Marixuana satışının leqal olduğu ölkələr
Siyahıda əsasən qeyri-müsəlman ölkələrdir
Yenixeber.org: Kanada dünyanın inkişaf etmiş yeddi ölkəsindən biri kimi marixuananın zövq üçün istifadəsini qanuniləşdirən ilk ölkə oldu. Qanun marixuananın hansı şəkildə becərilməsini, paylanmasını və satılmasını tənzimləyir. İstifadəçilərin marixuananı ictimai yerlərdə istifadə edib-etməyəcəyinə yerli orqanlar qərar verəcək. Qanunun sentyabrdan qüvvəyə minəcəyi gözlənilir.
Qeyd edək ki, Kanadada marixuananın istifadəsi 1923-cü ildən bu yana cinayət hesab olunsa da, 2001-ci ildən tibbi istifadəsinə icazə verilmişdi. Xüsusilə gənc kanadalılar dünyada ən çox marixuana istifadə edənlər sırasındadır. Hökumət qanunun qəbulu ilə qanuni marixuana satışına ciddi nəzarət edəcəyini, onun gənclərə çatmasını çətinləşdirəcəyini və bununla qanunsuz dövriyyəni əsas gəlir qaynağından məhrum edəcəyini bildirir.
Eyni təcrübə ABŞ-ın müxtəlif ştatlarında illərdir tətbiq edilir. Ötən il Nevada ştatının rəsmiləri də marixuana qıtlığı ilə mübarizə aparmaq üçün marixuananın şəxsi istifadəsi üçün qadağanı qaldırdı. Bundan sonra ona tələbat daha da artıb. “Reno Gazette” qəzetinin verdiyi məlumata görə, marixuana satan mağazaların çox olmasına baxmayaraq, məhsulun distributorları azdır. Marixuananın istifadəsini leqallaşdıran qanunda onun içki distributorları tərəfindən satılmasına icazə verilmişdi. Lakin ştatın vergi qurumları bildirir ki, topdan içki satanlar lazım olan qaydalara riayət edə bilməyiblər. Vergi qurumu təcili tədbirlərə ehtiyac yarandığını elan edib. Bu vəziyyət rəsmilərə qıtlığı aradan qaldırmaq üçün xüsusi, təcili addımlara icazə verir. Vergi nümayəndəsi Stephanie Klapstein satışların sənayenin təxminlərini üstələdiyini deyir. O, ştatdakı 47 dükanın çoxunda marixuananın tükəndiyini bildirib. Şəxsi istifadə qanuniləşəndən sonra ilk 4 gün ərzində 3 milyon dollarlıq marixuana satılıb. Bundan bir milyon dollar vergiyə cəlb olunub.
Nevadadan əvvəl bir neçə ABŞ ştatında marixuananın qismən leqallaşdırılması barədə qərar çıxarılıb. Hazırda marixuananın tibbi məqsədlə istifadəsinə ABŞ-ın 25 ştatında icazə verilir.
Avropada isə 15-16 yaşlılar arasında siqaret çəkən və spirtli içki içənlərin sayı azalsa da, marixuanadan istifadə edənlərin sayı artmaqdadır. Avropa İttifaqının keçirdiyi sorğuya əsasən marixuanadan istifadə edənlər orta hesabla 16 faiz təşkil edib. Bu, İspaniya ilə ( 27 faiz) müqayisədə daha azdır. Marixuananı ekstazi və ya kokain kimi digər narkotik maddələrlə müqayisədə daha rahat əldə etmək mümkün olub.
Sorğunun nəticəsinə əsasən, marixuanadan istifadəyə görə Avropa ölkələri arasında böyük fərq var – Bolqarıstan, Yunanıstan, Polşa və Rumıniyada digər ölkələrlə müqayisədə artım müşahidə olunub.
1970-ci ildən 2014-cü il yanvarın 1-dək marixuananın kef məqsədli alına biləcəyi tək ölkə Niderland idi. Niderlandda artıq çoxdandır ki, qəhvəxana adlandırılan məkanlarda az miqdarda marixuana almağa icazə verilir. Məsələn, bir kafedə gündə ən çox 500 qram marixuana işlədilə, bir müştəriyə gündə ən çox 3 qram marixuana satıla bilər. Bu kafelərin heç birində 18 yaşına çatmamış kimsəyə xidmət göstərilə bilməz. Bu qaydalara əməl etməyən kafe bağlanır.
