Redaktor seçimi
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
Günün xəbəri

NƏİMİ-NƏSİMİ SIĞMAZLIĞI –ULUSAL DƏYƏRİMİZ

 

Nəsimi Azərbaycanın mənəvi obrazının yaradıcılarından biri olub, ulusal ruhumuzun təsdiqlərindəndir.

Yenixeber.org: Poeziyasındakı mətinlik, döyüşkənlik, eyni zamanda aşiqliklə yanaşı filosofluq, aqibətinə düşən qüdrəti şeirlə ifadə edə bilmək qabiliyyəti əvəzsizliyinin göstəricisidir. Ustadı Fəzlullah Nəiminin yaratdığı Hürufilik təriqətinin mahiyyətini yaradıcılığında böyük bir eşqlə ifadə edən əbədi aşiqdir. Düşüncəsindəki, ömründəki Allah obrazı Nəimidən gələn, Hürufiliyi ifadə edən mahiyyət səviyyəsində, ona hədsiz dogma, yetdiyi, dərk etdiyidir. Hürufiliyin şəxsində Nəsiminin İlahiliyə ərkli, dogma olmasının sübutu İnsanı ona tay görməsi, Nəiminin ardınca özünü örnək olaraq sunmasıdır.

Hürufilik təriqətinə görə, Allah hər bir zərrəcikdə təcəssüm edir. O sevgi, ilahi anlamda eşq ki bədii əsərlərdə görülürdü, gerçəkdən Nəsimi bunu kutsal aqibət ölçüsündə yaşadı, əsərlərində yüksək bədii sənətkarlıqla ifadə etdi. Yazdıqlarının ünvanı mahiyyətcə ustadı Nəimidir. Bu, insanın uca tutulmasının təsdiqidir, Azərbaycan ruhundan gələn, bundan sonra dünyaya daha çox gərək olan bənzərsiz insanlıq olayıdır – hava-su kimi.

Onun poeziyasının, ömrünün, ümumən hürufiliyin hərtərəfli tədqiqi göstərir, hürufilər fikirlərini rəmzlərlə deməyə məcbur idilər. Əks halda onları çox az vaxtdan sonra məhv edəcəkdilər. Adı, şöhrəti ustadı Nəimini də qabaqlayan Nəsimi elə bir qüdrət yiyəsi oldu ki, onu asanlıqla məhv etmək mümkün olmadı. Ancaq Nəsimini cismən öldürmək əslində onu ölümsüzləşdirməyə xidmət etdi. Nəsimi özünəməxsusluğu, duyğusu adi duyğu deyil, fikri adi fikir deyil, eşqi adi eşq deyil, zamandan üstündür.

Nəsimi fitrətən anlayır, insanın şəxsində özünün daxili dünyasına bələd olduqca onun bitməyən, tükənməyən sirli gözəllikləri üzə çıxır. Dinin məntiqinə əsaslandıqda insanın alın yazısı var, onun bu və ya başqa gözəl işlərə meyl etməsi də Allahdandır. İnsan burada idarə olunan varlıqdır. Nəsiminin insanı isə idarə olunan yox, halına, taleyinə yiyə duran, aqibətini yaradandır. O, gedişata təslim olmur, aqibətinin həmişəlik yiyəsi olur. Nəsimi dünyabaxışının mahiyyətinə yetdiyindən ayrı-ayrı adlar, təsvirlər, sübutlar onun halının təsdiqləri rolundadır. Bu, mifoloji düşüncədən gələn, gerçək düşüncədə yaşayan obrazların insan ilahiliyi ölçüsündə mənalandırılmasıdır. Nəsimi ustadlığı ilahiliyin qaynağının insan olduğuna, insanlığın imkanlarının tükənməzliyinə, insan idrakının təkcə ona kimi yox, indi, bundan sonra da daha böyük, hüdudsuz yeniliklərə yetəcəyinə, bəşərin xoşbəxtlik özülünü yaradanlardan biri olacağına inamı möhkəmləndirir. İnsanın ilahi imkanlarını aşkarlayıb Allah olmasına inam ideyası Nəsimi yaradıcılığından qırmızı xətlə keçir. Nəsimi demək istəyir ki, insan bitmir, tükənmir. O duyğu, o düşüncə ki, mif yaddaşından gəlir, dini kitablarda alın yazısı ölçüsündə normalaşdırılır, insan üçün əlçatmaz sayılır;  Nəsiminin insanı idealının (Nəiminin), özünün şəxsində o hallara nəinki yetir, ötür, qüdrətinin yenilməzliyini ifadə edir. Nəsiminin döyüşkənliyi, aşiqliyi, insana uca səviyyədə yanaşması, onu ilahiliyin qaynağı bilməsi bugünümüzdə, sabahımızda ulusal, bəşəri ölçümüzün cilalanmasında ardıcıl mənəvi güc qaynağımız ola bilər. İnsanın ruhsal qurtuluşunun dünyada ciddi ölçüdə qayğıya çevrildiyi bir çağda Nəsimi poeziyası, Nəsimi şəxsiyyəti bizi əbədi sabahlarda təsəvvür edəcəyimiz, etməyəcəyimiz çoxsaylı təhlükəli məqamlardan qurtarmağa qadir olan ərdəmli qaynaqlarımızdandır.

İŞIQLI ATALI

*** *** ***

İNAM ATA (ASIF ATA)

HÜRUFİLİYİMİZ – ƏNƏLHƏQLİYİMİZ

  1. İnsan – Allah

Hürufilər İnsanı Allah sayırdılar, Ocaq diliylə desək – Əzəli, Əbədi, Sonsuz, Kamil Mütləq sayırdılar.

Hər bir İnsanı Allah oğlu sayırdılar – təkcə Peyğəmbərləri, hökmdarları yox.

İsaçılar İsanı Allah oğlu sayırdılar, Makedoniyalı İsgəndər Allah sayılırdı, Roma İmperatoru Kaliqula özünü Allah elan etmişdi. İslamda İnsan Allahın Bəndəsiydi, quluydu, Peyğəmbər özü Allahın quluydu, Allah İnsanı yaratmışdı Aqibətiylə, Qismətiylə birgə. İnsan Allah İdrakının, İradəsinin alətiydi, İtaətçiydi.

Hürufilikdə İnsan Dünyanın canıydı.

Çün on səkkiz min aləmin cüdu-vücudi xud mənəm,

Cümlə-cahan təndir mana, mən bu cahanın canıyam.

Nəsimi

Hər bir İnsan Hürmüzləşirdi Hürufilikdə…

Dünyəvi Fikir səviyyəsini ötürdü Hürufilik.

Antik Aləmdə Allahlar – Zevs, Apollon, Afrodita, Artemida İnsanların ömürlərinə tam sahib olurdular; – İnsanları öldürürdülər, dirildirdilər, müsibətlərə düçar edirdilər; aldadırdılar, oynadırdılar; – kölələşir, kölgələşirdi İnsan Qədim Yunanlarda.

Platonda İnsan İdeyalar Dünyası tərəfindən idarə olunurdu.

Hind Düşüncəsində İnsan Həyat Kələfindən (Sansarasından) çıxmağa, öz Nəfsi, Ehtirasları üzərində Qələbə çalmağa qadir idi, Təzədən doğula bilərdi; Yüksək İmtina gücünə malik idi; – ancaq İlahi Qüdrət sayılmırdı.

Semit dinlərində (Musavilik, İsaçılıq, İslam) İnsan Allah xofuna, cəhənnəm qorxusuna, cənnət şirnisinə cəzb olunmuşdu.

Materialistlər İnsanı maddi varlıq sayırdılar, onu şəraitdən, mühitdən, cəmiyyətdən, bioloji, heyvani mövcudluqdan tam asılı sayırdılar; İnsan materializmdə ruhsuzlaşırdı – insansızlaşırdı.

Ateistlər əslində İnsanı inkar edirdilər – onu Mütləqilikdən, Müqəddəslikdən məhrum edirdilər.

Alman İdealizmi (Kant–Hegel) İnsaniliyi Zəkayla eyniləşdirirdi, onun Mənəvi Bütövlüyünü, Daxili Aləm Zənginliyini görmürdü; – bu səbəbdən də İnsan əqliyyətçi Fəlsəfədə Yoxsul görünürdü.

Feyerbax Dini İnsan Mahiyyətinin ifadəsi sayırdı, İnsanı ucaldırdı; ancaq İnsanı İlahi saymırdı, İnsan ilə İlahilik arasında sədd çəkirdi.

Marksistlər İnsanı istehsal alətlərinin ünsürü sayırdılar, – marksist ideologiyasında İnsan nəzərə alınmırdı əslində: “Humanist fəlsəfədə” İnsana Yer yox idi…

Ənəlhəqq – Mənəm Həqq, Mənəm Allah həqiqəti – Zamanlardan, İmanlardan üstün idi: Özündən əvvəlki, özündən sonrakı Zamanlardan, İmanlardan.

  1. Sığmazlıq

Hürufilikdə Dünyanın – Yerdəkilərin, Göydəkilərin Ali Nəticəsi olan İnsan – Yerə-Göyə, Dünyaya sığmır; bütün Təzadlardan, Münasibətlərdən, Keyfiyyətlərdən Artıqdır, Yüksəkdir, bütün Zənginliklərdən Zəngindir, bütün Mənalardan Mənalıdır.

Qibləvü iman mənəm, surəti-rəhman mənəm,

Lövh ilə Quran mənəm, həm orucəm, həm səlat.

Həm yetirən, həm yetən, həm bitirən, həm bitən,

Cümlə mənəm, cümlə mən, dəhr ilə həm kainat.

Nəsimi

Hürufilikdən kənardakı Dünyada İnsan Həyata sığır, şəraitə sığır, mühitə sığır, cəmiyyətə sığır, zamana sığır, məkana sığır – çünki Allaha tapşırılır, maddiyyata tapşırılır, Anlayışlar hökmünə tapşırılır; hürufilikdə Özümləşir, özünə qayıdır, Ruhaniliyini – İnam, İdrak, Mənəviyyat, İradə Əzəliliyini, Əbədiliyini, Sonsuzluğunu, Kamilliyini təsdiq edir; Mütləqiliyini aşkarlayır; Ehkamlar məhdudluğunu aşır – Sığmazlıq özü İnsanilik ölçüsünə çevrilir; bununla da hürufilik özü Sığmazlıq siqləti qazanır: Dövrana sığmır, Ehkama sığmır.

«Hər dövrün öz həqiqəti var!» – deyirlər Dövrançılar.

«Həqiqət Dövrana sığmır!» – deyirlər Hürufiçilər.

«Hər Şəraitin öz həqiqəti var!» – deyirlər Şəraitçilər.

«Həqiqət Şəraitə sığmır!» – deyirlər Hürufiçilər.

«Hər Mühitin öz həqiqəti var!» – deyirlər Mühitçilər.

«Həqiqət Mühitə sığmır!» – deyirlər Hürufiçilər.

«Hər Cəmiyyətin öz həqiqəti var!» – deyirlər Cəmiyyətçilər.

«Həqiqət Cəmiyyətə sığmır!» – deyirlər Hürufiçilər.

İnsanın Sığmazlıq adlı həqiqəti var – Hürufiliyin vəsf etdiyi.

  1. Sifət

Hürufilər İnsan Sifətində Hikmət Ucalığı, Müqəddəs Kitab gördülər, Onu oxudular; Onun Zənginliyinə, Cəzbinə vuruldular, ondan Vəcdə gəldilər; ondan Quran yaratdılar.

Üzü müshəf, xətti bismillah, xalı nöqtədir,

Sözü Rəhmanir-Rəhim, məcmüi Quran göstərir.

Nəsimi

Hürufilərdə Sifət Ayətləşir, Kəbələşir, Haqlaşır, Hədsizləşir, Mehrablaşır: Sifətdə Hürufilər Məna Yazısı oxuyurlar – hərf-hərf, cümlə-cümlə, kitab-kitab.

Əzəldə surəti-Rəhman üzün mənidə gördüm çün,

İlahi surətin daim bu mənidən sevər könlüm.

Nəsimi

Müqəddəs Xətlər oxuyurlar Hürufilər Sifətdə, Xətlərdə İnsan Allahlığı oxuyurlar – Sifət İnsan Allahlığı izhar eləyir Hürufilərdə…

  1. Ürək

Ürəkdə Göy gördülər Hürufilər…

Göy Ucalığı, Göy Təmizliyi, Göy Vəcdi, Göy Vəhyi.

Göy Daxili Varlığa çevrildi Hürufi İnsanında.

Ürək – Göyləşdi.

Göy İnsanla Birləşdi, Qəlbiləşdi.

Haqqın kəlamı məndədir, sanma məni həqdən iraq.

Çünki könüldür ərşi-həqq, bəs ərşi-Rəhman olmuşam.

Nəsimi

Göy boyda Ürək Yiyəsidir İnsan Hürufilərdə, haqq Göyüdür Hürufilərdə İnsan Ürəyi.

  1. Səcdə

Hürufilik İnsana Səcdə Tələbidir…

Adəmə Səcdə – Şeytana Zərbə sayılır, Adəmə Səcdəsizlik – Şeytanlıq sayılır…

İnsan Allahlığı, Sığmazlığı, Göylüyü – Səcdə oyadır, Səcdə Vəcdi yaradır, Səcdə Vəcdində haqq görünür…

Hər kim ki, adəmzadədir etməzsə insana sücud,

Surətdə adəm, mənidə şeytan gedər, şeytan gələr.

Nəsimi

İnsanın Allahlığını danmaq – Şeytanlıqdır Hürufilikdə.

İnsanın sığmazlığını danmaq – Şeytanlıqdır Hürufilikdə.

İnsanın Göylüyünü danmaq – Şeytanlıqdır Hürufilikdə.

İnsana Səcdə qılmamaq – Şeytanlıqdır Hürufilikdə.

  1. Laməkanlıq

İnsan – Yerə sığmır, Göyə sığmır – bu səbəbdən də o, Məkandan artıqdır – Məkansızdır, laməkandır.

Bu həm də «İnsan Vətəndir» deməkdir əslində.

Çünki Vətən – Məkandan artıqdır, Məkana sığmır; Məkanı Ötür; çünki Vətən – Ruhani Mahiyyətdir, Ruhani Mahiyyət isə Maddiyyata sığmır.

Vətən Torpağı – Məkandan artıqdır.

Laməkanlıq – Mənaçılıqdır, Məna – Məkana sığmır.

Məkansız oldu Nəsimi, məkanı yoxdur anın,

Məkana sığmayan, ol biməkan məkanı nedər?

Nəsimi

Laməkanlıq – Məkanda Məkandan Artığı, Yüksəyi, Böyüyü görməkdir; – Məkanın Məkandan Artıq, Böyük, Yüksək Mənasına çatmaqdır.

  1. Pünhanlıq

Allah olan, sığmaz olan, Göylü olan İnsan həyata Sirr kimi gəlir – həyatdan artıq olur; hadisələrdən, Gerçəklikdən Yüksək olur; Pünhan qalır; Təzahürə sığmır, təsəvvürlərdən, təxəyyüllərdən, bilinənlərdən, görünənlərdən artıq olur;

Pünhanlıq – Mahiyyətin gerçəkliyi Üstələməsidir.

Mahiyyət – Gerçəklikdə Sirr kimi var olur.

Mənəm ol tilsimi-pünhan ki, bu gün cahana gəldim,

Əzəli nişansız idim, əbədi nişana gəldim.

Nəsimi

Əbədi Nişan – sirrdən, tilsimdən, pünhanlıqdan xəbər verir; həm də sirr, tilsim, pünhanlıq Əbədi nişandan artıqdır, böyükdür, yüksəkdir; Əbədi nişan – sirri, pünhanlığı, tilsimi tam, bütöv ifadə etməyə qadir deyil, bu səbəbdən də hürufilərin lisanı – quş dilidir – Süleymanın bildiyi; sirri oxumağa xüsusi göz gərək; – sifətdəki mənanı, ürəkdəki Göyü, İnsandakı Allahı!..

  1. İlahi Faciə

İnsanları kiçildən faciələr olur: İnsan faciə məqamında Kiçik Duyğular, Düşüncələr, Əməllər səviyyəsinə enir.

İnsanları Böyüdən faciələr olur: İnsan faciə Məqamında İlahi – yəni Əzəli, Əbədi, Sonsuz, Kamil Duyğular, düşüncələr səviyyəsinə Yüksəlir.

Nəimi, Nəsimi faciəsi, Qətli – İlahi faciə oldu: – Allahlığın Təsdiqi oldu.

  1. Sufilər – Hürufilər

Sufilər – şəriətləşmə, təriqətləşmə, mərifətləşmə – Kamilləşmə vasitəsiylə Allaha qovuşmağa can atırdılar; Allahlaşma onların Məqsədi ola bilməzdi; çünki sufilikdə İnsanla Allah arasında Yerlə Göy qədər Fərq var idi, Sədd var idi, Hədd var idi.

Sufilər Allaha qovuşsalar da – Allah onlardan çox uzaq idi.

Hürufilər – Eşq Yoluyla Allahlaşırdılar, Allah olurdular, əslində Özlərindəki Allaha çatırdılar.

Hürufilər Sufilərdən Bir Addım irəli oldular, ancaq bu Addım Əsrlərə bərabər oldu.

  1. Üstünlük

Hürufilik – Azərbaycan Ruhunun Tarix üzərində üstünlüyü idi.

Bugün – həmin ruhdan çox aşağıdır.

Məqsəd – Üstünlüyümüzə çatmaqdır!

4 Xəzan Ayı, 14-cü il (oktyabr, 1992).

  İŞIQLI ATALI

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam