Gürcüstanda etnik azlıqlarla bağlı –Şok tədqiqat
Gürcüstanın Sosial Tədqiqatlar və Analiz İnstitutu Açıq Cəmiyyət Fondunun dəstəyi etnik azlıqların ölkənin siyasi həyatında iştirakı tədqiqatının nəticələrini yayımlayıb.
Yenixeber.org: Qeyd edir ki, tədqiqatda ölkədə yaşayan etnik azlıqların daha çox öz dini təşkilatlarına güvəndiyi əks olunub. Ondan sonrakı yerlərdə Avropa Birliyi, polis və KİV qərarlaşıb.
Etnik azlıqlar daha az Gürcüstandakı siyasi partiyalara, Türkiyə, Ermənistan, Azərbaycan, Rusiya hökumətlərinə, eləcə də Gürcüstan hökuməti, parlamenti və prezidentinə güvəndiklərini bildiriblər. Bununla belə, entik azlıqların arasında da bu sistemlərə, təşkilatlara qarşı yanaşmada müəyyən fərqlərin mövcud olduğu müəyyən olunub. Məsələn, ölkədəki erməni icması ən az Türkiyə hökumətinə güvəndiyini açıqlasa da, Azərbaycan icması üçün bu sırada Ermənistan, kistlərdə Rusiya, osetinlərdə isə Ermənistan və Azərbaycan dayanır.
Tədqiqatda həmçinin etnik azlıqların parlamentdə ən yaxşı təmsil olunduqları çağırışın 2016-cı ilə aid olduğu bəlli olub. Belə ki, bu çağırışda parlamentdə 11 etnik azlıq nümayəndəsi özünə yer edib və bu da ümumi deputatların 7,3%-ni təşkil edib.
Etnik azlıq nümayəndələrinin 74,5%-i Gürcüstandakı parlament seçkisində iştirak etdiklərini desələr də, onların 91,5%-i seçki kampaniyalarının planlaşdırılmasında heç vaxt iştirak etməyib. Etnik azlıqların fikrincə, Gürcüstanın siyasi məkanında etnik azlıqların maraqlarını ifadə edən siyasi partiya yoxdur. Belə ki, etnik azlıq nümayəndələrinin 70%-nin iddiasına görə, partiyalar heç bir formada etnik azlıqlarla əməkdaşlıq etmək istəmir. Azlıqların nümayəndələrinin cəmi 12,6%-i siyasi partiyalara güvəndiklərini bəyan edib.
Etnik azlıqların daha çox yaşadığı Qardabani, Marneuli, Bolnisi, Dmanisi, Çalka, Ahalsıx, Axalkalaki, Ninoçminda kimi bölgələrdə yerli özünüidarəetmə orqanları ilə bağlı vəziyyət bərbad gündədir. Belə ki, ümumilikdə 8 bölgədəki özünüidarəetmə orqanlarının məclislərində ortalama olaraq hər 779 gürcüyə 1 nümayəndə düşdüyü halda, ermənilər üçün bu ortalama 1116 nəfərdir. Ən bərbad göstərici isə azərbaycanlılarla bağlıdır. Belə ki, azərbaycanlılar üçün bu ortalama göstərici 2945 təşkil edir. Etnik azlıq nümayəndələrinin 83,6%-i heç vaxt yerli özünüidarəetmə orqanlarının illik büdcə müəyyənləşdirilməsi, şəhər şurasının iclasında iştirak və sairə kimi tədbirlərində iştirak etməyib.
Tədqiqat zamanı bəlli olan başqa məqam gürcü diliylə bağlı olub. Belə ki, müəyyən edilib ki, gürcü dilinin bilik səviyyəsi nə qədər yüksəkdirsə, o qədər də şəxslərin siyasi proseslərdə iştirak imkanları artır. Gürcüstandakı etnik azlıqlar arasında gürcü dilinin bilmə səviyyəsinə görə ilk yerdə kistlər (tədqiqatda bunun üçün nəzərdə tutulan 25 baldan 22,11-ni toplayıblar – red.) qərarlaşıblar. Ondan sonrakı yerlərdə osetinlər (21,67 bal) qərarlaşıblar. Azərbaycanlılarda bu göstərici 9,67 təşkil edib.(Axar.az)