“DÜNYA HAMIMIZIN EVİDİR”
Xeberinfo.com: Həyat onların varlığı ilə daha gözəldir. Məhz onların gözlərində bərq vuran sevinc və gülüşlər ilə aydınlanır ömrümüz. Varislərimiz olan uşaqları əsl vətəndaş kimi yetişdirmək, onlara dünənimizə və gələcəyimizə layiqli şəkldə sahib çıxmağı öyrətmək ümdə vəzifəmizdir. Mustafa Kamal Atatürk deyirdi ki:-“Bir ölkənin işıqlı gələcəyinə əmin olmaq istəyirsinizsə, uşaq və gənclərinin sahib olduğu istedad və savada diqqət yetirin.”
Məni onunla sosial şəbəkədə paylaşılan kiçik bir yazısı tanış etdi. Nuray Nur bu yazısında dünya uşaqlarının arzusunu dilə gətirmişdi. Misralar ürəyimdə elə bir iz salmışdı ki, günlərlə təsirindən ayrıla bilmirdim. “...Yer üzündə nə müharibə, nə yanğınlar olmasın! Neçə-neçə Fərəhlər alovlarda yanaraq, kül olaraq, sönməsin!...” nidaları ilə ruhuma hakim kəsilən bu düşüncələr, sanki özünü görə bilmək üçün böyüklərin önündə tutulan bir ayna idi... Oxuduğum bu sətirlər, bir körpə qəlbinin harayında dilə gələn acı həqiqətin ağrılarıydı. Digər yazılarını, şeirlərini vərəqlədim. Və onunla görüşüb, həmsöhbət olmaq qərarına gəldim.
-Nuray, necəsən?
-Yaxşıyam, həm də çox həyəcanlıyam... (gülür)
-Neçə yaşın var?
- Doqquz yaşım var. Üçüncü sinifdə oxuyuram. Həm də dərs əlaçısıyam.
- Yazdığın ilk şeiri xatırlayırsanmı, necə adlanırdı?
- İlk şeirim “Mən Nurayam” adlanırdı. Özümü və arzularımı tanıtmaq üçün yazmışdım. Öncə nənəmə, sonra isə valideynlərimə oxudum. Nənəm, hətta sevincdən kövrəlmişdi. O gündən nənəm şeir və onun qaydaları haqqında mənə danışır.
-Sevdiyin nağıl hansıdır?
-Ən çox sevdiyim nağıl “Yeddi nar çubuğu” dur. Həmin nağıl çox ibrətamizdir. Nağılda uşaqlara tövsiyyə edilir ki, güc birlikdədir, tək əldən səs çıxmaz. Dərsdən əlavə nagıl kitabları da oxuyuram. Şeirləri daha çox sevirəm. Nağıllar uşaqların ən yaxın dostudur. Nağıllar bizə vətəni, anamızı, atamızı sevməyi, yaxşı oxumağı, yalan danışmamağı tövsiyyə edir. Sizə misal da, deyim. Axı yalançının evi yansa, heç kəs inanmaz...
- Uşaqlara verilən hansı sualdan xoşun gəlmir?
-Bəzən məndən soruşurlar ki:-“Atanı çox sevirsən, yoxsa ananı? “ Bu sualdan heç xoşum gəlmir. Və suala cavab olaraq deyirəm ki, mən valideynlərimin hər iksini bərabər şəkildə sevirəm. Bu sevgi bütövdür, heç vaxt fərqlənməz. Bu sualı verənlərə isə çox təəssüf edirəm.
- Dünya sənin üçün nə deməkdir?
-Yaqut xanım, insanlar dünyaya gəlir ki, yaşasınlar və gözəl gələcək naminə mübarizə aparıb yenilməsinlər. Dünya hamımızın evidir. Biz uşaqlar, sakini olduğumuz bu evdə səadət görmək istəyirik. İnsanlar həyatda nə istəsələr, Allahdan diləsinlər. Çünki bizi yaradan bizdən heç nəyi əsirgəməyib.
- Sənə həyatı bir rəngdə boya desələr, xəyallarında, arzularında çəkəcəyin tabloda ən çox hansı rəngdən istifadə edərdin və nə üçün?
-Mən ağ rəngi çox sevirəm. Həmin tabloda, ancaq bu rəngə üstünlük verərdim. Çünki ağ rəng paklıq, təmizlik rəmzidir. Bununla yanaşı, tabloma yağışdan sonra asimana gözəllik qatan göy qurşağında olan bütün rənglərin nurunu da çiləyərdim.
- Vətən nə deməkdir?
-Vətən bizim ikinci anamızdır. Vətəni sevmək, onun uğrunda Şəhid olmaq hər bir vətəndaşın borcudur. Vətənimiz, dilimiz varsa, demək biz də varıq.
- Böyüyəndə hansı ixtisasa yiyələnmək istərdin?
-Arzularım çoxdur. Ən əsası çox savadlı, bilikli və istedadlı bir qələm sahibi olmaq istəyirəm.
- Bilirəm ki, nənənlə tez-tez Şəhidlər Xiyabanına ziyarətə gedirsən. Nələr düşünürsən, orada olarkən?
-Şəhidlər xiyabanında uyuyanlara Allahdan rəhmət diləyirəm. Axı, şəhidlərimizin tökülən qanları hesabına, biz bu gün müstəqil və azad Azərbayanın vətəndaşlarıyıq. İnanıram ki, onların qanı heç vaxt yerdə qalmayacaq.
- Nuray, dərslərini yaxşı oxumayan, valideynlərini incidən, onların sözünə baxmayan uşaqlara nə demək istərdin?
-Mən onlara demək istəyirəm ki, ata-ananızı çox sevin. Onların sözündən çıxmayın. Dərslərinizi yaxşı oxuyaraq, valideynlərinizi sevindirin. Axı, ata-analar öz uşaqlarını həmişə xöşbəxt görmək istəyirlər. Əllərinizdən qələm-dəftər düşməsin. Kitablarla həmişə dostluq edin.
- Təsəvvür et ki, bir tribuna önündəsən. Və səni Yer kürəsi dinləyir. Bütün dünya uşaqlarının görmək istədiyi, arzusunda olduğu həyatı necə nəql edərdin?
-Həyat çox gözəldir. Təbiəti bizlərə Allah bəxş edib. Gəlin, Allahın verdiyi nemətləri qoruyaq. Bütün canlıları sevək. Uşaqlar uşaq evlərinə və küçələrə atılmasın. Hədiyyəmiz SEVGİ və NƏVAZİŞ olsun. Heç vaxt müharibə olmasın. Ordumuzun mənfur düşmənlərimizə qalib gələcəyinə inanıram. Yer üzündə hər zaman sülh olsun. Göylərdəki Günəşin şəfəqlərini topların, mərmilərin tüstüsü qaraltmasın. Aydın səma altında, gözəl bir dünyada böyümək istəyirik!
P.S. Nuray Nur şair-publisist Təranə Şəmsin nəvəsidir.
Söhbəti apardı gənc jurnalist Yaqut Hüseynova