Bakıda akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci illiyinə həsr edilən beynəlxalq elmi konfrans keçirilir -FOTO
Bu gün Bakıda akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci illiyinə həsr edilmiş "Oftalmologiyanın aktual problemləri" adlı beynəlxalq elmi konfrans keçirilir
Yenixeber.org: Tədbirdə çıxış edən səhiyyə naziri, tibb üzrə elmlər doktoru, professor Oqtay Şirəliyev əvvəlcə dövlət başçısı İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə tibb ictimaiyyəti adından təbrik edib.
Sonra nazir bildirib ki, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub. O, Azərbaycanda vaxtilə geniş yayılmış traxomanın, peşə, xüsusilə kimya və elekton sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanım müasir problemlərinə dair bir çox faydalı tədqiqatların müəllifi olub.
O.Şirəliyev əlavə edib ki, Zərifə Əliyevanın "Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri", "İridodiaqnostika", "Şəkərli diabet zamanı gözün patologiyası", "Oftalmologiyanın aktual problemləri" və bu kimi digər monoqrafiyaları çap edilib: "Ümumiyyətlə, onun 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifləri var. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım elmi fəaliyyətinin ilk mərhələsini traxoma infeksion xəstəliyinin müalicəsinə həsr edib. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Lakin işin çətinliyinə və məsuliyyətinə baxmayaraq, o, tezliklə böyük uğurlar əldə edir".
Nazir qeyd edib ki, Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib.
Onun rəhbərliyi altında elmi kadrların hazırlandığını xatırladan nazir Zərifə Əliyevanın zəngin daxili aləmə malik olduğunu da vurğulayıb: "O, öz atasının yolunu yalnız fəaliyyəti ilə deyil, daxili aləmi ilə də davam etdirib. Ölümündən 30 ildən çox vaxt keçməsinə baxmayaraq, Zərifə Əliyeva xalqın ürəyində hələ də yaşayır. İnsan xeyirxah əməlləri ilə yadda qalır. Onun yaşadıqları 62 ilə sığışmır, zəngin elmi irsi bu gün tibb ictimaiyyəti üçün dəyərlidir. Onun apardığı tədqiqatlar oftalmologiyada bir sıra müalicələr üçün yeni imkanlar yaradıb".
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, Zərifə Əliyeva Azərbaycanın oftalmologiya elmində özünəməxsus yer tutub. O, Zərifə Əliyevanı böyük alim və gözəl insan kimi dəyərləndirib: "Zərifə Əliyeva haqqında yazı yazsaydım, başlığını belə qoyardım: "Əvəzolunmaz insan". O, alicənab, nəzakətli və sadə insan idi. Ailənin gözəl xanımı idi. Azərbaycanın XX əsrinin görkəmli qadınlarından biri idi. Zərifə Əliyeva gözəl bir ailədə dünyaya göz açıb. Bu gözəl ailədə doğulan Zərifə Əliyeva özü də gözəl ailə başçısı olub, Azərbaycana gözəl övladlar bəxş edib. Zərifə xanım hələ o zaman Moskvada əsaslı elmi çıxışlar edirdi. Onun çox gözəl natiqlik qabiliyyəti var idi".
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov isə bildirib ki, bu gün Azərbaycan elminin böyük bayramıdır. Görkəmli alim olan Zərifə Əliyeva Azərbaycan elmini yüksəklərə qaldırıb və elmimizi dünya elminə çatdırıb: "1940-50-ci illərdə Azərbaycanda traxoma xəstəliyi sürətlə yayılırdı. Onun Azərbaycanda bu xəstəliyi aradan qaldırmasında böyük rolu olub. O, peşə patologiyası ilə də məşğul olub, zərərli maddələrin görmə orqanlarına təsirini öyrənib. Zərifə xanım bu işlərin sonu kimi Moskvada kimya sənayesi üzrə görmə orqanlarının patologiyasına dair elmi iş müdafiə edib. Onun bir çox elmi əsərləri oftalmoloqların stolüstü kitabına çevrilib. Zərifə xanım oftalmologiya sahəsinin fədaisi olub. Onun ən böyük arzusu bu idi ki, Azərbaycanda Oftalmologiya Mərkəzi açılsın və başqa ölkələrdən buraya müalicə üçün gəlsinlər. Biz fəxrlə deyə bilərik ki, bu gün Mərkəzdə savadlı gənc həkimlər çalışır. Bizləri bütün dünya tanıyır".
