Putinin psixoloji vəziyyəti yasa batmış adamı xatırladır
Rusiyanın problemləri Putinin psixoloji vəziyyətinə çox mənfi təsir göstərib.
"Xeberinfo.com": Onun yaxın ətrafından gələn məlumatlara görə, Putində təlaş və özünə inamsızlıq hissi baş qaldırıb. Lakin məğlub olmamaq üçün Napoleon kimi geri çəkilməyi bacarmayan Rusiya prezidentini tamamilə hesabdan silmək də olmaz.
Vladimir Putin Rusiyaya sabitlik gətirsə də, 2014-cü ildə o bu ölkədə “böyük qarmaqarışıqlıq” yaradıb. Doxsanıncı illərin defoltu, göstərdiyi xidmət siyahısında və fərdi keyfiyyətlərinə görə heç də görkəmli şəxsiyyət sayılmayan KQB əməliyyatçısının hakimiyyətə aparan yolunu açdı. Sonra isə neftin qiymətinin gözlənilmədən yüksəlməsi, ona gələcək idarəetmə işlərində böyük yardım göstərdi. Bu illər ərzində Putin vergi sistemini təkmilləşdirsə də, Rusiyanın modernləşməsi istiqamətində verdiyi digər vədləri yerinə yetirmədi. Onun populyarlıq reytinqi haqqında nə danışılmasına baxmayaraq, Yeltsindən fərqli olaraq, Putin heç zaman şəffaf seçkilərdə qalib gəlməyib və millətin də hədsiz dərin məhəbbətini qazanmayıb. O, Stalinə də çox az bənzəyir. 2014-cü ildə özünü “modernist” kimi təqdim edə bilməyən Putin, indi “hərbi vəziyyətin prezidenti”nə çevrilib. Onun Ukraynaya müdaxiləsinə qarşı Qərbin sanksiyalarla verdiyi cavab, Putinin bütün hesablarını alt-üst etdi. Dünya bazarlarında neftin qiymətinin aşağıya düşməsi Rusiyaya sarsıdıcı zərbə vurdu. Böyük vədlər ili kimi başlayan 2014-cü il Rusiya iqtisadiyyatını və valyutasını dərin böhrana yuvarlatdı. Sovet dövründə olduğu kimi, ölkənin görkəmli insanları məmurların talançılığından və özlərinin birbaşa sıxışdırılmalarından təngə gəliblər.
Ölkəyə təsir etmək üçün Putinin sınaqdan çıxmış yalnız bir metodu var. O, mövcud vəziyyətdə müxalifətə qarşı sərt mübarizə tədbirlərinə əl atmaqdan savayı heç nə düşünə bilmir. Rusiyanın istənilən daxili problemlərinin günahı ABŞ Dövlət Departamentinin və ya NATO-nun üzərinə yıxılır. Onunla şəxsən söhbət edənlərin söylədiklərinə görə, hazırkı mövcud problemlər üzündən Rusiya prezidentinin psixoloji vəziyyəti yasa batmış adamı xatırladır. Onu təlaş və inamsızlıq hissi bürüyüb. Çünkü Putin həm öz əhalisinə və həm də ki, qonşu ölkələrə ciddi ziyan vurub. Elə bu səbəblərdən də Putini 2015-ci ildə və ya bir qədər sonra çox pis sonluq gözləyir.
Putini müəyyən mənada Napoleona bənzətmək olar. Lev Tolstoyun “Hərb və Sülh” romanının personajlarından biri olan knyaz Dolqorukinin Napoleon haqqında söylədiyi “geriyə çəkilmək onun müharibə aparmaq metoduna ziddir” sözlərini Putinə də şamil etmək mümkündür. Sovet dövrünün məhrumiyyətləri mühitində böyüyüb tərbiyə görmüş Putin, öz zəifliyini göstərə bilməz və elə ona görə də o, Avropa liderləri və Ag Evlə heç bir kompromis axtarmayıb.
(The Wall Street Journal)