Ulusal düşüncədə İnsan-Doğa ilişgiləri: Doğayla birlik doğmalıqdan yaranır
Ürəyinizdə Günəş olsun!
Yenixeber.org: İnsan Doğadır (Təbiətdir), Doğa İnsandır. İnsan Doğasız, Doğa İnsansız yaşaya bilməz. Doğa başqa canlılarla İnsana mahiyyətcə fərq qoymur; doğadakıların İnsan kimi dünyanı dərk etmək imkanı yoxdur, ancaq İnsan Doğanın səhvini düzəldir, başqa canlılardan fərqi olduğunu göstərir. Minillər öncə dünya indiki deyildi. Doğanın indiki biçimə gəlməsi birdən-birə olmayıb. Dünyadakı insanların ağlı da şübhəsiz, indiki kimi deyildi. Doğa İnsana qoynunda səxavətlə yer vermişdi. İnsan dünyaya heyran idi: Doğanın nemətlərindən faydalanırdı. Gördüyü nə varsa, anlamağa çalışırdı, hər şey ona qəribə gəlirdi, nədənini tapmağa çalışırdı. Ağlının gözü açıldıqca günəşin doğmasını, batmasını, yağışın yağmasını, ildırımın çaxmasını, qarın yağmasını, çayın axmasını mənalandırırdı, möcüzə sayırdı. Əcdad insana səma – Göy çox uca, əçatmaz gəlirdi, dağda isə nəsə qəribə bir həyanlıq, vüqar duyurdu…
Dünyada çoxlu uluslar, hər birinin də yaranışla bağlı təsəvvürləri var. Ulusumuzun qədimdən bəri Doğayla bağlı yaranan duyumu bu gün də canlıdır, yaşarıdır. Bu gün Doğanın qorunması ilə bağlı çağırışlar artdıqca insanın bu acınacaqlı durumu düzəldəcəyi ümidləri də artır. İnsanın İnsanla ilişgiləri pozulub deyə, Doğa bu gündədir. Əslində İnsanın İnsanla ilişgiləri indiyə kimi ideal biçimdə olmayıb. İnsanın İnsana yad, amansız yanaşması (münasibəti) səngiməyincə, azalmayınca, yox olmayınca Doğadakı fəlakət də qaçılmaz olacaq, daha da artacaq.
Deməli, İnsanın içində Doğaya öncəki dönəmlərdəki kimi doğma, yaradıcı yanaşma yaranmalıdır. Azərbaycan insanı əcdaddan gələn Doğaya yanaşmanı yaradıcı inkişaf etdirməklə dünyaya örnək ola bilər. Bu, bizim mənəvi borcumuzdur. Həm də meşə fondunun, içməli su imkanının az olduğu ölkəmizdə Doğaya ruhsal (mənəvi) yanaşma bəsləməyimiz doğal sayılmalıdır. Qloballaşan (kürəsəlləşən) dünyada çözümü çətin qayğılar isə artmaqdadır. Nədəni İnsandır: İnsanlıq imkanlarına yetən örnək insanlar yaranmalıdır.
***
İlkin mifoloji düşüncədə Tanrıçılıq görüşləri əcdadın Dünyaya, Həyata, İnsana, Doğaya yanaşmasını formalaşdırdı. Tanrıçılıqda dünyadakından yaranma ideyası var. Tanrı dünyadadır, dünyadan qıraqda deyil. Əcdad Türk dünyanın yaradılışında iştirak edir, Tanrısı ilə birdir, Tanrısına ərklidir. Tanrı da Əcdadla birdir. Qədim türk panteonu (allahlar sistemi) Xeyirlə Şərin savaşı, Şərin gec-tez məhv olacağına inam ideyası üzərində qurulub. Göy Tanrı Əcdadla birdir, doğmadır. “Oğuznamə”də Oğuz kosmosunun yaranması sxeminə baxaq: Əvvəlcə Oğuz doğulur; Günəş şüası şəklində yerə enən qızla evlənir, Gün, Ay, Ulduz adlı üç oğlu olur; Oğuz daha sonra gölün ortasındakı ağacın koğuşunda tapdığı qızla evlənir, ondan da Göy, Dağ, Dəniz adlı üç oğlu olur. Bu, mifoloji əcdad Oğuzun dünya yaradılışında iştirakına inamı bildirir.
