Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Məxməri Dünya müharibəsi gedir

 

ABŞ - Rusiya münaqişəsi səngimək bilmir. Hətta yeni ildə yeni qarşıdurmaların və yeni sanksiyaların olacağı da istisna edilmir.

 

"Xeberinfo.com": Nəhənglərin toqquşması isə dünya düzəninə yaxşı heç nə vəd etmir. Bu, Yer qabığında iki nəhəng plitənin toqquşmasına bənzəyir - ən azı, zəlzələlər olacaq, sunami yaradacaq, hər yerə yayılacaq. Böyüklər silkələnsə də, yerində qalacaq, zəiflər və kiçiklər isə ayaq altında qalıb məhv olacaq.

 

Səbəblər düşünürəm ki, hamıya aydındır. Yeni əsrdə güclənməkdə olan Rusiya SSRİ-nin varisi olduğunu sübut etməyə, keçmiş SSRİ-nin ərazilərinə və təsir dairələrinə iddia etməyə başlayır. Dünyada isə artıq alınan alınıb, satılan satılıb, Qərb dünyanı yenidən bölüşmək istəmir. Ən yaxşı halda Rusiyanı “Səkkizlərin”, “İyirmilərin” tədbirlərinə dəvət edirlər, səsini eşidirlər, amma istədiyini vermirlər. Rusiya geri çəkilmir, “qaz müşaribəsi”nə start verir, “enerji silahı”ndan məharətlə istifadə edir, bütün Avropanı qazla şantaj edir. Yəni gah qazın qiymətini qaldırır, gah miqdarını aşağı salır, gah da alternativ yollarını bağlayır. Qərb isə gözləyir - Rusiya dünyanın ən böyük qaz istehsalçısı olmaqla bərabər, ən böyük bazarlarından biridir. İkisini birdən itirmək isə Qərbə sərf etmir, onlar tarixən yaxşı siyasətçi olmaqla bərabər, həm də yaxşı iqtisadçıdırlar. Onlar səbrlə gözləyirlər, hətta Rusiyanın Çeçenistanı, Gürcüstanı viran etdiyini “görmürlər”.

 

Rusiyanın böyük dövlətçi olsa da, böyük siyasətçi olmayan lideri isə daha da həvəslənir, Ukraynaya hücuma keçir, hətta Krımı işğal edir. Yeri gəlmişkən, Krım haqqında söhbətlər 10 ildir ki, gedir, Putin on ildir ki, qədim rus şəhəri (bu, həqiqətən belədir!) Simferopola iddialarını gizlətmir. Krım isə Gürcüstan deyil, artıq Avropadır, Avropanın maraq dairəsindədir. ABŞ başda olmaqla, bütün Qərb dünyası hərəkətə gəlir və Rusiyaya qarşı “iqtisadi sanksiyalar” adı altında maliyyə müharibəsi elan edilir. Əgər bir az cəsarətli olsaq və hər şeyi öz adı ilə çağırsaq, əslində bu, III Dünya müharibəsidir, sadəcə olaraq, hələlik silahsız və qansız, məxməri şəkildə gedir. Silahlı və qanlı III Dünya müharibəsi isə, çox güman ki, olmayacaq, çünki içi ABŞ, Avropa, Rusiya qarışıq, bütün dünya bundan - özü yaratdığı silahlardan qorxur.

 