E.Qasımov deyib ki, Oftalmologiya Mərkəzinin Səyyar klinikası vasitəsilə 10 il ərzində 36 min xəstəyə baxış keçirilib. Bu gün Mərkəzdə bütün əməliyyatları həyata keçirmək mümkündür. O vurğulayıb ki, Zərifə xanımın elmi istiqamətləri oftalmoloqlar üçün həmişə örnək olacaq.
"Rusiya Fasiləsiz Peşə Təhsil Tibb Akademiyasının" rektoru, akademiki Larisa Moşetova da əvvəlcə Azərbaycan xalqını İlham Əliyevin prezident seçilməsi münasibətilə təbrik edib. Daha sonra Zərifə Əliyeva ilə bağlı fikirlərini bölüşən L.Moşetova qeyd edib ki, Zərifə xanım yalnız Azərbaycanın oftalmologiya elmi üçün deyil, Rusiya oftalmologiya elmi üçün də böyük işlər görüb: "O, gözəl qadın olmaqla yanaşı, müdrik insan idi. O, akademik olsa da, çox sadə insan idi. Bütün etdiklərinə görə ona çox təşəkkür etməliyik. Mən taleyimə minnətdaram ki, belə xanımla, eləcə də onun həyat yoldaşı Heydər Əliyevlə şəxsən tanış olmuşam".
Rusiya Fasiləsiz Peşə Təhsil Tibb Akademiyasının akademiki Alevtina Brovkina Zərifə Əliyevanı əməksevər, işinin fədaisi olan qadın kimi dəyərləndirib: "Mən dəfələrlə Bakıda olmuşam. Onunla görüşürdüm, mövzular üzrə müzakirələr aparırdıq. Çox maraqlı insan idi".
A.Brovkina deyib ki, zaman və tələblər, ekoloji, iqtisadi mühit dəyişdiyindən görmə orqanlarının patologiyası problemləri də dəyişir. Ona görə də bu gün Zərifə Əliyevanın görmə orqanlarının patologiyası üzrə apardığı elmi fəaliyyəti gənclər tərəfindən davam etdirilməlidir:
"Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın olub".
Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin sədri Sunay Duman Zərifə Əliyevanın anadan olmasının 85 illiyi münasibətilə keçirilən tədbirdə də iştirak etdiyini xatırladıb. O bildirib ki, Zərifə Əliyeva ölkəsini traxoma bəlasından qurtarıb: "Moskvada təhsil alan və elmi fəaliyyətini bu şəhərdə davam etdirən Zərifə xanım gənclər üçün bir nümunə sayılır. Zərifə Əliyevanın əsərləri dünyanın elmi ictimaiyyətinin etimadını qazanıb".
Tədbirdə əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səhiyyə sistemində səmərəli fəaliyyətinə görə Milli Oftalmologiya Mərkəzinin bir qrup işçisi Səhiyyə Nazirliyinin "Fəxri fərman"ı və "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib.
Konfransda daha sonra görmə orqanlarının peşə patologiyaları, oftalmologiyanın sosial məsələləri, oftalmoloji yardımın təşkili, uşaq yaşlarında görmə orqanlarının patologiyası, optik mühitlərin patologiyaları, refleks pozuntuları, korreksiya, qlaukoma, vitreoretinal patologiya, oftalmoonkologiya, görmə orqanlarının yoluxucu və parazitar xəstəlikləri, görmə orqanı zədələri kimi məsələlər müzakirə edilib.