Əcdadın fitri duyumu Səhərin cəzbində, Çayların axarında, Dağların vüqarında, Səmanın ucalığında, Günəşin doğuluşunda - şəfqətində, Qürubun qübarında (Günəşin batmasında), Gecənin sehrində mənliyini görür. Bu, insani yaradıcılığın elə bir ölçüsüdür ki, əcdadın ulus olmaq, dövlət qurmaq, bir sözlə, hər mənada var olmaq imkanlarını yaradır, Əcdad aşkarladığı sınırsız qüdrətiylə var olur.
“Dədə Qorqud”da (“Basat Dəpəgözi öldürdügi boy”da) Basatın doğuluşu-yaranışı əcdad funksiyası ilə bağlıdır. Hər şeydən öncə boyun quruluşu, məzmunu qədimliyini sübut edir. Başqa yandan buradakı inanclar – türkün ruhən bağlı olduğu tapınış məqamlarını işarələyir. Təpəgöz Basatdan kimliyini soruşarkən Basatın ona cavabı: “...Anam adın sorar olsan – Qaba Ağac! Atam adın deirsən – Qağan Aslan! Mənim adım sorarsan, – Aruz oğlı Basatdır, – dedi”.
Burada Basatın soyunu Ağacla və Aslanla bağlaması əcdaddan soraq verməsidir: Basatın yaradılışını şərtləndirən əcdadın izləri aydın olur. Mifologiyada, ümumən türk mifologiyasında ağac geniş yayılmış, mürəkkəb semantikaya malik obrazdır. Türk mifologiyasında ağacın kultlaşdırılması dərin kökləri olan inanclara bağlıdır. Ağacla bağlı bütün bu mifik təsəvvür, inanc, obraz, funksiyalar Azərbaycan əfsanələrində də izlərini saxlayıb. Bunların hamısı bu və başqa biçimdə yaradılış mifinə bağlanır.
“Dədə Qorqud”da 16 il kafirlərin əsiri olan Bamsı Beyrəyin geri dönməsini xəbər verən Banıçiçəyə qaynatası Baybörə deyir: “...Sağ-salamat gəlib çıxsa, qarşıdakı dağ yaylağın olsun! Soyuq-soyuq sular bulağın olsun!”
“Qazan xanın oğlu Uruzun dustaq olduğu boy”da Qazan oğlunu belə oxşayır: “Uca dağımın zirvəsi oğul! Coşğun sularımın daşqını oğul!”
Uruz: “Qarşı yatan uca dağlar istəsə, el yaylar, Aşqın-daşqın sellər-sular istəsə, axar-çağlar. Qaracıq atlar sağlam olsa, qulun verər, Qaytabanda qızıl dəvə sağlam olsa, doğar-törər, Yaylaqdakı ağca qoyun sağlam olsa, quzulayar, İgid bəylər sağlam olsa, oğlu doğular”…
Dastanlarımızda İnsan-Doğa birliyi yetkin biçimdə ifadəsini tapır. Koroğlunun qılıncı ildırım parçasındandır, atları dərya atlarından. Azərbaycan muğamlarında, ayrıca olaraq Azərbaycan aşıq sənətində İnsan -Doğa birliyinin ifadəsi tamdır. İnam (Asif) Ata deyirdi: “Şübhəm yoxdur, “Qarabağ şikəstəsi” bir dağdan o biri dağa haray kimi deyilib”.
Sazımızda Tanrıçılıq ruhu, səsi aydın şəkildə duyulur. Azərbaycan zurna-balaban sənəti başdan-başa Doğanı soraq verir: haraylı, yenilməz, döyüşkən, coşğun ruhlu Türk insanının həm də hədsiz zərifliyini, həlimliyini çatdırır.
Novruz bayramının ruhunda Türk insanının Doğa ilə birikməsi var: Novruzun ümum Şərqiliyi var, ancaq ən yaxşı, yetkin ifadəçisi Azərbaycandır, Azərbaycan-Türk ruhudur. Zərdüştlükdən gələn “Təmiz fikir, təmiz söz, təmiz əməl” ideyası ilə Novruzun ruhu mənalanıb, əcdadın fitri duyumunun təsdiqi kimi ulusal özül üstə inkişaf edib. Azərbaycan folklorunun demək olar, hər bir janrında (əmək nəğmələrində, mərasim nəğmələrində, mövsüm nəğmələrində, əfsanələrdə, rəvayətlərdə, ata sözlərində, məsəllərdə, laylalarda, oxşamalarda, mahnılarda, bayatılarda, nağıllarda, tapmacalarda, yanıltmaclarda və s.) İnsan-Doğa doğmalığından yaranan birliyin izlərini görmək olur. Hər hansı bir mətndə özünəinamlı, yaradıcı, fəhmli insan obrazı varsa, orada mütləq doğanın etkisi var.
