəri də xeyli çoxdur. Mirzə, and olsun başına ...

Söhbətin bu yerində Cin Mirzə məclisdəkiləri daha da şənləndirmək məqsədi ilə Pənahın sözünü ağzında qoydu:

– Ya Keçəl, öz qızıldan qiymətli başına and içsənə. Mənim qıllı başımla sənin nə işin var?

–Ya Cin, mən belə xırda məsələlərdən ötrü öz başıma – qızıldan qiymətli bir başa necə and içim? Məsləhət bildiyim üçün sənin başına and içdim də.

Restorandakı müştərilər Cin Mirzənin replikasına və Keçəl Pənahın hazırcavablığına xeyli güldülər. Sonra Pənah sözünə davam etdi:

– Hə, harda qaldım... Hə, indi Mirzənin oturduğu yerdə bir cavan oğlan əyləşdi. Onu görən kimi keçəlimə qaşınma düşdü. Tez yanına gedib adam balası kimi salamlaşdım və sifarişini qəbul etdim. Mətbəxdəkilərə ciddi tapşırmama əsasən cavan oğlanın sifarişini diqqətlə hazırlayıb məni çağırdılar. Yeməkləri onun stolunun üstünə düzdüm. Nuş olsun, deyib uzaqlaşdım, ancaq bir gözüm elə onda idi. Cavan oğlan vaxt itirmədən yeməyə başladı, bir qədər yedikdən sonra qaşığı ctolun üstünə atıb acıqlı şəkildə məni çağırdı:

– Ay kişi, bir bura gəl!

– Buyurun, eşidirəm sizi.

– Bu xörəkdən tük çıxdı, sənin başının tüküdü, –dedi və başıma baxanda nöxudu keçəl olduğumu görüb ani fikrə getdi. Onun duruxmasından istifadə edərək dilimi dinc qoymadım:

–Yoldaş, mənim yox sizin başınızın tükünə oxşayır, görürsünüz, maşallah qapqaradır, həm qaradır, həm də düz, –deyib qımışdım. Mənim qımışdığımı görüb cavan oğlan bir az da hirsləndi.

– Hardan bilirsən ki, bu mənim başımın tüküdür. Yəqin ki, mətbəxinizdə çalışan kişilərin də başı sənin başının günündə deyil, – dedi və istehza ilə gülümsəyib qalib görkəm aldı. Onun vaxtından əvvəl özünü qalib sanması heç xoşuma gəlmədi. Hamının eşidə biləcəyi bir səslə:

– Bizim restoranın mətbəxində yalnız qadınlar çalışır, hamısının da saçı uzundur, –dedim. Cavan oğlan hiss etdi ki, mənimlə mübahisə edə bilməyəcək, amiranə səslə ucadan dedi:

–  Kimdi buranın müdiri? Çağırın bura! Tez çağırın!

– Tərslikdən müdir həmin anda kabinetində oturub televizorda futbol üzrə sonuncu dünya cempionatının final oyununun təkrarına baxırmış. Müdir gələn kimi çavan oğlan dedi:

– Mən sizin rayonun təzə prokuroru Vasif Qasımovam.

Müdir qulağını kəsmiş adamı görən küçüklər kimi əl-ayağa düşdü:

– Buyurun, yoldaş Vasif müəllim-prokuror, sizə canım da qurbandı.

Prokuror mənə baxdı və bir qədər ara verdikdən sonra dedi:

– Bu xörəkpaylayan kişi, saqqalından utanmadan, mənə sübut etmək istəyir ki, xörəkdən çıxan tük mənim başımın tüküdür. Bunu bir də buralarda görməyim.

 – Baş üstə, – deyib müdir üzünü mənə döndərərək:

– Səninlə qurtardıq, itil, bir daha buralarda görünmə, – dedi.

O anda ürəyim köhnə maşınların matoru kimi “stuk” eləmək istəsə də, kişilik göstərib dözdu. Təzəcə asılmış süzmə kimi, suyum süzülə-süzülə evə qayıtdım. Arvad-uşaq qanımın it qanından daha qara olduğunu görüb nə baş verdiyi ilə maraqlandılar. Lakin kiməsə, nəsə izah edə biləcək halmı qalmışdı məndə? Titrətmə, qızdırma ilə yatağıma girdim. Fikirləşməkdən beynim çatlayırdı. “İndi mən nə edəcəm? Məni daha restoranlarda işə götürməzlər, uşaqlarımı nə ilə dolandıracam?” Belə dolaşıq fikirlər məngənəsində çabalayarkən qəflətən ağlıma gözəl bir fikir gəldi: “Sürücü işləmək pis olmaz”. Səhərisi gün sürücülük kursuna yazıldım. Üç aydan sonra şablondan da, “yezda”dan da imtahanları verib vəsiqə aldım. Vaxt itirmədən avtobazanın müdirinin yanına getdim. Avtobazanın müdiri Ələskəri tanıyırsız da, yeyib-içən, canlara dəyən oğlandı, Allah onun canına sağlıq versin. Məni görən kimi ayağa qalxdı, əl tutub əhvallaşdı və sonda:

–  Buyurun, Pənah kişi, mənə dair qulluğunuz?

– Qul sahibi olasınız, Ələskər müəllim. Bilirsiniz də, məni şərləyərək restorandakı işimdən qovublar.

– Bilirəm.

– Hə... Allah canınıza sağlıq versin. Mən də uşaqları dolandırmaq üçün oxuyub sürücülük vəsiqəsi almışam. Gəlmişəm ki, bir abtomobil verəsiniz, gedib balalarımın çörəyini qazanım.

– Mənim gözüm üstə, ay Pənah kişi. Dünən yağın içində bir "QAZ-51” almışıq. Gəlin onu verim sizə. Özünüzü də göndərim Platforma Həsiqulunun sərəncamına. Şamaxıdan çaxır daşıyacaqsınız. Yaxşı qazanclı işdi. Həm özünüzü dolandırar, həm də mənə ayda, iki ayda bir qonaqlıq verərsiniz.

 – Ay sizə də, balalarınıza da qurban olum, – deyib, Ələskərin boynuna sarıldım. Səhərisi gün maşınla Şamaxıya çaxır daşımağa getdim. Hər şey yaxşı kecdi, sağ-salamar Şamaxının Mədrəsə kəndinə yetişdim. Zavodda iri çaxır çəlləklərini maşınıma yükləyib məni yola saldılar. Maşını böyük səriştə ilə idarə edirdim. Baxan deməzdi ki, sükan arxasındakı Keçəl Pənahdı. Ağsu dolaylarında xüsusilə diqqətli idim. Bir neçə dolayı usta sürücülər kimi düşdüm, artıq Ağsu görünəndə diqqətimin bir anlıq yoldan yayınması ilə qarşıdan gələn “tatra” maşınıyla kəllə-kəlləyə gəldiyimizi görüb var gücümlə əyləci basdım, maşın at kimi şaxə qalxdı, dumanlı şəkildə xatırlayıram, hələ deyəsən kişnədi də. Elə bu anda bizim arvadın “ay dədə öldüm” bağırtısına yuxudan dik atıldım. Oyanıb nə görsəm yaxşıdı? Görürəm ki, maşının əyləci əvəzinə ayağımın ikisini də qıçını dizdən büküb böyrü üstə yatmış arvadın yumuşaq yerinə dirəyib necə basmışamsa, yazığın başı keçib çarpayının baş tərəfinin dəmir barmaqlıqları arasına. Arvadın bağırtısına uşaqlar da qaçıb gəldilər. İki saata qədər əlləşdik, lakin arvadın başını çıxara bilmədik. Hava işıqlaşanda qonşumuz çilingək Salehi çağırdıq. Barmaqlığın birini dəmirkəsən mişarla kəsib əydikdən sonra arvadın başı xilaş oldu.

Keçəl Pənah yuxusunu söyləyib qurtaran kimi ətrafa baxındı. Müştərilərdən əlavə, bayaqdan onu dinləyən restoran işçilərinin də gülməkdən gözləri yaşarmışdı. Cin Mirzə isə gülməkdən ağrıyan qarnını tutub divarın dibində çökmüşdü.

   

Babək XALİSTÜRK

Biologiya üzrə elmlər doktoru,

 

Şair-publisist


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam