İŞİD-in Azərbaycanla bağlı məqsədləri var
Məşədi Dadaş məscidinin imam-camaatı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli suallarımızı cavablandırıb. O, Qafqaz Müsəlmanları İdarəsindəki (QMİ) təyinatı barədə, o cümlədən bu yaxınlarda İrana səfəri zamanı İranın ali dini lideri Ayətullah Xamneyi ilə görüşündən danışıb.
"Xeberinfo.com": İŞİD-in Azərbaycana hər hansı təhlükəsinin olub-olmamasına aydınlıq gətirib, ölkədəki dini situasiyaya münasibətini bildirib.
- Bu yaxınlarda QMİ sədrinin Nəsimi rayon üzrə səlahiyyətli nümayəndəsi təyin olunmusunuz. İşiniz nədən ibarət olacaq?
- Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi İdarə adından bəyanatlar vermək səlahiyyətinə malikdir. Bundan başqa, məscidlərin fəaliyyətinə nəzarət edəcəyik, onlarla bağlı hesabatları hazırlayıb QMİ-yə təqdim edəcəyik.
- Tez-tez QMİ-nin tədbirlərinə dəvət alırsınız. Sözügedən qurumda bundan əvvəl hansısa vəzifəni icra etmisinizmi?
- 2002-ci ildən bəri Məşədi-Dadaş məscidində imam-camaat olmuşam. Sonra rəsmi olaraq QMİ tərəfindən səlahiyyətli nümayəndə təyin olunmuşam. O müddət ərzində qurumla əməkdaşlıq etmişik və İdarənin tədbirlərinə qatılmışıq, şeyxülislamla da şəxsi tanışlığım var. Həm də həcc missiyası tərkibində fəaliyyət göstərmişəm, zəvvar qruplarına rəhbərlik etmişəm.
- Bu yaxınlarda İrana səfəriniz çərçivəsində İranın ali dini lideri Ayətullah Xamneyi ilə görüşmüsünüz. Hansı məsələləri müzakirə etdiniz?
- İranın Qum şəhərində radikallığa qarşı həsr olunan beynəlxalq konfrans idi. Konfransa 80-dən çox ölkədən nümayəndələr qatılmışdı. Tədbir iki alim - Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani tərəfindən təşkil edilmişdi. Azərbaycan nümayəndə heyətinə rəhbərliyi şeyxülislam həyata keçirirdi. Mən də həmin konfransda nümayəndə heyətinin üzvü kimi iştirak etdim. Konfransda şeyxülislamın da radikallığa qarşı çıxışı oldu, mən də çıxış elədim. Orada Azərbaycandakı dinlərarası münasibət haqqında danışıldı, ölkəmizdə məzhəblərarası tolerantlıq barədə söhbət aparıldı. Biz orada qeyd etdik ki, Azərbaycan bu baxımdan bir çox ölkələrə nümunə ola bilər. Konfransın yekunu olaraq İranın ali dini lideri Ayətullah Xamneyi ilə görüş oldu. Görüşdə əsas vurğulanan məsələlərdən biri məzhəblərarası birliyin və vəhdətin güclənməsi məsələsi idi. Dünya miqyasında ənənəvi məzhəblərin - şiə və sünni məzhəblərinin təmsilçilərinin eyni mövqedən çıxış etməsinin vacibliyi vurğulandı. Qeyd edildi ki, radikallığın, təkfirçiliyin hər hansı məzhəbə aidiyyəti yoxdur, onlar İslam dinindən xaric olunmuş cərəyanlardır.
- Hazırda Azərbaycandakı dini situasiyanı, məzhəblər arasındakı münasibətləri necə qiymətləndirirsiniz?
- Şişirtməyə yol vermədən demək olar ki, Azərbaycanda dinlər və məzhəblər arasındakı münasibətlər yüksək səviyyədədir. Bu, Azərbaycanın tarixi nailiyyətidir. Tarixin bütün dövrlərində ölkəmizdə bu qardaşlıq qorunub saxlanılıb, yəni hər hansı məzhəb digər məzhəbə qarşı diskriminasiyaya yol verməyib. Bizdə çoxluqda, yaxud azlıqda olan məzhəb anlayışları olmayıb. Azərbaycanda məzhəblər arasındakı isti münasibətlər bu gün də davam edir. Təbii ki, birliyə xələl gətirmək istəyən bir sıra qruplar Azərbaycanda da mövcuddur. Guya hansısa məzhəbi təmsil edirlər və digər məzhəbə qarşı dözümsüzlük təbliğ edirlər. Amma bunlar xırda qruplaşma halındadırlar. Tam məsuliyyətlə deyirəm ki, Azərbaycan xalqı üçün radikallığın heç bir sosial dayağı yoxdur. Xalqımızın dinə yanaşması insanların radikallığa meyllənməsinə yol vermir. Çünki Azərbaycanda dinə münasibətdə Allaha və onun yaratdıqlarına məhəbbət önəmli yer tutub. Bu, bizim klassik poeziyamızda, irfan ədəbiyyatımızda öz əksini tapıb. Azərbaycanlı heç zaman sərt ehkamçılığa meylli olmayıb. Və ölkəmizdə radikallığın perspektivini görmürəm. Hər halda cəmiyyət bütövlükdə ayıq olmalıdır. Düzdür, hüquq-mühafizə orqanları tərəfindən vaxtaşırı bu cərəyanlara qarşı tədbirlər həyata keçirilir. Bu cərəyanlara qarşı mübarizə yalnız hüquqi müstəvidə yox, həm də maarifləndirmə müstəvisində davam etməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də, QMİ də bu məsələdə yekdil mövqedən çıxış edirlər ki, dini maarifləndirmə səviyyəsinin yüksəldilməsi vasitəsilə bu tip cərəyanların fəaliyyətinin qarşısı alına bilər.
- Mübariz Qurbanlının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) təyinatından sonra bu qurumun QMİ ilə əlaqələrini necə dəyərləndirirsiniz?
- Bəzən belə təsəvvür yaradılır ki, guya bu iki qurum arasında hansısa fikir ayrılığı var. Mübariz müəllimlə görüşlərimiz olub, birgə konfranslar da keçirilib. Bütün prinsipial məsələlər üzrə bu iki qurum arasında vahid mövqe var. QMİ dini qurumdur, DQİDK dini siyasəti həyata keçirən dövlət qurumudur. Təbii ki, bu iki qurum arasında din-dövlət münasibətlərinin tənzimlənməsinə xidmət etmək üçün həmişə əməkdaşlıq olmalıdır, bu əməkdaşlığın da şahidiyik.
- Belə fikirlər var ki, bir qrup şəxslər 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları zamanı din məsələsini xüsusi olaraq qabardacaq. Qaraçuxur məscidində yanğın, Sumqayıt məscidində “Allah yoxdur” tipli yazıları bunun ilk simptomları sayırlar. Bu təhlükə nə dərəcədə gözləniləndir?
- Bu məsələlərlə konkret olaraq hüquq-mühafizə orqanları məşğul olur. Məscidin yandırılmasının kimlərlə əlaqəli olduğunu müəyyən edəcək. O insanların hansısa xarici dövlətin təsirində olub-olmamalarını müəyyən edəcək. Amma mən Azərbaycanda keçiriləcək geniş beynəlxalq tədbir ərəfəsində hansısa xarici dövlətlərin təsiri altında olan qruplar tərəfindən bu tip addımların atılmasını istisna etmirəm. Bununla görüntü yaratmağa çalışa bilərlər ki, guya Azərbaycanda dini zəmində hansısa problemlər var, yaxud ictimai-siyasi sabitliyi pozmaq üçün hansısa addımlar atıla bilər. Hər halda bu məsələlərdə ayıq-sayıq olmalıyıq. İnanmıram ki, xırda qruplar Azərbaycanda hansısa bir məzhəb zəminində ciddi problem yarada bilər. Düşünürəm ki, cinayət tərkibi olan əməllərin qarşısı qanunun bütün gücü ilə alınmalıdır. Bu mövzular həssas mövzulardır, bu tip qruplara qarşı qanunun bütün gücündən istifadə etmək lazımdır. Çünki azərbaycanlının düşüncəsində məscid yandırmaq anlayışı yoxdur. Bu, azərbaycanlının düşüncəsinin məhsulu ola bilməz. Azərbaycanlılar həmişə Allah evinə sayğı ilə yanaşır.
- Bu yaxınlarda Siyavuş Novruzov parlamentdəki çıxışında söylədi ki, sabah İŞİD gələrsə, bizə əsgər lazım olacaq. Sizcə, İŞİD-in Azərbaycana qədər gəlmə təhlükəsi varmı?
- O cərəyanlar qarşılarına bir çox məqsədlər qoyub. Konkret olaraq İŞİD-in də müəyyən məqsədləri var. O məqsədlərə Azərbaycan da daxil ola bilər. Onların nümayəndələri tərəfindən bəyanatlar veriləndə Azərbaycanın da adı çəkilir. Hansı dövlətə ayaq qoyursa, orada qanlı mənzərənin, insanların qətl edilməsinin şahidi oluruq. Olduqca təhlükəli cərəyandır. Cinayətkarlıq onsuz da pisdir, din adı ilə ediləndə artıq bu, faciədir. İnsanların müqəddəs hisslərindən istifadə edib onları cihad adı ilə digər müsəlmanların qanını tökməyə sövq edirlər. Bu, olduqca təhlükəli cərəyandır, heç bir dövlət bu cərəyanlardan sığortalanmayıb. Düzdür, bunlar indiyədək Azərbaycanda nəsə addım atmağa cəhd göstəriblər, amma təhlükə törədə bilməyiblər. Bütün hallarda biz ayıq olmalıyıq. Bu cərəyanların genişlənməsinin qarşısının alınması üçün ənənəvi məzhəblərin təbliğinə ciddi ehtiyac var. Azərbaycanda tarixən İslamın iki böyük - sünni və şiə məzhəbinə aid müsəlmanlar yaşayıb. Bu balansı da qoruyub saxlamalıyıq. Kimlərsə balansı dəyişmək istəyirsə, bunun qarşısı alınmalıdır.
- Ötən il Sizin həyatınıza qarşı ciddi təhlükə vardı. Hazırda o cür təhlükə davam edirmi?
- İndi həyatıma qarşı hər hansı təhlükə hiss etmirəm. Mənə və məscidimizə qarşı təhdid səsləndirən insanlar cinayət məsuliyyətinə cəlb olunublar və onlar haqqında məhkəmə qərarı oldu. Ondan sonra hər hansı təhdidlə üzləşməmişəm.
- Kərbəla ziyarətinin Kəbədən üstün tutulması barədə fikirləriniz dindarlar və digər qruplar arasında birmənalı qarşılamayıb. Bu məsələni bir qədər aydınlaşdırmanızı istərdim...
- Radikal cərəyanlara mənsub olan insanlar vaxtaşırı bizim kontekstdən çıxarılmış fikirlərimizi yayırlar və guya bundan bizə qarşı istifadə edirlər. Yəqin, bu da onun göstəricisidir ki, bizim fəaliyyətimiz onları narahat edir. Vaxtaşırı çıxışlarımız təftiş olunur. Halbuki geniş bir çıxışın tərkib hissəsidir, çıxışı da tam dinləmədən deyilən fikirlərin nə ilə bağlı olduğunu anlamaq çətindir. O, geniş elmi mövzudur. Bu tip mövzuların mətbuatda müzakirəsi müsbət nəticəyə gətirib çıxarmır. Çünki dini-elmi diskussiyalar mövzusudur. Kəbənin alçaldılmasından söhbət gedə bilməz. Dinimizdə müxtəlif dəyərlərin bir-biri ilə müqayisəsinin şahidi oluruq. Buyurulur ki, alimin mürəkkəbi şəhidin qanından üstündür. Kimsə bunu şəhidin alçaldılması kimi qəbul edə bilməz. Sadəcə, elmə verilən dəyər haqqında danışırıq və bu anlamdadır ki, alimlər şəhidləri yetişdirir. Kərbəla-Kəbə müqayisəsinə gəlincə, Həcc ziyarəti İslamın ən böyük və ömürdə bir dəfə müsəlmanlara vacib olan ziyarətlərdən biridir. Həccin savab və üstünlükləri barədə saatlarla danışmaq olar. Özüm şəxsən dəfələrlə Həcc ziyarətində olmuşam və zəvvarlara rəhbərliyi həyata keçirmişəm. Burada söhbət Həccin təhqir olunmasından getmir. Sadəcə olaraq, Həcc simvolik itaətdirsə, Kərbəlada biz fədakarlığın canlı nümunəsini görürük. Məsələn, Həccdə qurban kəsilir. Biz izah edirik ki, qurban kəsmək Allah yolunda fədakarlığa hazır olmağı, insanın sevdiklərini fəda etməsini simvolizə edir. İmam Hüseyn tərəfindən ən yaxın insanlar Allah yolunda qurban verilir. Yəni Həccdə simvolik ibadət çoxluq təşkil edilirsə, Kərbəlada canlı fədakarlıq nümunəsinin şahidi oluruq. Müqayisə bu səpkidə aparılıb. Amma bunu kobud tərzdə, “Kərbəla Kəbədən üstündür” kimi təqdim ediblər. Bu cür təqdimatın arxasında başqa məqsədlər dayanıb.
- Şiələr arasında belə fikirlər var ki, Hacı Şahin Həsənlinin 6-7 il bundan öncəki fikir və hərəkətləri ilə indiki fikirləri arasında fərq var. Bu iddia ilə razısınız?
- Bizim işimizlə tanış olan insanlar fəaliyyətimizin ardıcıllığın şahidi olacaqlar. Mövqeyimizdə hər hansı ciddi dəyişiklik olmayıb. İndikindən hansısa fərqli mövqe sərgiləmişiksə və fakt varsa, ortaya qoya bilərlər. Mövqeyimiz həmişə Azərbaycanda din-dövlət münasibətlərinin müsbət məcrada inkişafı ilə bağlı olub. Biz düşünmüşük ki, dini qurumlarla dövlət arasında hər hansı problem olmamalıdır. Çünki bu problemdən uçurum yarana və kimlərsə bundan yararlanmağa çalışar. Bəzən Azərbaycan dindarının gözündə dövləti düşmən obrazında təqdim etmək istəyən xarici təsirlər olur. Çalışmışıq ki, din-dövlət münasibətləri müsbət şəkildə inkişaf etsin. Bu, həmişə bizim üçün prinsipial məsələ olub. Bu gün də dini dəyərləri təbliğ etməklə məşğuluq və çalışırıq ki, bu təbliği müasir dövrün tələblərinə uyğun həyata keçirək. Bu baxımdan, dövlət qurumları ilə sıx əməkdaşlıq edirik.