2008-ci ildə Rusiyanın Gürgüstana təcavüz etməsi ilə nəzəri, 2013-cü ildə Krımı işğal etməsi ilə praktiki olaraq başlayan ABŞ - Rusiya qarşıdurması artıq pik nöqtəsindədir, bütün körpülər yandırılıb, geriyə yol yoxdur. Putin Krımın məxməri işğalından sonra yarımada ilə Ukrayna arasında bufer zonasının da yaradılması qayğısına qalıb. Ortada Dağlıq Qarabağ təcrübəsi var, əvvəl obyekt işğal edilir, sonra ətrafında 5-6 rayondan ibarət bufer zonası yaradılır. Ukrayna indi bufer zonasının azad olunması uğrunda müharibə aparır və bu müharibə illər, on illər çəkə bilər. Bu müddətdə Krım yaddan çıxır, Ukraynaın isə iqtisadiyyatı dağılır, faktiki olaraq, məhv olur. Sonda Ukrayna Krımın itirilməsi ilə kifayətlənməli, bufer zonasını hədiyyə kimi qəbul etməlidir. Hər halda, strateji məqsəd belədir, Dağlıq Qarabağda da belə idi, müharibə yalnız vasitədir. Əslində bu, bir tələdir, Rusiyanın strateji məqsədinə çatmaq üçün yaratdığı və ortaya atdığı  tələ. Yeri gələndə, müharibə istədiyi kimi getməyəndə, dərhal müdaxilə edir, vəziyyəti öz xeyrinə dəyişir. Yaxşı ki, Qarabağ hadisələri dövründə Azərbaycanın Heydər Əliyev kimi müdrik lideri vardı, Azərbaycana qandan və ziyandan başqa heç nə gətirməyən müharibənin əsil mahiyyətini gördü və onun aradan qaldırılması, dayandırılması üçün bütün tədbirləri gördü.

 

Ukraynanın isə, məlum olduğu kimi, Heydər Əliyevi yoxdur və hər şey Rusiyanın senarisi üzrə gedir. Şokoladçı və idmançı siyasətçilərin əlində qalan Ukrayna sülhə yox, müharibəyə daha çox meyl edir. Bu isə çox təhlükəlidir, əvvəla müharibənin dirijor çubuğu Rusiyanın əlindədir, sonra, iqtisadiyyatı dağıtmaq üçün müharibə ən yaxşı vasitədir. İqtisadiyyat dağıldıqca Ukraynada kasıbların, həm də narazıların sayı artır, deməli həm də yeni “Maydan” təhlükəsi yaranır. Bunu Ukraynada görməsələr də, Qərbdə görürlər, odur ki, Rusiyanı əzmək, Ukraynaya isə dəstək vemək siyasəti yeridirlər. Amma alınacaqmı, Qərb axıra kimi Ukraynanın dalında duracaqmı, siyasətdən iqtisadi dəstəyə keçəcəkmi? Ukrayna axıra kimi davam gətirəcəkmi? Bəlkə bu da bir tələdir, Qərb Rusiyanı əzmək üçün Ukraynanı qurban verir?! Axı, Ukrayna müharibə getdikcə, yalnız iqtisadiyyatını itirməyəcək, hakimiyyət getdikcə zəifləyəcək. Müharibənin öz qanunları və öz qəhrəmanları var və onlar öz qanunlarını tətbiq edəcəklər, nəyin bahasına olursa olsun, həyata keçirəcəklər. Bəlkə dövlət çevrilişi yolu seçəcəklər, hakimiyyətə gəlmək istəyəcəklər? Bu hallarda Ukraynada Azərbaycan yox, Gürcüstan variantı reallaşacaq və ölkə faktiki olaraq, federallaşacaq. Ölkədə mərkəzi hakimiyyətin təsir dairəsi get-gedə daralacaq və Şevarnadze Gürcüstanında olduğu kimi, ancaq paytaxtla məhdudlanacaq. Sonra Ukraynada yeni Saakaşvili peyda olacaq, yeni Qızılgül inqilabı başlayacaq, ölkə yavaş-yavaş dağılacaq…

 

Hələlik isə Qərb Ukraynaya real dəstək yox, yalnız söz verir, Rusiyaya qarşı isə real sanksiyalar tətbiq edir. Nəticədə, Rusiya iqtisadiyyatı Ukraynadan güclü olsa da (ən azı, neft iynəsinə oturub, narıncı inqilablar görməyib), Urayna ilə paralel çökür. Qərb bu məsələdə əməlli-başlı tər tökür, taktiki ziyanlarını strateji xeyrinə qurban verir.

 

Planetar miqyasda tragikomik bir vəziyyət yaranıb, neftin birrelinin bir dollar ucuzlaşmasından təşvişə düşüb hasilatı azaldan OPEK bu gün qiymətlərin 50 faiz azalmasından narahatlıq “keçirmir”. OPEK-in arxasından Sem dayının bığsız saqqallı xoruzun quyruğu kimi aydın görünür. Neftin barreli artıq Rusiya üçün 60 dollarlıq kritik həddə, Sem dayı isə stateji məqsədlərinə dirənib, heç biri geri çəkiləmək niyyətində deyil. ABŞ Prezidenti artıq Rusiyaya qarşı yeni, daha ağır sanksiyaların tətbiqinə qərar verib. Rusiyanın baş naziri isə ölkə iqtisadiyyatını daha ağır tənəzzül qarşısında olduğunu etiraf edib. Proqnozlar daha bədbindir, neftin qiymətləri dünya iqtisadiyyatı üçün kritik həddə - 20 dollara düşə bilər.

 

Amma bütün dəyənəklərin, məlum olduğu kimi, iki başı olur. Axı, Rusya Ukraynadan fərqli olaraq, beynəlxalq oyunçudur. Yuxarıda deyildiyi kimi, Rusiyanın nəhəng, dünya əhəmiyyətli enerji ehtiyatları var, nəhəng, dünya əhəmiyyətli bazardır. Deməli, Rusiya iqtisadiyyatının çökməsi dünya iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Bu yaxınlarda baş verən, “avtoşoklar”ı hələ davam edən ümumdünya maliyyə böhranından sarsılan, hələ ayağa durmağa macal tapmayan dünya iqtisadiyyatı bu zərbəyə davam gətirəcəkmi?! Axı, Şimal dənizinin, Norveçin enerji resursları Avropanın həndəsi silsilə ilə artan iqtisadiyyatını, sosial sferasını təmin etmək iqtidarında deyil. ABŞ-ın Avropaya aid məlum enerji planları (Amerika qazının sıxılmış şəkildə gəmilərlə Avropaya çatdırılması) isə ən yaxşı halda 5-10 ilə həyata keçirilə bilər. Deməli, ümid yenə nəhəng enerji resursları olan Rusiya və İrana qalır, bunların da hər ikisinə sanksiyalar tətbiq edilir. Hələ üstəlik, ikincinin nəql kəmərləri yetərincə deyil, imkanları müasir tələblərə cavab vermir. Deməli, Qərbin ipi nə qədər uzun olsa da, yenə Rusiyadan keçməlidir. Prezident Putin də bunu bilir və səbrlə gözləyir. Amma xalq gözləyə biləcəkmi, gözləmək istəyəcəkmi?! Axı, neftin iki dəfə ucuzlaşması ilə rus rublu da iki dəfə ucuzlaşıb, deməli, xalq da iki dəfə kasıblaşıb. Axı, neftdən və prezidentdən fərqli olaraq, xalq yeməli, içməli və mənzil şəraitinə malik olmalıdır.

 

Xalqdan söz düşmüşkən, bu məsələdə yenə də Qərbin sərt, hətta boz üzü görünür. Məlum olduğu kimi, Qərb həmişə insan haqlarından danışır. Hər addımda insan haqlarının “Bibliya”dan müqəddəs olduğunu vurğulayır. Amma söhbət öz maraqlarından düşəndə, öz məqsədlərinə çatmaq üçün nəinki insan haqlarını, hətta insan həyatını qurban verir. Axı, Rusiya yalnız Prezident Putindən ibarət deyil, yüz millətdən ibarən yüz əlli milyonluq xalqdır. Qərbin, onun arxasında duran ABŞ-ın sanksiyaları da Rusiya dövlətinə, prezidentinə yox, birbaşa Rusiya xalqına yönəlib. İqtisadi sanksiyaların tətbiq olunması, neftin iki dəfə ucuzlaşması nəticəsində xalq iki dəfə kasıblaşıb, varından-yoxundan çıxıb. 2001-ci ilin sentyabrında Nyu Yorkda Əl Qaidə adlı mifik terror təşkilatının mifik başçısı Üsamə bin Ladenin rəhbərliyi ilə həyata keçirildiyi iddia olunan (artıq sübut olunub ki, bu hadisəni təşkilat səviyyəsində törətmək mümkün deyildi) məşhur terror hadisəsində bir neçə min amerikalı həlak olmuşdu. ABŞ hökuməti, faktiki olaraq, dünyanın yarısına müharibə elan etdi, o biri yarsını bu müharibəyə cəlb etdi. İraq, Əfqanıstan kimi müsəlman dövlətləri, faktiki olaraq, dağıldı, yerində orta əsr xarabalıqları qaldı, bu ocaq indi də tüstülənməkdədir. Yüz minlərlə insan həlak oldu, didərgin düşdü, şikəst oldu, bu qətliam indi də müsəlman ölkələrində Ərəb baharı şərti adı altında davam etməkdədir.

 

Rusiyada isə hazırda yüz əlli milyon insan maliyyə terroru ilə üz-üzədir, bəs bunun cavabını kim verəcək, onların hüquqlarını kim müdafiə edəcək? Məşhur misalda olduğu kimi, suda batanların xilas olunması ancaq onların problemidir?! Artıq maliyyə böhranı nəhəng, varlı ölkəni silkələyir, müxtəlif obyektiv və subyektiv səbəblərdən (bu, ayrı bir yazının mövzusudur) neft iynəsinə oturmuş iqtisadiyyat neçə yerdən çat verir. Artıq Rusiya xaricə taxıl istehsalını dayandırmaq məcburiyyətindədir. Deməli, məşhur rus ayısını ac qoymaq istəyirlər - neftini alan yoxdur, taxılını isə özü sata bilmir. Çin, Hindistan, Yaponiya bazarları isə gələcəyin işidir, yeni neft infrastrukturu yaradılmalı, yeni neft kəmərləri çəkilməlidir. Buna isə Rusiyanın vaxtı və imkanı çatmır, ölkə böyük iqtisadi böhranla üz-üzədir. Zəif iqtisadyyatın isə təbii ki, güclü pulu ola bilməz və rubl sürətlə ucuzlaşır. Artıq məşhur avtomobil şirkətləri Rusiyaya maşın ixrac etmirlər və burdakı istehsallarına müvəqqəti xitam verirlər. Rusiyada sürətlə ucuzlaşan mallar sürətlə satılır, vitrinlər boşalır, ərzaq malları sürətlə bahalaşır. Qərbin isə pulu çox, imkanları genişdir, səbrlə gözləyir. Amma yuxarıda deyildiyi kimi, hər dəyənəyin iki başı var. Hətta dovşanı divara dirəyəndə cırmaqlayır, dişləyir. Qərb isə Prezident Putinin mətbuat konfransında qeyd etdiyi kimi, ayının diri-diri dərisini soymaq istəyir. Bəs ayı neyləməlidirr, təbii ki, qarşısına çıxanı dişləməli, didməlidir. Təhlükəni hiss edirsinizmi?! Bəli, dünyadan barıt iyi gəlir…

 

Obrazdı desək, hazırda beynəlxalq maliyyə böhranlarının silkələdiyi, planetar miqyaslı qarşıdurmaların titrədiyi dünya fırtınalı bir dənizə bənzəyir. Azərbaycan da bu fırtınalı dənizdə sualtı qayaların arası ilə üzən kiçik yelkənli gəmi mislindədir. Doğrudur, İlham Əliyev kimi təcrübəli kapitanımız, dünya səviyyəli mahir diplomatımız var. Rusiya, İranla strateji əməkdaşlıq, Türkiyə ilə qardaşlıq münasibətləri qurur, Dağlıq Qarabağ məsələsində, bütün təhdidlərə baxmayaraq, bir addım da geri çəkilmir. Respublikamızda ictimai-siyasi sabitlik, iqtisadiyyatımızda mili valyuta möhkəmlənir. Amma planetar miqyaslı fırtınalar coşduqca, Rusiya divara sıxıldıqca, regionda, Avropada, hətta bütün dünyada vəziyyət gərginləşir. Məşhur atalar misalında olduğu kimi, qonşuda bişər, bizə də bir pay düşər. Bəli, bu paydan hamıya düşəcək, hətta onu bişirən Qərbin özünə də. Olsun ki, Qərbi saxlayan da budur, bu paydan onun özünə, əhalisinə düşmək qorxusudur?!

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam