DEYİMLƏR
Xeberinfo.com:
Əzabımı, qəzəbimi içimdə çəkirəm Vətən! Bir gün içimdəki qəzəbi, əzabı çıxarıb təmas xətti boyunca düşmənin başına yağdıracam.
***
Kədərim saat əqrəblərinin ayağına sarılıb. Ona görə də vaxt gec gedir.
***
Sən peşman olub getdiyin yolu geri qayıdacaqsan. Mən yetim uşaq kimi üstünə yüyürəcəm.
***
Həyat nə qəribəymiş. Mənim taleyim sevgidə gətirdi, səninki şöhrətdə. Mən sevgi ölüsü, sən şöhrət ölüsü.Özün söylə hansımız varlıyıq?!
***
Sənin saxta sevgindən doydum. "Sevgini"də götür get həyatımdan.
***
Sən dodaqlarını dayayıb bulaqdan su içdin. Bulağın kefi duruldu.
***
Qoxladığın gül görən bildimi sənin ondan gözəl olduğunu?
***
Günəbaxan batan günəşin arxasınca yalvarırmış kimi deyirdi: Getmə, sənsiz mən necə yaşayacam?
***
Nişan mərasimi iki ömrün qoşalaşıb doğmalar qarşısında olan təqdimatıdır.
***
Dünyada nə qədər daş var, bir o qədər də çörəyi daşdan çıxan insan var.
***
Çörək dalınca yad ölkələrə gedən kişilərin qadınlarının hər zaman gözləri yollarda qalar.Bu gözlər çörək gözləyər, ər gözləyər.On dəfə çörək gələndə, bir dəfə ər gələr.Ər tələsik gələr, atüstü gələr.Bir gün,iki gün qalar.Lap uzağı bir həftə qalar.Sonra yenə çörək dalınca gedər.
Göz dolusu çörək görən qadın, göz dolusu ər görənməz.Söylən,budurmu insan ömrü?!
***
Azərbaycan kişisinin üç halda başı aşağı olar: Vətəni düşmən tapdağında olanda, yastıqdaşı namusuzluq edəndə, bir də çöldən ailəsinin,uşaqlarının yanına əli boş dönəndə.
***
Gecə-gecədən keçir.Hamı yuxuda.Şəhər kimsəsiz olur.Kimsəsiz olanda nə qəşənk olur bu şəhər. Küçəsində, tinində kimsəsi yox.Lal bir sükut. Hərdən orda-burda sahibsiz itlərin bir-iki ağız göyə hürməsi,küçə işıqlarının heç kimə yol göstərməməsi, elə-belə boşuna yanması.Bu vaxt bilinmir bu şəhərin varlısı, kasıbı,sağırı,fağırı.
Saatın əqrəbləri yenə səhərə doğru gedir.Yenə yeni səhər açılacaq.Yenə şəhər qaynayacaq,daşacaq,yenə adamların səsi maşınların səsi bir-birinə qarışacaq.Yenə ağız deyəni qulaq eşitməyəcək.Əsəblər çəkiləcək dara.Yenə sakit məkan istəyəcəm.Tapmayacam.Əlac yenə şəhərin kimsəsiz vaxtına qalacaq. Mənim istədiyim, arzuladığım vaxtına.Dodaq altı deyəcəm:-Kimsəsiz olanda nə gözəl olur bu şəhər,bu şəhər!!!
***
Yağış yağır,ildırım çaxır,külək əsir.Vurulmaqdan,yıxılmaqdan yaman qorxur ağac.Bir addım atıb hardasa sığına,daldalana bilmir.Neyləsin yerin altında cidarlanıb ayağından.
***
Qürbətə apardığı bir ovuc torpaq onu bir ömür yaşatdı.
***
Pis adamı gec görən ölüm, yaxşıları yaman tez görür.
***
Bu mənim atım,belindəki də mənim yəhərim.Bəs mənim yəhərli atımın üstündə oturan kim? Nə atıma minən təzədir,nə də verilən sual.Zaman-zaman verilib,cavabı yox hələ.Həmişə at da,belindəki yəhər də bizim olub.Amma atımızı minən başqaları olub.
***
Damcılar gülün üstünə düşər,ləçəklər bir-biriylə pıçıldaşar.
***
Qəbristanlıqdakı qəbrin sinə daşı göynəyər,baş daşı ağlayar.Ziyarətinə oğul gəlməz, qız gəlməz.Sinə daşının göynərtisi,sızıltısı qəbristanlıqda dolaşar, baş daşının göz yaşı torpağı isladar.
***
Qəribədir,bilmirəm niyə şəhərə gedən uşaqların dalınca kənd yolunun harayı çatmır?
***
Mənə bürünməyə beş arşın ağ verin çıxım gedim bu dünyadan.
***
İşə,gücə başımız elə qarışıb ki,ölümün kəndə girməyindən xəbərimiz olmayıb.
***
Payız gəldi,ürəyim yarpaq kimi əsdi.Nəsildə neçə nəfər ölümə namizəddir.
***
Qocaman şair gənc şairə yaşıl işıq yandırdı,özünün qarşısını kəsəcək qırmızı işıqdan xəbəri olmadı.
***
Bir təmiz insan vardı.Özü təmiz adı təmiz.Məddahlar,yaltaqlar qoymurdular təmiz insanı təmiz yaşamağa.Gah şər atırdılar,gah böhtan deyirdilər təmiz adına.İstəyirdilər təmiz adı bada getsin təmiz olmayan dünyada.
***
Bir tikə çörək atılanda dəniz tək dalğalanar,coşar zəmi.Ağlayar,sızlayar,yaxasını çırar,etiraz edər.Deyər,nə tez unutdunuz ac-yalavac gününüzü? Məni qızıla dəyişərdiniz.Bəlkə qızıl bahalaşıb deyə məni ucuz tutursunuz?
***
Bir balta səsindən meşənin yuxusu qaçar.
***
İlxı səsi qulaq dələndə Vətən böyük idi.
***
Bu gün bulaq başında kimlər baxışdı? Yenə kənddə qadınlar söz gəzdirir.
***
Dağda qarlar əridi,xəzəlli arxlar oxudu.
***
Evimizin eyvanına qaranquş gəldi.Bizdən qabaq onu buranın daimi vətəndaşı sərçə qarşıladı.
***
Bu ocaq həmişə yansın, and yerim olsun.
***
Qəribçiliyə saldılar bir şair sözünü.Dedilər şair sözü yalandı.
***
Kefli dünya papağını əyri qoyub fit çala-çala gedir.Bizim kefimiz durulmur dədə.
***
Əlinə silah alıb ölüm yazanlar,nə olar qələm alıb söz yazın!
***
Çırpınan fikirlərim gah Təbrizi dolaşır,gah da İrəvanı.
***
Kənd həsrətim kəndin girəcəyində qucaqlayıb bağrına basdı məni.
***
Erməni öz dilində dünyaya "Qarabağ" bizimdir deyə çığrır.Amma "Qarabağ" sözü Azərbaycanca eşidilir.
***
Ölən,öldürülən insanlara göz yaşı tökürük.Nədən solan çiçəyə,gözü tutulan bulağa,quruyan ağaca göz yaşı tökmürük?! Bəlkə biz ancaq özümüzə lazımıq?
***
Pulla alim olanlardan bezdi,iyrəndi elm.
***
Həyatımdan sevinc istefa verir, yerinə kədər keçib.
***
İmkanı pulla qazananlar ayaqaltı elədilər pulsuzları.
***
Əli aşağı ölkələr,əli aşağı adamlardan daha betər.
***
Araz usandı şairlərin qınağından,kinayəsindən.
***
Vüsalı görünməyən həsrət çayım-Araz çayım.
***
Zəmi küləyə naz eləyir,gah sağa əyilir,gah da sola.
***
Bu gecə yuxuda itirdiyimiz torpaqların iniltisini eşitdim.Deyəsən daha düşmən tapdağına dözə bilmirdi.
***
Ərinin qapazını sığal bilən qadın,qadınlığın bir tərəfə,bəs insanlığını niyə unutdun?!
***
Şöhrətin zirvəsindən yıxılmaq,göyün yeddinci qatından yıxılmaqdan daha ağırdır.
***
Bu il biz tərəflərə yağış yağmadı.Qorxuram meyvə ağacları qısır qala.
***
Biz bura adamı deyilik.Yığışın şeir ölkəsinə gedək.
***
Təkliyi sevdim.Təkliyimə özüm cavehdəhəm.
***
Bizdə "halal" heyvan kəsənlər, "düz tərəzi" işlədənlər yəqin ki,halal da süd əmiblər.
***
Məndən saat soruşan oğlan, mən qoluma saat bağlamıram. Saat mənim nəyimə lazım? Vaxtla işə getmirəm,vaxtla işdən çıxmıram.Saat vaxt daşıyır.Mən vaxt gözləmirəm.Mən ömrümün vaxtını öldürürəm.
***
Bu həyata gəlmək borcum vardı.Gəldim,yaşadım.Amma insan olub insan kimi yaşamadım.Yaşayışımı əlimdən aldılar.Mənim bir borcum da var-ölüb torpağa qarışmaq borcum.Ölüb bu borcumdan da çıxacam.
***
Güzgüdə özünə baxıb ağlayan qadın. Sənə təsəlli verib deyimmi ağlama!Yox,yox,onu demiyəcəm.Əksinə deyəcəm ağla,ağla istədiyin qədər.Ağla,için boşalana qədər,ağla yüngülləşənə qədər.
***
Dünən sevgimə cavab vermən qız bu gün qəbrimin üstünə gül qoyur. Anlamadım,bu insanın kamilləşməsimi?!
***
Hələ dözürəm.Yola gəl! Birdə gördün papağımı götürdüm,çırpdım qapını və cəhənnəm olub getdim.Arxamca haraylasan harayına cavab verməyəcəm ha!
***
Eşitmişəm məni axtarmısan. Axtarma,tapa bilməyəcəksən.Neçə vaxtdır mən də axtarışdayam.Tapa bilmirəm özümü.Bəlkə yer yarılıb yerə girmişəm,bəlkə göyə çıxmışam?! Bilmirəm! Gəl belə edək-dayandıraq axtarışımızı.Qoy hara rədd olur,olsun.
Məhərrəm Şəmkirli