Qərb Ərdoğanın qələbəsini “satın alır” –Sensasiya
Türkiyənin mühafizəkar və qismən də milliyyətçi çevrələrində populyar olan, bizdə də çoxlarının inandığı fikir bundan ibarətdir ki, Qərb Türkiyədə hakimiyyət dəyişikliyinin baş verməsini arzulayır və bunun üçün əlindən gələni edir
Yenixeber.org: Bu sözləri politoloq Şahin Cəfərli Qərbin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı devirmək istədiyi ilə bağlı iddialara münasibət bildirərkən deyib. O bildirib ki, Türkiyədə hakim təbliğat iqtisadi çətinliklərin yeganə səbəbkarı kimi “Rəisi devirmək istəyən dış güclər”i göstərir: “Bu təbliğat Ərdoğan tərəfdarlarında rəisə sahiblənmə duyğusunun zəifləməsinə yol verməməyə hesablanıb və nəticə də verir. Qərb doğrudan da Ərdoğanı sevmir. Qərb mediasında, insan haqlarını müdafiə təşkilatlarının hesabatlarında Türkiyə hökumətinin və prezidentinin ünvanına kəskin tənqidlər var. Qərb rəsmi dairələrinin də Ərdoğana hər hansı simpatiyasından danışmaq mümkün deyil”. Politoloq Ərdoğana qarşı olan bu neqativ münasibətin Qərbin real, praktik siyasətində nə dərəcədə əksini tapmasına da fikir bildirib:
“Türkiyə kimi hakimiyyətin seçki yolu ilə dəyişdiyi ölkələrdə xalqın rəyini formalaşdıran ən önəmli amil iqtisadiyyatın durumu və buna bağlı olaraq əhalinin rifah səviyyəsidir. Qərbin Ərdoğan dönəmində Türkiyə iqtisadiyyatında oynadığı və oynamağa davam etdiyi rola nəzər salaq. 2003-cü ilin yanvarından 2018-ci ilin aprelinə qədər Türkiyənin ixracatı 1 trilyon 941 milyard dollar, idxalatı 2 trilyon 700 milyard dollar olub. Xarici ticarət kəsiri 759 milyard dollar, büdcə kəsiri 570 milyard dollar təşkil edib. Eyni müddətdə xaricilərin birbaşa yatırımları (Türkiyədə fabrik açmaq, şirkət qurmaq, şirkət almaq və s.) 169 milyard dollar, ölkəyə gətirdikləri “sıcak para” deyilən nəğd pul kütləsi 185 milyard dollar olub. Xarici borclanma ilə bərabər ötən müddətdə xaricdən Türkiyəyə daxil olan kapitalın miqdarı 611,5 milyard dollar (qaynağı bəlli olmayan sərmayə ilə bərabər ümumilikdə 655 milyard dollar) təşkil edib. Yəni 570 milyardlıq büdcə kəsirinə qarşı 655 milyard dollar maliyyə gəlib. Nəticədə xalq büdcə kəsirinin, xarici ticarətdəki neqativ tablonun fəsadlarını hiss etməyib, AKP və Ərdoğan keçirilən seçkiləri, referendumları rahat qazanıb”.
Politoloq vurğulayıb ki, həmin 655 milyardın 74%-i Avropadan, 9%-i Amerika qitəsindən daxil olub:
“Beləliklə, ölkəyə gələn xarici sərmayədə Qərbin payı 83% təşkil edib. Türkiyənin hazırda toplam xarici borcunun 136,8 milyard dolları dövlət, 316,4 milyard dolları özəl sektorun payına düşür. Özəl sektora, yəni türk iqtisadiyyatına borc şəklində axan maliyyənin 53,4%-i Avropaya, 11,1%-i ABŞ-a aiddir. 2018-ci ilin ilk rübündə xarici güclər Türkiyənin “Dövlət iç borclanma sənədləri”nə (xəzinə bondları, dövlət istiqrazları) 29 milyard 305 milyon dollar yatırıblar. Bu məbləğin 19 milyard 358 milyon dolları Avropadan, 7 milyard 970 milyon dolları ABŞ-dan, cəmi 1 milyard 884 milyon dolları Asiyadan daxil olub. İç borclanma sənədləri büdcə kəsirini qapatmaq üçün dövlətin istifadə etdiyi əsas alətlərdəndir”.
Politoloq qeyd edib ki, Qərb Ərdoğanı yıxmaq istəsə, sadəcə olaraq, bu yatırımları etməz, öz bazarlarını Türkiyə üçün bağlayar: “Nəticədə Türkiyə iqtisadiyyatı çox ağır duruma sürüklənər, hətta mübaliğəsiz deyə bilərik ki, ayaqda qala bilməyib çökər”.
Politoloq qeyd edib ki, seçki ərəfəsində də Qərb tərəfindən Türkiyə hökumətinə, Prezident Ərdoğana basqılar olduğunu düşünmür:
“Türkiyə və ABŞ Suriyanın şimalındakı Menbiç probleminin həlli üçün anlaşdılar. PKK-nın Suriya qolu YPG bu bölgədən çıxarılacaq, ərazidə ABŞ və Türkiyə əsgərləri keşik çəkəcək, sonra bu iki dövlət birlikdə yerli hakimiyyət orqanlarını formalaşdıracaqlar. Yəni Türkiyənin tələblərini ABŞ böyük ölçüdə qəbul etmiş kimi görünür. Vaşinqton bu anlaşma üçün Türkiyədəki seçkilərin nəticələrini gözləyə bilərdi, gözləmədi. Digər təərəfdən, Ərdoğan seçki ərəfəsində Britaniyaya rəsmi səfərə dəvət olundu, baş nazir və kraliça tərəfindən qəbul edildi, investorlarla bir araya gəldi. Türkiyə hökumətinin bildirdiyinə görə, görüş yüksək səviyyədə keçib və Qərb investorları Türkiyəyə sərmayə yatırmağa söz veriblər. Ən maraqlısı isə odur ki, Merkel seçkinin nəticələrini gözləmədən, şifahi olaraq (Çavuşoğlu ilə görüşdə) Ərdoğanı 24 iyundan sonra Almaniyaya rəsmi səfərə dəvət edib. Bu faktlar bizə onu deyir ki, Qərb Ərdoğanın qələbəsinə inanır, 24 iyun sonrasına yatırım qoyur, birja dili ilə desək, Ərdoğanın qələbəsini satın alır. Burada qeyri-adi heç nə yoxdur. Sadəcə olaraq, Qərb öz maraqları əsasında praqmatik siyasət yeridir və onun simpatiyaları, antipatiyaları real siyasətdə rol oynamır, yaxud çox minimal rol oynayır”.
Qeyd edək ki, Türkiyədə 24 iyunda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.