Adət-ənənə, mərasim və rituallarda da İnsan-Doğa birliyi özünü göstərir. Bu da doğaldır: İnsan Doğadadır, bütün olaylar Doğada baş verir. İnsanın halı, halsızlığı, Xeyirliyi, Şərliyi Doğada ifadəsini tapır. Burada “əksini tapmaq” demək olmur, azdır, “ifadəsi” uyğundur, çünki Doğayla İnsanın qarşılıqlı birliyi var, bu birliyin canlı etkiləri İnsanın Doğaya yadlığının, ya da doğmalığının ölçüsünü göstərir.
Folklorun bu və ya başqa çoxsaylı janrlarında İnsanın Doğaya doğmalığı, həyanlığı, dərdkeşliyi ilə yanaşı amansızlığı, ruhsuzluğu, səbirsizliyi, kobudluğu və s. var. Əcdad - İnsan Doğada özünü görür, ancaq bu, hamıya aid deyil. Folklor düşüncəsi ulusallığın bəşəriliyi təsdiq edən ölçüsünü yaradır, burada qətiyyən güzəşt yoxdur. Əcdad – İnsan səhvini anlayır, dərsini alır, sonrakı peşmançılıq isə fayda vermir. “Koroğlu”da Rövşənin tələskənliyi, uyğun mif-əfsanə örnəkləri bu sıradandır.
***
Doğa ilə bir olmaq, onun acı-ağrısını hiss etmək, Doğa kimi duymaq əcdadın fitri keyfiyyətlərindən idi. Əcdadın Doğaya münasibəti doğma idi, onun əzəli ritmi ilə yuxudan oyanır, yuxuya gedirdi. Doğanın hər gününü təkrarsız bir ömür kimi yaşayırdı. Bu duyğular əcdadın ağlında, ürəyində ölmür, itmir, ardıcıl inkişaf edən hissiyyatında yeni çalarlar yaradır, hansısa əmək, əkinçi, sayaçı, sağın, ovçu, balıqçı, hana nəğmələrinə çevrilirdi. Folklorda Doğadan qıraqda yaranan nəsə yoxdur, hamısı İnsanın burada var olmağının, Doğa ilə fərəhlənməyinin, kədərlənməyinin ifadəsidir.
Doğa səxavətlidir, insan ağacdan (meşədən), sudan (bulaqdan, göldən, dənizdən), torpaqdan, oddan və s. bəhrələnir, Doğanın balası olduğundan anasına qarşı çıxmır. Bu, insanın artıq ibtidailikdən çıxdığı, dil açdığı, ağlının yetkinləşməyə başladığı dövrdür. İnsan torpağın təkcə məhsul vermədiyini anlayır, mənəvilik (ruhsallıq) deyilən bir keyfiyyətin olduğunu görür, sonucda torpağın Yurd, Vətən kutsallığı yaranır; bu ilahi hal insanın ağlında yaranıb gerçəkləşir. Yaşadığı torpağın qoxusu onun üçün dünyanın ən gözəl ətri olur, çünki torpaq varlığını təsdiq edir.
Suyun ilahiliyi əcdad düşüncəsində: Su ilə bağlı təsəvvürlər insana sadəcə, əkinini suvarmaq, başqa ehtiyaclarını ödəmək üçün deyil, daha böyük anlamda dünyanın əlvanlığını, sonsuzluğunu anlamaq, Tanrıçılıqda-dünyayaradıcılıqda əcdad insanla birgə rolunu anlamağa yardımçı olur.
Od insanı soyuqdan qoruyur, məişətində hava-su qədər əvəzsiz olur, ancaq ağlı inkişaf etdikcə anlayır ki, onun istilik keyfiyyətindən çox mənəvi tərəfi – ruhunu coşduran, duyğusallığını yaradan, ağıldan ötə idrakına yön verən mənəvi qüdrətdir. Habelə küləyin (yelin əsməsi), yağışın yağması, şimşəyin çaxması ağılda, duyğuda obrazlaşlaşdırılır. Zahirən o çağkı düşüncənin müəyyən örnəkləri bu gün bizə primitiv gələ bilər, ancaq mətnlərdəki ruhun intuitivliyi, yaranış, deyiliş çağı məsələnin heç də sadə olmadığını göstərir.
***
Alqışlarda Dağın (“Qarlı qara dağların yıxılmasın!”, “Yüksək qara dağlarım sana yaylaq olsun!”), Suyun (“Qamən axan körkül suyun qurumasın!”, Qara başım qurban olsun, suyum, sana!” və s.), kutsallaşdırılması mahiyyətcə Tanrıçılıq ruhundan gəlir. Dağ folklor düşüncəsində yenilməzlik, güc-qüvvət rəmzidir. Dağ obrazı həmişə özünün sanbalını qoruyub, əcdad, yurddaş düşüncəsində ideallaşdırılıb. İdeallaşdırılmanın səbəbi türk ruhunda Dağ obrazına olan sevgidən irəli gəlir. Bu gün də belə duyğunun kutsallığını qoruyub saxlaması ulusal xarakterin Doğayla birliyindən güc alması anlamına gəlir.
Azərbaycan folklorunda əcdad ruhu Doğanın Günəşiylə, Səmasıyla, Səhəriylə, Gecəsiylə, Çayıyla, Bulağıyla (Su ilə), Ağacıyla birdir. Folklor düşüncəmizin mayası Doğadan gəlir: əcdad təsəvvüründə ilkinlik Doğadandır: hər şeydən öncə ona görə ki, insanın jest və mimikalardan nitq imkanına kimi yol keçməsi, dil yiyəsi olması, cəmiyyət qurması (cəmiyyətləşməsi) Doğada mümkün olub. Dünyanın bütün bölgələrində xalqlıq imkanına yetənlər bu aqibəti yaşayıblar. Ancaq əsas məsələ Doğaya ilahi, insani yanaşmadadır. Şişirtmədən demək olar, türk düşüncəsində bu yön uluslar içərisində nadirliyi, bənzərsizliyi ilə seçilir. Dağın, Göyün, Günəşin, Ağacın və s. insanlaşmış obrazlarının olması doğal olaraq folklorumuzdakı əcdad düşüncəsinin yaşarılığından gəlir. Ölməyən, yoxa çıxması mümkün olmayan bu duyğu yüzildən-yüzilə, soydan-soya keçir, ənənə beləcə qırılmadan yaşayır. Burada Dağ – vüqar, ləyaqət (ərdəmlik) rəmzidir, həmişə möhtəşəmdir, yenilməzdir, çünki özündə ilahilik keyfiyyəti daşıyır, Tanrılıq mahiyyətli (yəni yenilməz, mənəvi keyfiyyətlərə yetmiş, iradəli) İnsan obrazındadır. Dağda insanı görmək özünü anlayan, duyan, Doğanın böyüklüyünü anladığı dərəcədə də özüylə onun arasında mənəvi birlik görən əcdad düşüncəsindən gəlir.
Türk tanrıçılığında İnsan özündəki qüdrəti Doğada görür, Doğadakı qüdrəti özündə. Beləcə, qəribə, hardasa aydınlanması çətin olan, əslində ruhun gözüylə görünən, ağılüstü dərk olunan mənzərə göz önündə açılır. Dağ əcdad düşüncəsindəki Tanrıdır, hər şeyə qadirdir. Türk tanrısı Türk İnsanıdır. Türk özündəki qeyri-adi duyumla Tanrı obrazı arasında ilahi uyumlu bağlılıq tapır, Doğanı (Doğadakıları) tanrılaşdırır. Tanrı Türkə ərkli olduğu dərəcədə də Türk Tanrısına ərklidir. Ona görə də Dağ (İnsan) Tanrının “nahaq qan eləməsini” (Ələsgərdə) görür, ancaq ondan küsmür, əlini üzmür. Dağın “nahaq qan salması” Doğa halının ifadəsidir.
Qədim türklər Doğaçı olublar, Doğaya səcdəli yanaşıblar. Bu yanaşmanı folklor örnəklərimizdə aydınca görə bilirik. Türk ruhu yaradıcıdır, Doğanın ilahi, yaradıcı gücünü duya, öyə, onunla doğmalaşa bilir. Türk ruhu habelə Doğanın ilahiliyini duyduğu, anladığı dərəcədə özü də bu ruhun qoruyucusudur. Konkret Azərbaycan - türk mifologiyasında İnsanın Doğadakılara (uyğun bildiyinə) çevrilməsi faktına bu ölçüdən yanaşmaq uyğundur.
***
Bu yerdə məsəllərdən bir neçəsinə baxaq. “Ağac kökündən su içər”: Burada Ağac elə İnsan deməkdir əslində. İnsanın öz elinin, soyunun, dilinin qoruyucusu olması, görüb-götürdüyü ənənəni yaşatması tələbi var. O deməkdir, ağac dibindən su içib gücləndiyi kimi, insan da göz açdığı ailədə yaxşı-pis şeyləri görür, tərbiyə alır, qüdrətlidirsə, özünü yaradır, atası-anası olur.
“Ağac əyildi – sındı, igid əyildi – öldü”: Burada ağacın əyilməsi ilə igidin əyilməsi arasında paralellik axtarılır. Ağacın əyilməsi, sınması – hardasa doğal qarşılanır, insanın əyilməsi, əhdinə dönük çıxması isə ölüm kimi dəyərləndirilir. Güzəştsizliyin sərtliyi var – ağla yetən, ömürdə bitən…
“Damcı inadıyla daş dələr”: Damcı uzun müddət daşın üstünə düşdükdə oyuq yaradır. İnsanın məqsədi uğrunda usanmadan mübarizə aparmasına, sonda istəyinə yetəcəyinə inam bildirilir.
***
Bu gün dünyanın hər yerində sağalmaz xəstəliklərin artması İnsanın Doğadan ayrılmasının faciəvi sonucudur. Türkəçarələr əcdadın Doğadan gələn qədim sağlıq qaydasıdır. Şəxsən türkəçarələrdən yararlanıram, İnsan-Doğa birliyini canlı yaşayıram: bu, duyğularımın ardıcıl köklənməsinə nədən olur…
Bu gün də poeziyamızda İnsan-Doğa ilişgiləri öyülür. Qarşıda bu konuya ayrıca araşdırma yazı həsr etmək olar. Aşıq sənətində Ələsgərdə (“Ölsün Ələsgər tək qulların, dağlar!”), ötən yüzildə S.Vurğunda (“Üzü bəri baxan dağlar, Mənim sizdə nəyim qaldı?”) və b. uyğun örnəklər var.
Xatirə. Hələ məktəbə getmirdim. Yaz gəlmişdi. Dədəm göydələn qoşa nararmudu ağaclarının altında yer belləyirdi. Qəfil soruşdum: - Bu ağacların neçə yaşı var? Dədəm dedi: - Ağacın yaşını bilmək istəyirsənsə, get qulağını daya, özü sənə deyəcək. Gerçəkdən dədəmin bu sözünü həqiqi saydım. İnandım ki, ağac danışır. Qulağımı tutdum gövdəsinə. Mənə elə gəldi ki, ağac nəsə dedi, ancaq başa düşmədim…
4-5 yaşım olardı, yazın gəlişiylə həyətimizdə cücərən rəngbərəng otların sehrinə düşmüşdüm. O rəngləri indi də nəinki xatırlayıram, hətta görürəm! Budur, şabranı armudla lətənc armudun qoşa calağının evə baxan səmtindəyəm. Buradakı dünya mənimdir, heç yanda bu gözəllik yoxdur, ola bilməz! Olsa da bu gözəlliyə çatmaz, bu, bir başqa dünyadır. Bu sehrli dünyanı həm də ağlımda, ruhumda yaradıram ardıcıl olaraq, ona görə də illərdir yaz gəlir, o əlvan otlar torpağın bağrından sıyrılıb çıxdıqca yamyaşıl olur, sonra xırdaca güllər açır, o güllərdən dəstə bağlayıram, doyunca baxıram, baxıram… Bu gözəllik məni bəxtiyar eləyir, düşüncəyə dalmağı öyrədir. Kimsəyə nəsə deyə bilmirəm. Sanki duyuram, desəm, gülərlər. Bəlkə də məni anlayan tapılardı, bilmirəm...