İsrailin Nazirlər Kabineti də marixuanadan istifadə edən şəxslərin cinayət məsuliyyətindən azad olunması barədə qərarı dəstəkləyir. İsrail Yaxın Şərqdə marixuanadan istifadəyə görə cinayət məsuliyyətinə cəlb olunma qərarını ləğv edən ilk ölkədir. Bu ölkə marixuananın tibb sahəsində istifadə olunmasının öyrənilməsində dünya lideri sayılır.
Qüdsdə yerləşən Avropa Universitetinin professoru Rafael Mochoulamın sözlərinə görə, bu maddənin (kannabis) üstünlüyü kimyəvi olduğu kimi, farmakoloji nöqteyi-nəzərindən də öyrənilir. İsrailin Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, ölkədə 25 min insanın tibbi marixuana almaq hüququ var. Onların çoxu onkoloji xəstəlikdən əziyyət çəkir. Bu dərmanı yazan həkimlərin fikrincə, kannabis müvəqqəti olaraq ağrını və əsəb gərginliyini aradan qaldırır. Həkim-psixiatrların tövsiyəsi ilə marixuananı çəkənlər də var. Ölkədə gərgin hallar nadir hadisə olmadığı üçün insanlar tez-tez psixoloji yardım almaq üçün həkimə müraciət edirlər.
2008-ci ildən Ekvadorda narkotiklərin şəxsi istifadəsi və saxlanmasına icazə verilib, amma bu qanun satış məsələsinə aid edilir. Ekvador əhalisinin 10 qram marixuana, ağır uyuşduruculara uyğun olaraq 100 milliqram heroin və 80 milliqram ekstazi saxlamasına icazə verilir.
Argentina hökuməti da narkotiklərlə mübarizədə dekriminalizasiya siyasətini seçib.
Narkotik maddələrin leqallaşdırılması və liberallaşdırılması istiqamətində ilk addım atan ölkələrdən biri də Portuqaliyadır. Orada narkotikdən istifadə cinayət hesab olunmur, sadəcə, sağlamlığa ziyanlı vasitə kimi qəbul olunur. Bu ölkədə həbs cəzası reabilitasiya seansları ilə əvəz olunur.
Xorvatiyada narkotik maddələrə qarşı liberal münasibətin əsas səbəbi buradakı 15-34 yaşlı əhalinin 18.5%-nin böyük həcmdə marixuana qəbul etməsidir. 2012-ci ildə bu ölkədə narkotik maddələrin fasiləli istifadəsinə icazə verilib, amma onların satışı qadağandır.
Avstraliyada uyuşdurucu həblərin və maddələrin istifadəsi qanunsuz olsa da, xüsusi mərkəzlər yaranıb ki, onlarda asılılıq problemi olan şəxslər steril şəraitdə özlərinə narkotik iynələri vurdura bilirlər.
Çexiya parlamenti 2012-ci ildə apteklərdə marixuananın reseptlə satışına icazə verir. Qeyd edək ki, Çexiyanın antinarkotik qanunvericiliyi bundan öncə marixuananın yetişdirilməsinə və istifadəsinə icazə versə də (15 qramdan az olmaq şərtilə), narkotik vasitələrin satışını qadağan edirdi. Yeni qanun layihəsini hazırlayanlardan biri Pavel Bemanın sözlərinə görə, yeni qanun marixuananı qadağaya baxmayaraq istifadə edən pasiyentlər üçün nəzərdə tutulub ki, onlar bu narkotik vasitələri apteklərdə əldə edə bilsinlər.
Bu gün ABŞ, Argentina, Avstraliya, Belçika, Braziliya, Kamboca, Kolumbiya, Kosta-rika, Xorvatiya, Çexiya, Ekvator, Estoniya, Fransa, Hindistan, İran, Pakistan, Şimali Koreya, Uruqvay, İspaniya kimi dünyanın müxtəlif ölkələrində çətənənin istehsalı və istehlakı müxtəlif ölçülərdə azad olsa da, təxminən yüz il əvvəl başlayan əks-təbliğat hələ də ciddiliyi ilə davam edir.