Safhruh- Mütləqə İnam Ocağının Ruhsal Başçısı
Mütləqim, Müqəddəsim, Peyğəmbərim İnam Ataya Ali Səcdəylə!
Çağın istəyi- Çağdan istəyimiz ( içsəs )
"Xebertinfo.com": Məhərrəm Şəmkirlinin deyimləri üzürə
Yaşadığımız çağın (zəmanənin ) dünyaya baxışı mənimsəmə üstədir ( "ulutardır").
Deyə bilərlər ki, mənimsəmə həmişə olub, tək bizim çağımızda deyil. Onsuz olmaz.Ancaq mənimsəmə, özündən başqa münasibət tanınmayanda çağ mənimsəmə çağı olur- " səninsəmə", "onunsama", "bizimsəmə" dirsəklənir, gözazdı edilir, hətta danılır.
Bir müddət bunu mədəniyyət pərdələyir. Mənimsəməni mədəniyyət yaradır. Mənimsəmə mədəniyyəti ( onun qanacaq pərdəsini ) yırtır.Mədəniyyət qanacaqsız qalır. Çağ ulitarlaşır.
Qanacaq kənddən ( doğadan- təbiətdən ) gəlib şəhərdə ( toplumda- cəmiyyətdə) mədəniyyətsizləşir.
Mədəniyyət- biçimdir ( şəkildir ), qanacaq- toxumdur ( rüşeymdir ), həmişə ikicanlıdır. Onun o biri canı- mədəniyyətdir. Toxum (ruşeyim) mədəniyyətin yükünü daha çəkə bilməyəndə- onu yırtır, atır. Onun oyunlarına, sırtıqlığına, dağıldıcılığına qarşı çıxır. Həyata yeni nəfəs gəlir, yeni mədəniyyət formalaşmağa başlayır. Bunun sayəsində toplum (cəmiyyət, xalqlar) uzun müddət "adam kimi" yaşayış, yaşaya bilir.
Dekadansı, düşkünlüyü, formalizmi, puçluğun- mədəniyyət yaradır.,yeniliyi, yaşıl zoğlamanı. nəfəs genişliyini- qanacaq yaradır.
Mədəniyyət- intellektual savadlılığa bənzəyir (şərti olaraq), qanacaq-... Mütləqə İnam Ocaqcılığına. Ona görə də intellektuallaşan (mədəniyyətləşən) Ocaqda qala bilmir, gediş, mədəniyyətdə də ucala bilmir- çığırqanlaşır,çünki mədəniyyətin öz "ucaları" başından aşır.
Biz İnam Atanın Mütləqə İnam Ocağı olaraq, yazısından yeni qanacaq ( nəfəs genişliyi) duyduğumuz kimsələrə ümidlə baxırıq. Belələri də bizə ümidlə baxırlar.Qalır ümidlərimizin- ummalarımızın idrakiliyi və qarşlıqlı ümidləri doğrultmalarımız...
Yazılarına görə ümidlə baxdığımız və bizim işimizə uğur diləyənlərdən biri Azərbaycan aydını Məhərrəm Şəmkirlidir. O, bizim İnam Evində keçirdiyimiz toplantılarda çox olub və fəal iştirak eləyib, Ocağın "İnama Doğru" dərgisində çox sayda yazıları dərc olunub. "Nurayaz imansoy- Ocaq ruhlu şair" yazısında M. Şəmkirli yazır: "Dünya böyükdür, böyüklüyü qədər də haqsızdır", "..harayımızı. nərəmizi içimizdə boğub içimizi göynədirik".(Dərginin 49-cu sayı, sent.2014,s.7).
M. Şəmkirli giriləsi kol deyil. O, sanki döyüş (mübarizə) üçün əkilib və doğulub. O, canlı yaşamıyla da döyüşür. yazılarıyla da.O, içində də döyüşür-
tanıdıqlarıyla, rəğbət bəslədikləriylə, bəyəndikləriylə də. O, bəyənə- bəyənə də döyüşür...
Döyüşə- döyüşə də bəyənirmi? Bunu demək olmaz.Onun üzü, gözü, bəzən bəyənici, gülümsəyişli danışığı...bəyənmədiyini göstərir.Daha doğrusu, doyumluq bəyənmədiyini. Ömrünün yarıdan çoxunu axtarışda keçirib. Tapıbmı bəyənəcəyi Bütü? Məncə, yox. Və bu tapmama onun yazı yaradıcılığına mənfi təsir eləyib.
Onun 2012-ci ildə çapdan çıxmış bir kitabına ad vermiş "Monopolist Güldəstə arvad" hekayəsi 40 il bir bazarda xırım-xırda satmış bir qadından bəhs edir. Qadın üçün 40 yaşın özü az ömür deyil. Və heç kəs anadan olan gündən bazarda alver eləmir. "Bazar alverçisi"olmaq üçün qadın. qız iyirmi- otuz yalara çatmamalıdır. Üstəlik M.Şəmkirlinin Güldəstəsini bazarın gözləri 40 il döyənək eləyir. Yazıçı onun halına ağlamalıydı. Bu arada günümüzün "donuz qripi"adlı inteqrasiya xəstəliyi yayılır, Güldəstənin həmişə diş-diş satdığı sarımsağa kilo-kilo ehtiyac yaranır. Mənim barmaq hesabıma görə, bu zaman 60-70 ana-nənə- ağbirçək olan Güldəstə "özünü tamamilə ifşa" eləyir.
"Bazardakıların dediyinə görə, Güldəstə arvad sevindiyindən özünü saxlaya bilməyib, elə bazarın ortasındaca uca səslə camaata "kim deyir ki, donuz murdar heyvandır, onu deyənin atabaatasına lənət. O murdar olsaydı, mən illərlə evimdə çürüyüb iy verən sarımsağımı sata bilməzdim. Donuz ölkəmizə xoş gəlib, ayağı bax belə sayalı olsun. Belə heyvana dədəm qurban" deyə bəyanat verib. (s.22).
Büt dəyərdi. Olmaz, Məhərrəm, olmaz taleyin, toplumun tapdayıb puç elədiyi bir ömrü (özü də qadın ömrünü) bu qədər çılpaqlaşdırmaq!.. Doğru da deyil, insafdan da deyil.
Mütləqə İnam Ocağında belə "olar- olmazın" öyrənilməsinə "Amallaşma" deyilir, öyrənilənin bənzər hadisələrə təbliğinə isə "Kamilləşmə".
Ocaq- bizim Bütümüzdür...
İctimai həyatda Büt tapmayan M. Şəmkirli onu özü yaratmağa çalışır- deyim janrındakı yazıları vasitəsilə.
Adətən, deyimlərin bu üzündən baxanda o üzü görünür. Onlarda gizlənmək mümkün deyil. Fikir varmı- yoxmu, azmı- çoxmu, əskimi- yenimi... ilk oxunuşdan görünür. Və əğər fikir varsa, çoxdursa, yenidirsə, sanballıdırsa, ciddirsə..., bu balaca əsərlər dillər əzbəri olur köhnəlmədən, həmişə (hər yerdə) canlı, gərəkli, işlək. Çağımıza gərəkdir belə əsərlər, çağımız isə onun məzmununa, mənasına can atmır. O janırı yaradansa çağın (zəmanənin) özündən ayrılmazdır.
"Zəmanədən istənən"- yazarın mövqeyidir, "zəmanənin istədiyi"- toplumun (camaatın, simasızlığın) mövqeyidir.
"Mən ilk sevgimi itirdim- anam gəlinini". Bu deyimdə sevgi, ailə, ana, gəlin kimi bizi yetirmiş dəyərlər yada salınır- xüsusi kəşfsiz, filosofluq edilmədən, qəlbimizdə artıq zəmanəyə yadlaşmış (zəmanənin yaddaşsızlığı) o dəyərlərlə bağlı niskil baş qaldırır. Yazıçı zəmanənin keçiciliyinə qarşı döyüşür.
Növbəti deyimində isə çağımızın artıq tamamilə yadlaşdığı bir hal isdifadə olunub: "O öləndən sonra məni axtardılar, qəbrinin üstündə halsız tapdılar".
Zəmanənin baxımından, bu artıq ağ bir arxaiklikdir, "bizi biabır eləməkdir". Zəmanənin Peyğəmbər-Filosofu İnam Ata isə "... müasir insanın qəlbində Məcnun alovu yaşamalıdır" deyir. (Onluğun 5-ci Bitiqi- "Kutsal Quruculuq". "Qanun" nəşr.Bakı,2013, s.26).
Bu- Çağdan istənəndir: insan böyük olsun, urvatlı olsun ki, yaşarlı olsun.
Çağın istəyi isə mənimsəmədir, utillikdir: "O gecə yuxuda qoynuna nar oğupluğuna getmişdim..."bilgələrin" ifadəsi üçün deyim çox uyğunsuz janrdır, çünki o, Peyğəmbərlərin, övliyaların yadigarıdır. Gecə "nar oğurluğuna getmək" hara, "Gözümün, könlümün hamıdan doğma olan xanımı" hara?! Bu xanımgillərdə də "nar" var, ancaq oğrular üçün deyil.
M. Şəmkirli sevgini əməlli- başlı mövzu eləyib özü üçün. Onun məndə olan 122 səhifəlik əlyazma yazısının 65 səhifəsi "Sevgi, yaşam" mövzusundadır, "Həyat həqiqətləri" ("Yaşam gerçəkləri") bölümündə də sevgi motivləri çoxdur. Məncə, bu yaxş haldır: yazılanları oxuyanlar arasında qayğılarımıza ortaqlar tapılır və yetişir. Sevginin imsiləşmələrə qurban getməsi, utilləşməsi çox qaranlıq gələcəkdən soraq verir. Deyimçi M. Şəmkirli bunu önləməyə çalışanların cərgəsində dayanır. "Həyat həqiqətləri" bölümündən olan bu deyim bir xanım haqqındadır. ya Sevginin özü haqqında: "Sənin ölüm xəbərin heç vaxt mənə çatmayacaq". Məncə , burada o Xanımla Sevgi- bir qəbildəndir: Xanım Sevgi qədər ulu, Sevgi Xanım qədər gözəldir, canlıdır, konkret varlıqdır.
M. Şəmkirlinin deyimlərində sevginin isitmədiyi, işıqlandırmadığı guşə yoxdur: "Köhnə yurd yerində qalmış sevgimin ziyarətində oldum". "Həyətimiz güllənib, çiçəklənib, evimiz nurlanıb, gözəlləşib sən bizə gələn gündən", "Məhəbbət mütləqdir. Mütləqə inan". Bu sonuncu deyim lap Mütləqə İnam Ocağı üstə oldu! Həm də M. Şəmkirlinin müsbət anlamlı sevgi deyimləri Ocağın irəli sürdüyü Yavaş Yaşam tərzi ruhundadır, ona uyğundur- yəni mənimsəmə çağının qovhaqovunu rədd edir.
Bəlkə bu deyimlərdə bir yenilik yoxdur, kəşf yoxdur? Mənimsəmə çağının "sənət xiridarı" maraq marığında dayanır- sıçan marağında dayanan pişik kimi: heç bir əsərdən "yenilk", "kəşf" gözləyir. Bəs bu "yeniliyin", "kəşfin" gətirdiyi nə olacaq? O bunun fərqində deyil- qoy lap ümumxana əhvalatı olsun.
Yox! Sənət bu "xiridardan" imtina etməli, özünə layiqli xiridar yetirməlidir. Dünyaya insan körpələri gəlir- onlar kəşfdirmi, yenilikdirmi? Yox! Onlar sadəcə həmişə, hər yerdə maraqlı, gərəkli və gözəldir.Sevgi mövzusuda səmi, ciddi əsərlər də eləcə. M. Şəmkirlinin deyimlərində buna bənzərlik görürəm.
Onu da deyim ki, bunlar hələ nəşr olunmayıblar, bilgisayarda yığılmış əlyazma halında əsərlərdi. Ona görə də mən burada qınayacı cizqlar eləmədim.
M. Şəmkirlinin deyimlərimdə yaşam gerçəkləri (həyat həqiqətləri) bəzən dərddən danışsa da, dərd dadmır. dərs dadır- acı deyil. "Köhnə dərdimi təzə dərdim unutdurdu", "Səbrim bar gətirdi, indi dərdiyim onun barıdır".
Yazı üzərində yazarın hökümü varsa, yazının, özəllikcə janrın da yazar üzərində hökümü var.Yuxarıda dediyim kimi, mənə görə, deyim- peyğəmbərlərin janrıdır. Sən ona sadiq qalsan, o sənin yazına nəciblik gətirər. Bu baxımdan, M. Şəmkirlinin bir sıra deyimlərində R. Taqor nəfəsi duyulur. (Taqor peyğəmbər olmasa da, peyğəmbəranədir öz mənsuriyyəsində). "Yağış yaşıl-yaşıl danışırdı ağaclarla", "Ey yol adamı, yolunu bizdən sal!", "Oturub ölümümü gözləsəm, sevgimə ümid verən nəğmələri kim oxuyar?", "Tənha oturub qatı qaranlığın qorxunc pıçıntılarını dinləyirəm". (Məncə R. Taqor "qorxunc" deməzdi, "sehrli" deyərdi!)."Yağan dolu Allahın ətəyindən tökülən noğul kimi gəldi mənə".
Bunları ömürdən çıxan dərslərmi saymalı, bədiyyat yolu ilə nəcibləşdirmə cəhdlərimi? Məncə, M. Şəmkirlinin deyimlərində danışan deyimçinin öz ömrüdür. Öz ömrümüz də dinlənilməlidir, özümüz də ömürləri dinləməliyik- vasitəli bədiyyat bunu bizə öyrədib, indi bir- birimizi birbaşa (vasitəsiz) dinləməliyik. Dinləyicilik- xiridarlıqdır. Fərdin (konkretin, yanındakının) dərdini dinlərsən- dərdi yüngülləşər (dərdi dinləmək-dərdi bölüşməkdir), sevincini dinlərsən, onun xoşbəxtliyi artar, üzü gülər, göyçəkləşər.
M. Şəmkirlinin Yurd sevgisi Ulus sevgisindən güclüdür, öndədir, qabarıqdır. Onun boşalmış, özəllikcə kişiləri qazanc dalınca dişarı ölkələrə dağılışmış kəndlərimiz haqqında kədərli- aclı- ümidsiz yazılarını oxumuşam mətbuatda. Bunlarda torpaq, Yurd eşqi nədənsə Ulus eşqindən güclü görünüb mənə.
"Dəli könlüm kəndimizdədir dünəndən", "Kəndim, şəhid kimi gəldim görüşünə", "Bu gün kənd həsrətim anasını itirmiş körpə quzu tək mər- mər mələdi".
Söz yox ki, bu "iki" sevgi bir-birindən ayrılmazdır, mən də ayırmıram.Ancaq nədənsə mənə elə gəlir ki, Ulus sevgisi insaniliyə daha yaxındır. Ulu Atatürkün "Öncə Vətən!" haykırtısı var. Mən bundan çıxış edib "Öncə Ulus!" harayı çəkmişəm, ona söykək kimi. Görmüşəm ki, Yurda gəlib, Yurdda olub, onun Ulusuna elə oradaca- Ulusdaca!- aşağılayırlar. İndi elə Türkiyənin özündə edildiyi kimi. Ona görə də mən bu "iki" sevgi nəğməçinin Ulus üzərindən oxunmasına üstünlük verirəm.
Məhərrəm Şəmkirli bizim Mütləqə İnam işimizi, onun uğurlarını alqışlayan, çətinliklərini, yerişlərini izləyən, sözlə də olsa yardımçı olmaq istəyən olduqca az sayda aydınlarımızdan biridir. Onun deyim janrına üz tutmasını da mən bunun bir əlaməti saymıram. (Ola bilməz, deyimçiliyə Ocaqla tanışlıqdan öncə başlayıb). Deyimi isə Ata Ocağının janrı, hətta nə gizlədim, öz janrım sayıram. Ona görə də Məhərrəmin bu janırdakı yazılarına ən yüksək tələbkarlıqla yanaşmasını istərdim. Çağımızın qanmaz, yekəbaş şıltağına, ciddiyyətsizliyinə qarşı, çağ üçün (əslində hər zaman üçün) gərəkli ciddiyyətlə yanaşmasını arzulayıram. Mən sözümüzdən yüzünü seçsək- qalar o Yüz, o Yüzü minin içinə qatsaq- itər.
Məhərrəm Şəmkirlinin deyimlərinə yaşarlıq diləyirəm!
Atamız var olsun!
Günəş (1 ay) 37-ci il.
(Mart 2015) Atakənd. İnam evi.