İllər ötmür, ötə bilmir, ona görə ki, yaddaşımda zamanı tutub saxlamışam: kəndimizi gəzirəm, tez-tez eşitdiym Azərbaycan kəlməsini elə Kalvaya aid eləyirəm. Ona görə ki, Azərbaycanı bu gözəlliyin ruhu olaraq anlayıram. Hələ uşaqlıq çağındayam, o yaşdır ki, başqa yerlərə getməmişəm, heç Kalvadan başqa kəndlərin olduğu haqqında təsəvvürüm belə yoxdur…
***
Kəndim ömrümün əzəli, yəni başlanğıcıdır: Doğada doğulmaq, uzun illər Doğanın qoynunda yaşamaq, onunla iç-içə olmaq xoşbəxtlyini verdi mənə. Uşaqlığımın keçdiyi, içimdə ağac kimi bitdiyi kəndim! Duyğularımın boy atdığı, böyüdüyü kəndim! O illərin hamısı təzəydi, bənzərsiziydi. Ona görə ki, ilk dəfə yaşayırdım. Hər gördüyüm mənim üçün yeniydi, maraqlıydı. Dünyaya heyran-heyran baxırdım, sevinirdim, kövrəlirdim, inanırdım, şübhələnirdim. Dərdimi deməyə kimsə tapmayanda özümə qapılırdım. Özümlə dost olmağı o zaman öyrəndim.
İndiyə kimi Doğaya saysız şeirlər yazılıb, mahnılar qoşulub, ancaq yenə də yadlıq baş alıb gedir. İndi yaşımın bəlli vaxtında o gözəllikləri nisgilli xatırlamağım insanın kökündən az qala qopub Doğaya özgələşməsinin qarşısını ala bilmir. Ümidsizləşməyə isə haqqım yoxdur: kədərim Doğaya doğmalığımı artırır. Elə bil Q.Rüstəmovun “Sona bülbüllər”inə qulaq asıram.
Nədən İnsan Doğaya qənim kəsildi? Ona görə ki, özümlüyündən ayrıldı.
Son illər kəndə gedəndə meşələrin, yolların qırağında, dərələrin yaxasında zibilin hər cür çeşidini görürəm, nəfəsim tıncıxır. Plastik qablar ağacların gövdəsinə sarmaşıq kimi sarılıb, köklərinə ilişib bağrını yarır. Kim eləyir bunu? Sənayeləşən, Doğasızlaşan İnsan. Kənd şəhərə oxşayacaqsa, şəhərləşəcəksə, artıq insan yaşamının kənd janrı yoxa çıxmaqdadır demək. Kəndə gedənin içində Ağaclarla, Yollarla, Dağlarla, Bulaqlarla, Çaylarla, Göylə, Günəşin doğmasıyla, batmasıyla (qürubuyla), Səhərin heyranlığıyla, Gecənin sehriylə, sükutuyla danışmaq gərəyi (ehtiyacı) yoxdursa, deməli, içlərdə o həsrət ölüb. Doğa – öyrətmənimdir! Bunu özümə deyirəm, deyirəm, ağlıma yazıram. Sonra da hamıya deyirəm. Deyirəm ki, ilahiliyi (insaniliyi) unutmayaq. İlahilik – Doğada olduğu kimi həm də İnsandadır. İnsan Doğadan ayrılanda özündən ayrılır. İnsanın qəribliyi nə zaman başlayır? Özüylə - Ruhuyla bir olmayanda.
Özümləyəm, Ruhumlayam, bu səbəbdən də bədbəxtliyim yoxdur. İçimdə kəndimin Doğasını yaşadıram. Bu gün o Doğa yoxdur əslində. Hər kəndə gedəndə uşaqlığımdakı o Doğanı axtarıram. Getdiyim yerlər gözümdə adiləşir də. Ancaq yaddaşımda, ruhumda həminkidir, adiləşməyə qoymuram. Hətta istəsəm də axıracan adiləşməz. Ona görə ki, ruhumla qoruyuram. Aqibətlə zarafat etmək olmur. İnsanlararası ilişgilər virtuallaşdıqca Doğaya yanaşmada da yadlıq artır. Doğanın qoynunda insanları indi daha çox yeyib-içmək düşündürür, nəinki Doğanın mənasına dalmaq, onunla bir olmaq, ruhlanmaq. İnsanlıq imkanını az-çox aşkarlamayanın, Doğada İnsan görməyənin ruhlanması baş tutmur. Çünki Doğayla birlik doğmalıqdan yaranır.
*** *** *** *** ***
İNAM ATA (ASIF ATA)
TƏBIƏTƏ ETIRAF
– Sən məni başqa canlılar kimi yaratmışdın. Ancaq mən sənin istəyinə sığmadım, görünməmiş, bilinməmiş, nəzərdə tutulmamış bir varlıq kimi həyata gəldim. Öz gəlişimlə səni təəccübləndirdim. Anam təbiətin ahəngini pozdum. Sağ qalmaq, yaşamaq, yaşatmaq üçün mən bütün canlıların, təbiətin üzərində hakim olmalıydım, yeri-göyü, heyvanatı, bitki dünyasını özümə tabe etməliydim, ya da məhv olmalıydım!
Başqa canlıların heç birinin aqibətində belə kəskin təzad olmamışdı. Şir maralı parçalayırdı. Ancaq bütün heyvanları qırıb-tökmürdü. Qurd quzuyla yemlənirdi. Ancaq canlıların hamısını özünə tabe etməyə cəhd göstərmirdi. Böyük balıqlar kiçik balıqları udurdular. Ancaq bütün su heyvanlarını öldürmürdülər. Dünyada insandan başqa heç bir canlı bütöv təbiətə hakim olmağa səy etmirdi. İnsan səy edirdi, çünki başqa cür sağ qala bilməzdi. O, şirləri, pələngləri, canavarları məhv etməliydi, çaylara, meşələrə, torpağa sahib olmalıydı!
Elə bil sən – Təbiət mən – İnsanı özünün üzərində hakim olmaq üçün dünyaya gətirdin. Təbiətin elə bir guşəsi olmadı ki, mən ora müdaxilə etməyim, elə bir canlısı olmadı ki, onu özümə ram etməyim. Yer üzərində nə var idisə, mənim hökmümə tabe oldu. Dünyanın ağası oldum.
Təbiətin çaylarında, dənizlərində çimdim, meşələrindən, çəmənlərindən bəhrələndim, təbiəti öz xidmətçimə çevirdim. Bunun üçün sən mənə imkan yaratmışdın – ağıl bəxş etmişdin.
Ağıl vasitəsiylə əmək alətləri hazırladım, özümü qorudum, təbiəti zəbt etdim. Ancaq hakim ölçüsünə sığmadım.
Təbiət üzərində ağalığın ən müdhiş məqamında belə, təbiətə vuruldum, təbiəti döydüm, həm də vəsf etdim, ilahiləşdirdim. Canavarı öldürdüm, həm də özümə rəmzi rəhbər seçdim! Şiri tələyə saldım, ancaq övladlarımın adını Şir qoydum. Atı özümə ram etdim, həm də dost etdim. Dağa, çaya, çölə-çəmənə, günəşə mahnılar qoşdum. Təbiətlə itirilmiş vəhdət həsrətini qəmimdə, nisgilimdə tapdım. Sevdiyim qadını Gül deyə çağırdım.
Təəssüf ki, təbiət məni başqa canlılar kimi vəhşi yaradıb. Üstəlik vəhşilikdən qurtarmaq üçün imkan heç cür yox idi. Mən ətrafdakıları vəhşicəsinə qırmalıydım. Təbii vəziyyətim bunu məndən tələb edirdi. Mən tüfəng icad etməliydim, çünki qollarım çox güclü deyildi, fiziki qüdrətim məhdud idi; mənə pələng pəncəsi, canavar dişi verilməmişdi. Mən vəhşiləri məhv etməsəm, onlar məni məhv edəcəkdilər! Mən çox qan axıtdım, təbiətə çox yaralar vurdum, təbiətdən çox aralandım. Ancaq bu yadlıq ürəyimdə kədərlə səsləndi. İlk qəmli nəğmələrim təbiət həsrətinin ifadəsiydi! Mən öz hakimiyyətimlə nəinki qürrələnmədim, əksinə, fatehliyim mənə qüssə gətirdi və mən təzədən təbiətin əsil ülvi mənasına qayıtdım. Bunu məndən ruh tələb etdi. Ən vəhşi məqamda belə İnsanı tərk etməyən ali qüdrət!
İndi mən təbiətdə özümün əsil mahiyyətimə qovuşdum! Anladım ki, təbiət ona hakim olmaq üçün yaranmayıb, onun qeyri-adi mənası var və bu məna insaniliyə çox doğmadır. Dərk etdim ki, döyülən, əzilən, tapdanan, insanın sərəncamına verilən təbiət öz əzəli gözəlliyindən, şeiriyyətindən uzaqlaşır. Duydum ki, bu ucu-bucağı görünməyən dağların başına dolanan yollar, yamaclar, dəniz əzəməti, gecə qüssəsi, qürub sükutu, ulduz ülviyyəti – insanın ali mənasını ifadə edir! Sən bu geniş səmanın, gülün, çiçəyin, baharın, səhərin, ceyranlı, pələngli dünyanın bir hissəsisən! Bu ruhani hikmətə yüksəldim və mənimlə Təbiət arasında yadlıq aradan götürüldü. Ancaq ruhani həyat ilə adi həyat arasındakı təzad aradan götürülmədi. Adi həyatda mən yenə də təbiəti döydüm, ruhani həyatda isə ona mahnılar qoşdum. Beləliklə də mən ikiləşdim… Adi adam kimi təbiət üzərində hökmümü artırdım, ruhani İNSAN kimi təbiətlə özüm arasında həmahənglik gördüm, təbiəti insaniləşdirdim, insanı təbiətləşdirdim. Öz əsil üstünlüyümü də təbiətlə ruhani qovuşma məqamında hiss etdim.
Ağalıq məqamında üstünlük bilinmir, çünki insanilik yox olur. Təbiətlə qovuşanda mənim təbiətlə yarışım başlayırdı. Sənə qarşı münasibətimdə mürəkkəblik meydana gəlirdi. Sənə xas olan müdriklik, ahəngdarlıq, rəvanlıq məni valeh edirdi. Ancaq sənin bütün canlılarına xas olan çılpaq, yırtıcı zorakılığı ruhum qəbul etmirdi. Ona görə də ruh səni təqlid etmir, səni tamamlayır, sənin üzərində yüksəlirdi.
Səslərindən musiqi, rənglərindən rəsm əsərləri, daşlarından heykəllər yaratdım. Özümü də diqqətlə öyrəndim. Gördüm ki, təbiiliyimdə iki cəhət var: vəhşilik və ülvilik. Vəhşiliyimlə – yırtıcılığımla, şəhvaniliyimlə, hərisliyimlə, qəddarlığımla, xudpəsəndliyimlə döyüşdüm. Həm təbiiliyimə yaxınlaşdım, həm də ondan uzaqlaşdım! Sənin gözəlliyinlə öz gözəlliyim arasında uyğunluğu da gördüm, fərqi də. Mənim üzümdə təbii gözəllik var. Ancaq o, ruhani gözəlliyin ifadəsi kimi daha gözəldir! Mənim üzümdə sənin bəxş etdiyindən daha çox ruhun bəxş etdiyi var! Ruhu mənə sən verdin.Ancaq o, səndən ayrılandan sonra daim artdı, böyüdü və məni böyütdü. Və mən dünyanı öz yaratdığım gözəlliklərlə bəzədim. Sənin gözəlliyini də kəşf edən mən oldum. Sənin ən amansız düşmənin də mən oldum, ən alovlu pərəstişkarın da! Nə tam düşmənin ola bildim, nə də tam dostun! Bir əlimlə düşmənlik elədim, bir əlimlə dostluq! Bəlkə də həyatda mənim ən böyük faciəm elə budur! Yaşamaq üçün, məhv olmamaq üçün mən şəhərlər salmalıyam, evlər tikməliyəm, taxıl becərməliyəm, buna görə də sənə zülm etməliyəm. Ancaq səni həm də özüm qədər sevirəm, səninlə yarışıram, səni ötürəm, səni əvəz edəcək maşın icad etmək iddiasındayam. Ancaq ruh mənə deyir ki, sən təbiətin hissəsisən! Bunu bilirəm. Fəqət səndə qala bilmirəm. Sənə sığmıram. Böyüklüyünlə, aliliyinlə, şeiriyyətinlə, kamilliyinlə, möhtəşəmliyinlə, müdrikliyinlə – mənim üçün azsan! Səndə dayana bilmirəm! Bağışla məni, ANAM!
İşıqlı Atalı